Sevinc Babayevanın meyitinin ekspertizasının nəticəsi elan olunub
Gülər Əhmədovanın məhkəməsində — YENİLƏNİB
Bakı. Şəhriyar Əlizadə — APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi davam etdirilib. Sevinc Babayevanın meyitinin ekspertizasının nəticəsi elan olunub. Səlcuq Ağlayanın Türkiyənin istintaq orqanına verdiyi ifadəsi açıqlanıb — deyib ki, “Onunla aramızda eşq macərası olmayıb”. Prosesdə şahid ifadələri yekunlaşdırılıb və sənədlərin tədqiqinə başlanıb.
Sevinc Babayeva ilə Elşad Abdullayev arasında olan telefon danışığının ekspertizası müəyyən edib ki, səslər həmin şəxslərin özlərinə məxsusdur, lakin faylda redaktə işləri aparılıb. Bunun üçün də faylın yazılma tarixini müəyyən etmək mümkün olmayıb. Səs yazısında montaj müəyyən edilməyib.
Daha sonra S. Babayeva, E. Abdullayev və G. Əhmədova ilə bağlı ekspertizanın rəyi elan olunub.
Rəyə görə, səslər onların özlərinə məxsusdur. Danışanların mimika və jestləri hərəkətlərlə sinxron təşkil edir. Videoyazıda səsin saxtalaşdırılması mümkün deyil.
Bundan sonra prosesdə S. Babayevanın meyitinin məhkəmə ekspertizasının nəticəsi elan olunub. Nəticəyə görə, Babayeva 1 saylı Şəhər Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalına (MGH) müraciət edib. O vaxt onun şikayəti iştahasızlıq, baş gicəllənməsi, ürək bulanması, qarın boşluğunda maye toplanması və qusmadan olub. MGH-da ona pnevmoniya və infarkt diaqnozu qoyulub.
İstanbulda isə Cərrahpaşa və Esenyurd klinikalarında olub. Esenyurdda onun ürəyi dayanıb, masaj və espirasiya olunmaqla reanimasiyaya yerləşdirilib. Orada “Medicana İnternational” Xəstəxanasına köçürülüb. Həmin vaxt burnundan, ağzından qanaxma baş verib, huşsuz, koma vəziyyətində olub. Müayinə zamanı onun sağ bud hissəsində iynə yerləri, hematoma aşkarlanıb.
Exokardioqrafiya edilib, ürək və ağciyərin dayanması müəyyənləşib. Bütün səylərə baxmayaraq xəstə ölüb.
Daha sonra Ayxan Məmmədovun anası S. Babayevanın ölümü ilə bağlı Türkiyədə istintaq orqanına verdiyi ifadə elan olunub.
A. Məmmədov anasının xəstə olduğun üçün Türkiyəyə müalicəyə gəldiyini, orada yeganə tanışlarının Səlcuq Ağlayan olduğunu bildirib. Ayxan anası ilə bağlı videolar yayılandan sonra vəziyyətinin pisləşdiyini, anasının ölümü ilə bağlı heç kimdən şübhələnmədiyini, düşmənlərinin olmadığını, onun ölümünə kiminsə səbəb olması müəyyənləşərsə, həmin adamdan şikayətçi olacağını bildirib.
Məhkəmədə S. Ağlayanın da S. Babayevanın ölümü ilə bağlı Türkiyə istintaq orqanına verdiyi ifadə elan olunub. S. Ağlayan Türkiyədə işlərinin pis getdiyini, müflis olduğunu, ixracat işləri ilə məşğul olmaq üçün Azərbaycana getdiyini deyib. O ifadəsində göstərib ki, Azərbaycanda dostları ilə ticarət işlər barədə danışarkən bir xanımla tanış olub. Həmin xanım özünü Məryəm kimi təqdim edib, ayaqqabı satmaqla məşğul olduğunu, həmçinin ürəyinin xəstə olduğunu deyib: “Mən də həmin xanıma Türkiyədə yaxşı həkimlərin olduğunu dedim, müalicəyə oraya getməsini məsləhət gördüm. Azərbaycanda işlərim alınmadığı üçün yenidən Türkiyəyə qayıtdım. Bundan bir gün sonra həmin qadın mənə zəng edib, Türkiyədə olduğunu dedi və onu qarşılamağımı xahiş etdi. Mən də gedib onu qarşıladım, lakin bildirdi ki, pasportu üstündə yoxdur. Mənim pasportumla onu hotelə yerləşdirdim. Xərcləri özü ödəyirdi. O, çox xəstə idi. Mənimlə Məryəmin arasında eşq macərası, cinsi əlaqə olmayıb. Həmçinin Ayxan Məmmədovun da onun oğlu olduğunu bilməmişəm”.
Proses noyabrın 18-də davam etdiriləcək.