Muəllif:

«Seyid» fahişələrdən pul yığırmış

Ötən il oktyabrın 8-də paytaxtın Xırdalan dairəsi səmtindəki «Arzular» kafesində ofisiant işləyən Seyranə İmanova Daməd Mirzəyev ilə mübahisə edib. Bu vaxt Daməd Mirzəyev ofisiant qadının ünvanına nalayiq ifadələr işlədib. Mübahisə zəminində Daməd Mirzəyev qadını bərk döyməyə başlayıb.
Sərxoş müştərinin əlindən birtəhər canını qurtaran xidmətçi qadın bıçağa əl atıb… Vaxtında tibbi yardım göstərildiyindən «Seyid» ləqəbli Damədin həyatını xilas etmək mümkün olub. Seyranə İmanova barəsində isə CM 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
…Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən Seyranə İmanova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd edib ki, daimi yaşayış yeri Lerikin Piran kəndidir. İşləyib, pul qazanmaq məqsədilə Bakıya gəlib. Etiraf edir:
«Bakı şəhərində müxtəlif kafelərdə ofisiant işləmişəm. Kafelərdə təsadüfən düşən müştəri kişilərlə görüşə də çıxmışam. Məqsədim pul qazanıb, dolanmaq olub».
Təqsirləndirilən şəxsin sözlərinə görə, hamının «Seyid» kimi çağırdığı Damədi oktyabrdan tanıyıb. Onunla tanışlığı «Arzular» kafesində yaranıb:
«Daməd Xırdalan dairəsi yaxınlığında mənə yaxınlaşdı. Dedi ki, «sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqəyə girən qızlardan pul yığıram, ona görə də mənə pul verməlisən». Ondan səbəbini soruşdum. Bir daha dedi ki, bu ərazidə çoxdandır fahişəliklə məşğul olan qızlardan pul yığır. Dedi ki, buraların qaydası belədir. Üstümdə 20 manat var idi. Bu 20 manatı ona verdim ki, aramızda mübahisə və münaqişə yaranmasın. Daməd məndən bu 20 manatı aldı…».
Seyranə İmanovanın bildirdiyinə görə, sonradan bu «Seyid»lə maraqlanıb. Onun həqiqətən də bu ərazidə «işləyən» qızlardan pul yığdığını yəqin edib. Görüb ki, Damədə pul verməyən qızları incidir:
«Öyrəndim ki, pul verməyən qızları lazım gələndə döyür. Anladım ki, yenə mənə yaxınlaşacaq və pul istəyəcək. Məndə həmişə pul az olur. Buna görə də pul istəyəndə verə bilməyəcəyimi bilirdim. Buna görə də aramızda münaqişə yaranacağını da başa düşmüşdüm. Qərara aldım ki, özümə bir bıçaq alım. Məqsədim isə bu idi ki, nə vaxt mənə yaxınlaşsa, məni incitdiyi halda bıçaqla qorxudum. Bu səbəbdən də hadisədən bir neçə gün əvvəl özümə cib bıçağı aldım».
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, oktyabrın 8-də, saat 00.30 radələrində «Arzular» kafesində tək olub. Onun sözlərinə görə, kafedə çay içdiyi zaman Daməd Mirzəyev ora gəlib:
«Kafedə çay içəndən sonra evə getmək məqsədilə bayıra çıxdım. Bu vaxt Damədin kafeyə gəldiyini gördüm. Mənə yaxınlaşaraq dedi ki, neçə gündür «işləyirsən», amma pul vermirsən. Məndən 20 manat pul tələb etdi. Dedim üstümdə cəmi 4 manat var. Bu pulun da özümə gərək olduğunu bildirdim və dedim ki, bu pulu ona verə bilmərəm. Daməd bir neçə dəfə pul verməyimi tələb etdi. O, pul verməyimi tələb etməsinə baxmayaraq, üstümdə olan pulu ona verməkdən imtina etdim. Bu vaxt Daməd qolumdan tutdu və sürüyə-sürüyə məni bayıra çıxardı. Kafenin qarşısında olan küçədə Daməd saçlarmıdan tutaraq küçədə sürüdü. Buna görə də yerə yıxıldım və xəsarət aldım. Damədin hərəkəti məni əsəbləşdirdi. Yerdən qalxaraq çantamda olan bıçağı çıxardım və ona bir zərbə vurdum. Daha sonra hadisə yerindən uzaqlaşdım. Bir neçə saatdan sonra polis əməkdaşları məni yaxaladı. Damədi öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb. Məqsədim onu qorxutmaq olub».
Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Daməd Mirzəyev bildirib ki, Seyranə İmanova ilə «Arzular» kafesində tanış olub. Onun sözlərinə görə, bir neçə dəfə kafeyə gəlib-getdiyi üçün Seyrani tanıyıb:
«Hadisə baş verən günü «Arzular» kafesinə gəldim. Kafenin qarşısında Seyranə ilə rastlaşdım. Soruşdum ki, kafedə tanış uşaqlardan kim var. Həmin vaxt hiss etdim ki, Seyranə çox əsəbidir. Ondan söz soruşanda təhqiredici ifadələrlə üzləşdim. Seyranə mənə «cındır oğlu, cındır» dedi. Ona dedim ki, «cındır qızı» özünsən. Bu zaman Seyranə məni daha ədəbsiz sözlərlə təhqir etməyə başladı. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zəminində Seyranə məni bıçaqla vurdu».
Daməd Mirzəyev təqsirləndirilən şəxsdən, ərazidə olan kafelərdə işləyən digər qadınlardan pul tələb etdiyini boynuna almır. İddia edir ki, Seyranə İmanova belə ifadə verməklə məsuliyyətini azaltmağa çalışır. Deyir:
«Seyranə İmanovaya «sən kişilərlə pul müqabilində görüşürsən, mən bu ərazidə kişilərlə cinsi əlaqədə olan qadınlardan pul yığıram, ona görə də səndə mənə pul verməlisən, buraların qaydası belədir» sözlərini deməmişəm. Seyranədən pul istəməmişəm, pul tələb etməmişəm. Həmin ərazidə fahişəliklə məşğul olan qadınlarla heç bir əlaqəm yoxdur. Seyranəni də kafenin qarşısında döyməmişəm, aramızda mübahisə baş verib. Nəticədə də qanlı cinayət törədilib».
Məhkəmə şahid ifadələrini dinləyəndən və sübutları araşdırandan sonra ittiham nitqi ilə çıxış etməsi üçün prokurora söz verilib. Prokuror Seyranə İmanovanın 5 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Vəkil bildirib ki, müvəkkili cinayəti özünü müdafiə edərkən törədib. Vəkil qeyd edib ki, təqsirləndirilən şəxsə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir.
Məhkəmə davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 220