Sətiraltı oxunuş
Mən uzun-uzadı kompilyativ icmal yazmaq, Qarabağ danışıqları ətrafında son vaxtlar yaşanan yeni bir — növbəti (!) hərəkətliliyin mahiyyətinə baş vurmağa çalışmaq, fantaziyalarıma güc verib sıravi azərbaycanlını əsəbiləşdirmək fikrində deyiləm. Bu zahiri görüntüdən «irəliləyiş ola bilər» — deyə ürəklərində bir ümid işartısı qalanların qanını qaraltmaq da istəməzdim. Qoy hər şeyin qansız bitəcəyinə, işğalçının xoşluqla çəkilib gedəcəyinə bu son 20 ildə olduğu kimi ümid bəsləməkdə — gah Vaşinqtona, gah Moskvaya, gah Parisə, gah da Ankaraya sarı boylanmaqda, BMT-nin, ATƏT-in, Avropa Şurasının, İKT-nin dediklərində pozitiv bir şey aramaqda, tapanda məmnunluq hissi keçirməkdə olsunlar. Bir yana baxanda, onları qınamaq da olmaz — axı sonuncu ölən ümidlərdir deyilib. Təbii ki, reallıq hissini itirməyənlər də, bütün bunların «danışıqlar xatirinə danışıq» olduğunun, bir nəticə verməyəcəyinin, düşdüyümüz durumun hədsiz mürəkkəbliyinin fərqində olanlar da var. Və mən də Qarabağ ətrafında gedən danışıqlarda nəsə bir irəliləyiş olacağına qırıq da inanmayanlardan biriyəm.
Mən ölü, siz diri — yenə heç nə olmayacaq. Təbii ki, hər şey indiyə qədərki axarında davam edəcəksə… Yenə də hər şey son anda pozulacaq. Növbəti dəfə ümidlər öləziyəcək ki, bir də nə zamansa yenidən közərsinlər. Bax bunu görəcəyik. Möcüzə isə olmayacaq. İndi dekabrdır. Gələn maliyyə ilinin sonunda — bu vaxt, ömür vəfa etsə, bir də bu start xəttinə qayıdarıq və baxarıq. Niyə inanmıram? Aradan ötən 23 il bir çoxları kimi mənə də qarşı tərəfi (tərəfləri) yaxşıca öyrənməyə imkan verib və inanmamaq təlqin olunub. Nə isə… Mən bunlardan deyil, bizim milli medianın bu məsələ ətrafında baş verənlərə adekvat olmadığından söz açmaq istəyirdim, fikrim dərinlərə getdi. Ona görə ki, bu artıq bizim işimizdir, toplum qarşısında bizim məsuliyyətimizdir və onların bu «Qordi düyününə» dönmüş məsələ ətrafındakı gəlişmələri doğru-düzgün anlamasında biz yardımçı olmalıyıq.
Fikir vermişəm, aparıcı (belə demək mümkünsə) media orqanları ölkəmiz və millətimiz üçün bu həyati önəm daşıyan məsələdən usanmış kimidir. Xəbər agentliklərindən nə ötürülür, nöqtəsinə-vergülünə toxunulmadan səhifələrə köçürülür. Deyilənlərin sətiraltı mənalarını anlamaq və şərh etmək zəhmətinə qatlaşmaq isə yoxdur. Ya bacarmırlar, ya fərqində deyillər, ya da tənbəllik basıb. Məsələn, bu açılmaz düyün ətrafında ən işlək ifadələrin mahiyyətinə varılırmı? Deyək ki, «siyasi iradə lazımdır», «sülh yolunun alternativi yoxdur», «snayperlər geri çəkilsin», «qarşılıqlı güzəştlərə hazır olmalısınız», kimi açıqlamalarda təkrarlanan işlək ifadələrin arxasında dayanan niyyətləri, sətiraltı mənaları «oxuya» və sonra oxucuya təqdim edə bilirikmi? «Məsələnin sülh yolu ilə həllinə tərəfdarıq» ifadəsi nə deməkdir, bizə nə vəd edir? Yaxud, Rusiyanın «sərhədlərimizin yaxınlığında hərbi münaqişənin alovlanmasını istəmirik» açıqlaması nə anlam daşıyır?
Bütün bunların politoloji təhlili yox kimidir. Bu zəhmətlərə qatlaşmaq həvəsi çox az imzada qalıb. Bəlkə ölkədə politoloq qıtlığı var? Amma mən bilən bütün universitetlər bir əldən politoloq istehsal etməkdədir, biri azından bir kilo gələn kitablar yazanlar da az deyil. Operativ mediada isə onlar gözə dəymir, bir neçə nəfərin adətən atüstü şərhlərinə rast gəlinir, biçarə toplum informasiya aclığını onların sözləri ilə öldürür.
Halbuki biz müstəsna bir inadla, israrla, yorulmadan, bu bir Sizif zəhməti kimi görünsə də, öz işimizi — milli davamızı yürütməliyik. Siyasi mətbəxin bu məsələdə iyirmi ildir qapını bərk qapalı saxlamasına, alınan siyasi qərarlardan çox dar bir çevrənin hali olmasına, kənara informasiyanın çox xəsis paylarla sızdırılmasına rəğmən öz işimizi yürütməliyik. Siyasi mərkəzlərin öz işi, bizim öz işimiz.
Hə, xeyli fasilədən sonra Prezidentlər görüşdü, iki dəfə də diplomatiya idarəsinin başçıları təmaslarda bulundular. Qınaq obyekti olan həmsədrlər rahat nəfəs ala bilərlər — bu zahiri hərəkətlilik onların yaxşı mənimsəmiş olduqları «məkik diplomatiyasının» məhsuludur. Əla görüntü yaratdılar, bizcə.
Bu arada «5 rayon» söhbəti hətta «2 rayon» söhbəti ilə əvəzləndi. Qulaqlar şəkləndi. Ortada nəsə bir razılaşmaya yaxın nəsə varmış deyə… Nəsə bir «qansız irəliləyiş» ola bilər deyə… Bəlkə bunlar iflasa uğramış layihənin reanimasiya elementləri idi? — bax bunu yaxın vaxtlarda biləcəyik.
Ağır gələn odur ki, onlar Azərbaycanı fövqəladə bir səbrlə «reallıqla barışmağa» apararkən, elə bilirlər biz heç nəyi anlamırıq, avam, müti adamlarıq. Deyilənlərə, qəbul edilən qətnamələrə sadəlövhcəsinə baş əyəcəyik. Onlarda bu qənaətin hasil olmasında bizim medianın, politoloji fikrin təqsiri az deyil.
Bu son günlərdə Ceyms Oldricin — Britaniyada heç tanınmayan və xatırlanmayan, Azərbaycanda isə yaxşı tanınan yazıçının bizlərdə bəlli köhnə «Diplomat» romanını bir də oxudum və sizlərə də — həmkarlarıma da, onu tapıb oxumağı məsləhət görərdim. Ən azından bu gün Azərbaycan ətrafında cərəyan edənləri yaxşı anlamaqdan ötrü Oldrici oxumağa dəyərmiş. Bu həmsədrlər Lord Esseks deyiləni yamanca xatırladırlar, hələ deyərdim özüdürlər ki var, Azərbaycanı anlayan, onun bu amansız siyasət dünyasında halına yanan Mak Qreqor isə gözə dəymir.
O vaxt — 1945-ci ildə olduğu kimi, bu gün də baş verən beynəlxalq proseslər faydamıza deyil, bir dövlət olaraq mövqeyimiz kövrəkdir. Bu aydın görünür, fəqət əli-qolu açıq olan mediamız da bu çağırışların qarşısında zəif durumdadır. Baş verənləri qavramaq və ünvana çatdırmaq əngəlimiz var. Diplomatik təmasları deyə bilmərəm, mediamız sətiraltı oxunuşu bacarmır. Deyəsən bunu yadırğamışdır.
[email protected]