Muəllif:

Silahlı Qüvvələrdə hərbi psixoloq ştatları olacaq

Silahlı Qüvvələrdə hərbi psixoloq ştatlarının olmasına dair layihə hökumətə təqdim olunub. Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra orduda yeni – psixoloq ştatları olacaq. İlk mərhələdə briqada və taborların psixoloqlarla komplektləşdirilməsi nəzərdə tutulur. Başlanğıc etapda silahlı qüvvələrdən seçilmiş zabitlər xüsusi psixologiya kurslarında ixtisaslarını artırdıqdan sonra bu vəzifələrə təyin olunacaqlar. Eyni zamanda mülki sahədən bu ixtisas üzrə işə qəbul elan olunacaq. Sonrakı mərhələlərdə isə ali hərbi və mülki təhsil müəssisələrində hərbi psixoloq kadrların hazırlanması həyata keçiriləcək.

Silahlı Qüvvələrdə hesab edirlər ki, hərbi psixoloq ştatlarının yaradılması ordudakı neqativ halların, xüsusilə də intiharların sayının azalmasına təsir göstərəcək.

Başqa bir yenilik ondan ibarətdir ki, həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi tibb komissiyaların ləğv olunaraq bu strukturun yeni formada, vahid tabeçilikdə təşkili gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir qrup ictimaiyyət nümayəndələrinin müraciəti və bir qrup deputatın təşəbbüsü əsasında “Hərbi xidmət və hərbi vəzifə haqqında” və “Hərbi xidməti keçmə” haqında qanuna əlavə və dəyişikliklər edilə bilər.

Layihəyə əsasən hərbi tibbi komissiyalar artıq yerli icra hakimiyyətlərinin qərarı ilə müxtəlif qurumların nümayəndələrindən təşkil olunmayacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeçiliyində komissiya kimi yaradılacaq. Komissiyanın müvafiq olaraq rayonlar üzrə bölmələri də fəaliyyət göstərəcək. Eyni zamanda təkliflər arasında Xidmətin nəzdində xüsusi hərbi tibb poliklinikalarının də təşkili edilməsi də var. Poliklinikalarda həqiqi hərbi xidmətə çağırışçıların sağlamlığı, o cümlədən hərbi xidmətə psixoloji hazırlığı da yoxlanılacaq. Yeni nəzərdə tutulan layihəyə əsasən Komissiya üzvləri artıq cari dövr üzrə müxtəlif müəssisələrdən dəvət olunaraq yox, Xidmətin daimi işçiləri kimi fəaliyyət göstərəcəklər.

Qanunvericiliyə gözlənilən əlavə və dəyişikliklərə görə, hərbi çağırışçılar 16 yaşdan etibarən hərbi çağırış yaşına qədər ildə bir dəfə nəzərdə tutulan Komissiyalar tərəfindən sağlamlığın müxtəlif sahələri üzrə yoxlanışdan keçəcək, psixoloji dəstək alacaqlar. Hazırkı qanunvericiliyə görə isə hərbi çağırışçılar hərbi xidmətə qədər iki dəfə — 16 yaşda və hərbi xidmətə çağırışdan bir ay əvvəl tibbi yoxlanışdan keçirlər. Bu layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya şərhi: «Hərbi tibbi komissiyalar effektli işləmir və bu strukturun ləğv olunaraq yeni qaydada yaradılmasına ciddi ehtiyac var. İndiki gerçəklikdə həmin tibbi komissiyaların tərkibi müxtəlif xəstəxanalarda çalışan şəxslər hesabına formalaşdırılır və onların mövcud avadanlıqları çox məhduddur. Hətta onlar yoxlanış zamanı çağırışçıları özlərində yox, müxtəlif xəstəxanalarda yoxlanışdan keçməyə göndərirlər”.

Hazırkı tibbi komissiyalarının sovet qalığı olduğunu deyən deputat da bunun ləğv olunmasının tərəfdarıdır. Z. Oruc da bunun əvəzində yeni formada yaradılacaq komissiyanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində daimi fəaliyyət göstərməsinin və xüsusi hərbi poliklinikaların yaradılmasını vacib sayır. Deputat hərbi çağırışçıların hərbi xidmətə qədər yoxlanışdan keçməsi ilə bağlı dəyişikliyə də toxunub. O, hərbi çağırışa qədər yeniyetmələrin iki dəfə yox, bir neçə dəfə tibbi yoxlanışdan keçməsinin və psixoloji hazırlığının yoxlanmasının zəruri hesab edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 715