Silah-sursat istehsal edən yeni sahələrin açılışı oldu
Prezident İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyinin Şirvan «Araz» Zavodunda yeni istehsal sahələrinin açılışında iştirak edib. Prezident öncə zavodun tərkibindəki Döyüş Sursatlarının Utilizasiya Mərkəzinin açılışına qatılıb. Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib ki, mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulub. Prezident İ. Əliyev Mərkəzi işə saldıqdan sonra utilizasiya prosesini izləyib. Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulub.
Sonra dövlət başçısı «Araz» zavodunun Döyüş Sursatlarının Doldurulması Mərkəzinin açılışına qatılıb. Bildirilib ki, müəssisədə 60, 82 və 120 mm-lik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılıb. Proseslə tanışlıq zamanı dövlət başçısına bildirilib ki, “Doldurma Mərkəzi” il ərzində 1 növbəli iş rejimində 20 min ədəd 60 mm çaplı, 40 min ədəd 82 mm çaplı və 40 min ədəd 120 mm çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir. “Araz” zavodunun Kapsulların Hazırlanması Sahəsi isə müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulub. Mərkəzdə il ərzində bir növbəli iş rejimində 40 milyon ədəd kapsul istehsalı nəzərdə tutulub.
Prezident İriçaplı Patronların İstehsalı Mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı mərkəzi işə salıb və istehsal prosesini izləyib.
Qeyd olunub ki, istifadəyə verilən bu mərkəzdə 3 növbəli iş rejimində illik istehsal gücü 7 milyon ədəd 3 növ patron istehsalı nəzərdə tutulub. Mərkəzdə avtomatlaşdırılmış mexaniki emal, ştamplama, termokimyəvi emal, texniki nəzarət, pirotexniki və partlayıcı maddələrin preslənməsi sahələri, yığım xətləri və laboratoriya fəaliyyət göstərir.
Zavoddakı Nəzarət Sınaq Mərkəzi üçün yeni inzibati binada zavodda istehsal olunan xüsusi təyinatlı məmulatların taktiki-texniki xarakteristikalarının, iqlim dəyişmələrinə, nəqliyyat silkələnməsinə dözümlülüyün yoxlanılması üçün nəzərdə tutulub. Burada atəş sınaqları üçün 3 atış sahəsi yaradılıb.