Səslər arxivi — 45: zamanın nəfəsini gələcəyə daşımaq…
Tarixi abidələrilə yanaşı səs və video yazılarının da qiymətli arxiv sənədləri kimi mühafizəsinə dair Nazirlər Kabinetinin mühüm göstərişi vardır. Respublika hökumətinin 5 aprel 1968–ci il Qərarı ilə Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi (ARDSYA) yaradılıb. Arxiv Respublika Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivləri arasında ən gəncidir. Bu il 45 illiyini qeyd edəcəyimiz arxiv MDB məkanında ikinci arxivdir (ilk belə arxiv 1967–ci ildə Rusiyada təşkil edilib). Digər sənədlərdən fərqli olaraq bizim arxivin istər sənədlərinin qeyri-ənənəviliyi və istərsə də şifahi tarix kimi özünəməxsus xarakterik özəlliyi var. Ümumiyyətlə isə, arxivlərin hamısı həmişə eyni məqsədə xidmət edib. Tarixi sənədlərin, stenoqramların, daş kitabələrin, qayaüstü təsvirlərin, əlyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların … qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına çalışılıb. Səs Yazıları Arxivinin qarşısında duran əsas məqsəd isə Vətənimizin ictimayi–siyasi həyatını, tarixini, elm və mədəniyyətini özündə əks etdirən bədii və sənədli audio–video sənədləri, habelə dövlət, siyasi və ictimai xadimlərinin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək veteranlarının, elm və incəsənət xadimlərinin, ölkəmizə gələn xarici qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsini təmin etmək kimi vacib vəzifə qoyulub.
Mühafizəxanalara, iş otaqlarına nəzər yetirdikcə köhnəm qrammofon vallarının, karton qutularda səliqə ilə saxlanılan fono sənədlərin, videoyazıların, qədim musiqi qutusu, patefon, qrammofon, əsrimizin son nailiyyətləri olan audio və video cihazları, bir sözlə, dünənlə bu günü qovuşduran bu ecazkar səs xəzinəsinin sehrinə düşürsən. Bu müqəddəs səs xəzinəsində neçə-neçə görkəmli şəxsin canlı səsi, nəfəsi yaşayır. İllərin uzaqlığını, sahiblərinin həyatda yoxluğunu unutduran bu səslər qarışıq dövrümüzün, siyasi çəkişmələrinin, maddi çətinliklərin vurduğu ağır zərbələrdən qorunub. Elm, incəsənət,
siyasət, bir sözlə, nadir şəxsiyyətlər və tarixi hadisələr haqqında yazılan ən dolğun kitablardan, söylənilən ən gözəl xatirələrdən yaxşı qorunub saxlanılan fotoşəkillərdən daha təsirli, daha qiymətlidir bu fono və video sənədlər. Çünki bu səslərdə həmin insanlar, həmin tarixi anlar diriirlər, canlıdırlar.
Arxivin ən qədim sənədi XIX əsrin ikinci yarısına aiddir. Bərk sıxılmış deşikli kartondan olan bu val “Herafon” adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəblə Ştrausun “Qaraçı Baronu” və “Mazurka-polka” sözləri qeyd edilib. Bu sənədin qiyməti təkcə onun yaşında deyil. Həmin yazı dahi mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin dəst–xəttidir. Bu, böyük ədibin dünya mədəniyyəti ilə yaxından maraqlanmasına canlı sübutdur. Bu nadir val Şəki şəhərindən, dramaturqun Ev-Muzeyindən gətirilmişdir.
Yolla saldığımız yüzilin əvvəllərində milli musiqimizi xüsusi bir mərhələyə qaldıran, başqa xalqlara çatdıran çox istedadlı sənətkarlar dəstəsi yetişib fəaliyyət göstərmişdir ki, onlardan qalan yadigarlar mədəni irsimizin əvəzsiz sərvətlərindəndir.
İlk axtarışlar arxiv əməkdaşları üçün gözlənildiyindən də uğurlu oldu və qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qrammofon valları əldə edildi. Onlar ötən əsrin əvvəllərində dünyanın müxtəlif səsyazma şirkətləri — İngiltərənin Riqa şəhərində fəaliyyət göstərən məşhur “Qrammofon”, Parisin – “Pete”
qardaşları, Almaniyanın Varşava şəhərindəki “Sport–Rekord”, eləcə də Kiyevin “Ekstrafon” , Tbilisinin “Monarx–Rekord” , Bakının “Qrammofon-Rekord” və başqa Səhmdar Səsyazma şirkətləri tərəfindən istehsal edilmiş qrammofon vallarıdır ki, onlarda Azərbaycan musiqisinin korifeyləri Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Ələsgər Abdullayev (Şəkili Ələsgər), Məcid Behbudov (dünya şöhrətli Rəşid Behbudovun atası), Seyid Şuşunski, Musa Şuşinski, Mirzə Güllər xanım, İslam Abdullayev (Segah İslam), qəribə taleli xanəndə Seyid Mirbabayev, Zabul Qasım, Məşədi Hilal Zeynalov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Həmid və Əsgər Malıbəyli qardaşları, məşhur tarzənlərdən Şirin Axundov (Salyanlı Şirin), Mirzə Fərəc, Qurban Pirimov, Mansur Mansurov, Cəmil Əmirov (bəstəkar Fikrət Əmirovun atası) və bir çox başqalarının ifasında muğam, mahnı və el havaları əbədiləşib .
