Şikayət başqa, marixuana alveri başqa
DİN mətbuat xidməti bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Lənkəran şəhərində övladının müəllim tərəfindən döyülməsinə görə şikayət edən Şaiq Ağayevin polis tərəfindən tutulması, təzyiqə məruz qalması barədə deyilənlərin heç bir hüquqi əsası yoxdur: “Bu barədə yayılmış məlumatlar böhtan, şantaj xarakterlidir və həqiqəti əks etdirmir”.
Deyilir ki, polisə Ağayevin narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub və həmin məlumat əsasında fevralın 4-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin və Lənkəran Şəhər-Rayon Polis şöbəsi əməkdaşlarının i əməliyyat tədbirləri nəticəsində Ağayev marixuananı satarkən tutularaq şöbəyə gətirilib. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində CM 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, hazırlama) maddəsi ilə cinayət işi başlanılıb. Ş. Ağayev ifadəsində narkotik aludəçisi və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olduğunu, satdığı narkotik vasitəni yaxın qohumu olan Lerik Rayon sakini Mikayıl Tağıyevdən aldığını etiraf edib. Məhkəmənin qərarı ilə Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.
M. Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb. M. Tağıyev ifadəsində cinayət əməlini etiraf edib.