Sevil Nərimanbəyova:Toğrul əsl müsəlman idi və müsəlman kimi dəfn olunacaq
Sevil Nərimanbəyova deyir ki, sabah məhkəmə qərar çıxaran kimi Toğrulu dəfn edəcək, mərhumun katolik ənənəsinə uyğun dəfn ediləcəyi barədə xəbəri isə qızı Əsmər uydurub. Xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovun Fransada dəfn olunması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə iclas təxirə salınıb. Bu barədə APA-ya mərhum rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova danışıb.
Onun sözlərinə görə, ona bəlli olmayan səbəblərdən təxirə salınan məhkəmə iclası sabah keçiriləcək: “Mən əminəm ki, bu məhkəmə də Toğrulun Fransada dəfn olunmasına qərar verəcək və qərar çıxan kimi dəfnin təşkilatçısı olacaq şirkətə gedəcəyəm. Dəfn mərasimini şirkətin təyin etdiyi vaxtda keçirəcəyəm”.
Mərhumun katolik ənənəsinə uyğun basdırılacağı fikrinə münasibət bildirən Sevil Nərimanbəyova xəbəri təkzib edib: “Bu xəbəri Azərbaycan xalqında mənə qarşı nifrət hissi yaratmaq üçün onun qızı uydurub. Bu, doğru deyil. Toğrul əsil müsəlman idi və müsəlman adətinə görə də dəfn olunacaq”.
SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunmasını tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Qərardan verilən apellyasiya şikayətinə bu gün baxılmalı olsa da, proses sabahadək təxirə salınıb.
Mərhumun meyiti hələ də morqda saxlanılır.