Silk Way aviaşirkətinin əməkdaşları barədə iş məhkəməyə göndərilib
Silk Way Aviaşirkəti MMC-nin “Ground Handling Company” filialının əməkdaşının qanunsuz hərəkətlərə yol verməsi barədə material üzrə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, cəmiyyətin “Ground Handling Company” filialının Transfer və sərnişinlərə xidmət üzrə agenti Elmin Novruzov xidmətin sabiq əməkdaşı Mirzəli Quliyevlə əvvəlcədən əldə etdikləri razılaşmaya əsasən 3 min ABŞ dolları müqabilində sonuncunun tanışları olan 4 nəfər İran vətəndaşının və digər 2 şəxsin vizasız və hazırladıqları saxta minik talonları əsasında “Azal”ın “Bakı-London” təyyarə reysi ilə ölkə ərazisini qanunsuz tərk etmələrinə şərait yaradıb.
Novruzov CM 308.1 (vəzifədən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Quliyev isə həmin məcəllənin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılmaq üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilib.