Silahla cinayət: birinə ömürlük, digərlərinə müddətli cəza istənildi
Paytaxtda silahlı insident nəticəsində adam öldürməkdə və ölümə sui-qəsddə təqsirli bilinən Əsəd Əliyev, Məhəmməd Əliyev, Seymur Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
…Bu il yanvarın 6-da, axşam saatlarında Balaxanı qəsəbəsində Ə. Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atəş açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaq xəsarətləri yetiriblər.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, E. Əliyev və E. Bayramzadə aldıqları xəsarətdən orada dünyasını dəyişiblər. S. Musayevə isə tibbi yardımın göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Əsəd və Məhəmməd Əliyevlər tutulublar. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. İstintaqın gedişi zamanı cinayətin digər iştirakçısı S. Əliyev də tutularaq məsuliyyətə cəlb edilib.
İstintaqla müəyyən edilib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə Ə. Əliyevlə S. Musayev arasında mübahisə baş verib. Bu zaman S. Musayev və onunla birlikdə olan E. Bayramzadə Ə. Əliyevi yumruqla vurublar. Ertəsi gün Ə.Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur E. Bayramzadə, E. Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər. Lakin mübahisə daha da böyüyüb, bu zaman T. Əliyev üstündə gəzdirdiyi “Makarov” tipli tapançadan atəş açaraq E. Əliyevi baş nahiyəsindən, S. Musayevi isə sağ bud nahiyəsindən yaralayıb, M. Əliyev isə E. Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı Seymur Əliyevin ömürlük, Əsəd Əliyevin 14 il, Məhəmməd Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərə daha yüngül cəzanın verilməsini xahiş ediblər. Seymur Əliyevin vəkili bildirib ki, dövlət ittihamçısı onun müdafiə etdiyi şəxsə daha ağır cəza hesab olunan ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyib. Vəkil Seymur Əliyevin ömürlük yox, müddətli cəza ilə cəzalandırılmasını hakimlərdən xahiş edib.
Daha sonra hakimlər son söz demək üçün təqsirləndirilən şəxslərə söz veriblər. Lakin təqsirləndirilən şəxslər son söz deməyə hazır olmadıqlarını bildiriblər. Onlar son çıxışlarını hazırlamaq üçün hakimdən vaxt istəyiblər. Onların istəyini nəzərə alan hakim məhkəmə iclasını sentyabrın 25-nə kimi təxirə salıb.
Qeyd edək ki, silahlı insidentdə hücuma məruz qalanlardan biri Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur.