Silah, yoxsa sosial rifah?
2014-cü ildə Azərbaycan bir sıra ölkələrdən, xüsusilə də Rusiya, Ukrayna, Türkiyə və İsraildən bir milyard dollardan artıq həcmdə silah və hərbi texnika almaq niyyətindədir. Bu barədə «Ordunun Aynası»na hərbi mənbələrdən məlumat verilib. Qeyd olunur ki, 2007-ci ildən bu yana müdafiə xərclərinin kəskin artan tendensiyası gələn il üçün də davam edəcək.
Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, 2013-cü ildə büdcənin müdafiə xərcləri bölməsində nəzərdə tutulan vəsaitdən 7,1% çoxdur. Xatırladaq ki, 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 528 milyon 582 min manat olub. Ümumilikdə, 2014-cü ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14.7%-ni təşkil edəcək.
Ümumi hərbi xərclərə gəldikdə isə, 2014-cü il üçün bu xərclər təxminən 4 milyard dollara yaxınlaşacaq. Buraya hərbi yönümlü hüquq-mühafizə orqanlarının təminatı, müdafiə sənayesi obyektlərinin inkişafı ilə bağlı planlar daxildir. Ümumilikdə, gözləntilərə görə, 2014-cü ilin müdafiə və ümumilikdə hərbi xərcləri Azərbaycanın müstəqillik dövründə ən yüksək göstəricilərini özündə əks etdirəcək.
Hərbi xərclər niyə artırılır?
Rəsmi məlumatlara görə, hərbi xərclərin artımının əsas məqsədi Azərbaycan torpaqlarının işğal altında olması və ordunun müasirləşdirilmə zərurətidir. Amma müstəqil ekspertlər bu səviyyədə silahlanmanı əsaslandırılmamış hesab edirlər. Onların fikrincə, ortada hər hansı silahlanma və hərbi quruculuq strategiyası olmadığı bir zamanda hərbi xərcləri hazırkı şəkildə xərcləmək israfçılıqdan başqa bir şey deyil.
Eyni zamanda, araşdırmalar göstərir ki, hərbi xərclərin bu şəkildə artımı hərbi qulluqçuların sosial rifahının artırılması ilə adekvat deyil. Müstəqil araşdırmalara görə, bu gün aşağı rütbəli Azərbaycan zabitlərinin, gizirlərinin və müddətdən artıq hərbi xidmət qulluqçularının aldıqları məvacib onların sosial təminatına çatmır. Eyni zamanda, nəzərə alınmalıdır ki, bu gün Silahlı Qüvvələrdə, ümumiyyətlə, təhlükəsizlik və müdafiə sektorunda minlərlə zabit mənzilsizdir. Problemin həlli istiqamətində prezidentin verdiyi qərar da iki il ərzində hərbi qulluqçuların mənzillə təminatında ciddi dəyişikliyə gətirib çıxarmayıb. Çox az sayda zabit dövlət hesabına mənzillə təmin olunub, xidmətdə və ehtiyatda olan mənzilsiz zabitlərin sayı on minlərlədir.
Beləliklə, aydın olur ki, əslində dövlətin hərbi xərcləri sosial yönümlü deyil. Bu xərclər əsasən silah və hərbi texnikanın alınmasına sərf olunacaq. «Simulyativ Proqnozlar» Araşdırma Mərkəzinin araşdırmalarna görə, 2014-cü ildə Azərbaycanın hərbi xərclərinin əhəmiyyətli hissəsi — təxminən 30 faizi xarici ölkələrdən müxtəlif silah və hərbi sursat alınmasına sərf olunacaq. Xatırladaq ki, hazırda Azərbaycan Rusiya ilə 4 milyard dollarlıq hərbi ticarət əməkdaşlığındadır. Gələn il bu əməkdaşlıq çərçivəsində təxminən 1 milyarddan artıq silah və hərbi texnikanın ölkəmizə gətirilməsi gözlənilir. Artıq KİV-də müxtəlif məlumatlar da yayılıb. Misal üçün, APA-nın hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Rusiya gələn ildən Azərbaycanın sifariş verdiyi «Uran-E» zərbə-raket komplekslərinin çatdırılmasına başlayacaq. Azərbaycan tərəfi Rusiyanın «Taktik Raket Silahları» Korporasiyasına 2010-cu ildə 75 milyon ABŞ dolları dəyərində sifariş verib. Cari ilin sonlarından etibarən sifarişin realizə mərhələsi başlanacaq. Bu raket kompleksləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin silahlanmasında yer alacaq.
Beləliklə, ortada olan məlumatlara görə, 2016-cı ilin əvvəllərinə qədər Azərbaycana Rusiyadan planlaşdırılmış məbləğdə — 4 milyard dollar həcmində silah və hərbi texnikanın ölkəmizə gətirilməsi təmin ediləcək. Eyni zamanda, 2014-cü ildə Azərbaycan və Rusiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair konkret layihələrin gerçəkləşməsi gözləniləndir. Məlumatlara görə, Rusiya prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana səfəri zamanı tərəflər arasında müdafiə sənayesi sahəsində gələcək əməkdaşlığa dair razılaşmalar əldə olunub.
2014-cü ildə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı güclənir. Əldə olan məlumatlara görə, tərəflər bir sıra istiqamətlər üzrə birgə silah və hərbi texnika istehsalına başlamaq niyyətindədirlər. Ortada olan məlumatlardan belə görünür ki, gələn il Azərbaycanın Rusiyadan sonra hərbi ticarət əməkdaşlığında daha sıx əlaqələri Türkiyə ilə olacaq.
Növbəti ölkə isə İsraildir. 2014-cü ildə İsraillə hərbi əməkdaşlıq artan templə davam edəcək və tərəflər istər silah alqı-satqısında, istərsə də müdafiə sənayesi obyektərinin fəaliyyətində əməkdaşlığı gücləndirəcəklər.
Hərbi xərclərdə korrupsiya ehtimalı
Müasir dünyada ümumilikdə büdcənin şəffaf planlaşdırılması dövlət quruculuğunda əsas tələb olunan şərtlərdən biri hesab olunur. Bu baxımdan hərbi büdcənin şəffalığı və düzgün planlaşdırılması, eyni zamanda, onun xərclənməsi ilə bağlı parlament və cəmiyyət qarşısında hesabatlılığın təmin olunması NATO standartlarına uyğun Silahlı Qüvvələr quruculuğunu həyata keçirən ölkələrdə əsas hədəflərdən biridir. Xüsusilə də NATO sıralarına yenicə qoşulmuş Şərqi Avropa ölkələrinin qeyd edilən istiqamətdə təcrübəsi diqqət çəkir. Qərb ekspertləri hesab edirlər ki, büdcə üzrə hesabatlılıq olmadan, nəzarət həyata keçirilmədən onun səmərəli istifadəsini həyata keçirmək praktik olaraq mümkün deyil. Nəzarətsiz büdcə əsasən korrupsiya hərəkətlərinin hədəfinə çevrilir.
Azərbaycan təcrübəsinə diqqət yetirsək, narahatlıq yaranır. Baxmayaraq ki, Azərbaycanla NATO arasında 2005-ci ildə imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planında (İPAP) və bu planın sonrakı mərhələlərində müdafiə xərclərinin planlaşdırılması və şəffaflığı ilə bağlı bir sıra islahatların əks olunduğu bildirilir. Azərbaycanın ilbəil artırdığı müdafiə, ümumilidə hərbi xərclərin nə dərəcədə şəffaf və hesabatlı olması ilə bağlı məsələlər daim cəmiyyətdə müzakirə obyektidir. Eksperlərin fikrincə, indiyə qədər hərbi xərclərin necə planlaşdırılması, onda maddələr üzrə əksini tapan xərclərlə bağlı nəinki ictimaiyyətdə, hətta parlamentin əksər deputatlarında belə ciddi informasiya qıtlığı var. Müşahidələr göstərir ki, bu gün Azərbaycan parlamentinin, xüsusilə də təhlükəsizlik və müdafiə komitəsinin hərbi xərclərin formalaşmasına və onun xərclənməsinə təsiri sıfra bərabərdir. Hərbi xərclərin kəskin artırıldığı son 10 il ərzində parlamentin özündə və ya qeyd edilən komitədə ciddi müzakirələrin aparılması, güc strukturları rəhbərlərinin və ya aidiyyəti qurumların təmsilçilərinin hesabat verməsi və ya xərclərlə bağlı lobbiçilik etməsi faktlarına rast gəlinməyib. Müstəqil mərkəzlər tərəfindən həyata keçirilən sorğular millət vəkillərinin hərbi xərclər barədə məlumatlılıq dərəcəsinin çox aşağı səviyyədə olduğunu deməyə əsas verir.
İctimai araşdırmalar da göstərir ki, hərbi xərclərdə korrupsiya ehtimalı yüksək olaraq qalır. Xüsusilə də bu cür neqativ halların beynəlxalq silah alqı-satqısı və daxili tender müsabiqələri ilə bağlılığına dair məlumatlar mediada işıq üzü görür. Ekspertlərin fikrincə, hərbi xərclərin şəffaf olmaması və qeyri-hesabatlılıq ilk növbədə hərbçilərin və onların ailələrinin sosial baxımdan müdafiəsiz olmasına gətirib çıxaracaq. Bu vəziyyət ümumilikdə ordu quruculuğunda ciddi əngəlləri ortaya çıxara bilər. Necə ki, bu əngəllər artıq özünü göstərməkdədir.
Sözsüz ki, ordu üçün daim yeni, müasir silah və texnikanın alınması vacibdir və bu imkanlar hər bir ölkədə yoxdur. Lakin müşahidələr onu göstərir ki, həmin silah və hərbi texnikanı idarə edəcək peşəkar, sosial təminatlı hərbçi yoxdursa, onda heç onları almağa dəyməz….