Sayı 1500-ə qədər olan belə sənət inciləri arxivin “Qızıl fondu”nun əsasını təşkil edir. Qeyd edək ki, həmin valların hamısı 1901–1914–cü illər arasında yazılıb. Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərək onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar. Məşhur xanəndə Mirzə Güllər xanım, xanəndə Aslan, Musa Səfərov, Qasım Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazılanlardan biri Əbdülqədir Cabbarov (Qədir bala), o zamanlar üçün nadir peşə sayılan qarmonçalan Məmmədtağı və başqaları belə sənətkarlardandır. Belə tapıntılar arxivin fondlarını zənginləşdirdiyi kimi mədəniyyət tariximizin araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir . Dini mövhumatın hökm sürdüyü bir zamanda böyük cəsarət nümunəsi göstərən qadın xanəndə Mirzə Güllər xanımın taleyinə diqqət yetirək. Zamanəsinin haqsızlıqları gənc qızı doğma Cavad kəndindən, ata evindən qaçmağa məcbur edir. Əyninə kişi paltarı geyərək, el şənliklərində, Mirzə Güllər adı ilə, sönməz bir eşqlə oxuyan bu sənət fədaisinin səsi sonralar Şamaxı, Gəncə, İrəvan və başqa şəhərlərdən gəlir.
Artıq xeyli məşhur olan Mirzə Güllər xanımı Kiyevə dəvət edilərək
“Monark–Rekord” Səhimdar Səsyazma Cəmiyyəti 1914–cü ildə onun ifasında “Mirzə Hüseyn Segahı” , “Bayatı-Şiraz” muğamlarını, “Yeri, dam üstə yeri” və başqa el havalarını qrammofon valına yazdırmışdır. Təəssüflər olsun ki , axtarışlarımız zamanı onun yalnız bir valını tapa bildik. Lakin axtarışlar zamanı onu şənliklərdə, toyda–mağarda görənlərin bir neçəsi ilə söhbətləşdik və xeyli məlumat əldə etdik. Sonralar alim – yazıçı mərhum Əzizə Cəfərzadə xanəndənin keşməkeşli həyatından bəhs edən “Bir səsin faciəsi” romanını yazdı.
1910–cu ildən sazəndə dəstələrinin vala yazdırdığı “Vağzalı”,
“Mirzəyi” , “Tərəkəmə”, “Əskərani”, Uzundərə” kimi oyun havaları, xanəndələrdən Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd və Məşədi Məmməd Fərzəliyevin “Gülə-gülə” , “Eşq atəşi”, “Vətən şərqisi”, “Mən bir Türkəm” , “Tello” və başqa xalq mahnılarını xorla birlikdə oxuyub vala yazdıqmışlar. Maraqlıdır ki, həmin səsyazma şirkətləri vallarla bərabər onların katfloqlarını da kitabça şəklində çap edib yayırdılar. Əldə edilmiş bu kataloqlar istifadə üçün sanballı məlumat mənbəyi olduğu kimi, həmin valların axtarılıb tapılmasında da xüsusi əhəmiyyət kəsb edir. Arxivin fondlarında çox maraqlı bir val da mühafizə edilir. Həmin vala “Vağzalı” və “Mirzəyi” rəqs havaları yazılıb. Həmin rəqs havalarını Varşavanın “Sport-Rekord” səsyazma şirkətinin avropalı əməkdaşları ifa edərək vala yazdırmışlar. 1910–cu ildə buraxılan bu val musiqimizin Avropada da xüsusi maraq doğurduğunu bir daha sübut edir.
Ölkəmizin ictimayi–siyasi və iqtisadi həyatını əks etdirən fondda minlərlə xüsusi qiymətli fono və video yazıları arasında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyatını və coşğun fəaliyyətini əks etdirən fono-video sənədlər tam toplanılaraq arxivin xüsusilə qiymətli fondunda mühafizə edilir. İnamla deyə bilərik ki, arxiv sənədləri arasında H. Əliyevin fəaliyyətinə dair fono–video sənədlər arxivin ən iri fondudur. Onların ümumi səslənmə müddəti 700 saatdan artıqdır.
O dövrün mühüm hadisələrindən biri də səhnə əsərlərinin qrammofon valına yazılması olub. Belə ki, 1914–cü ildə Varşavanın “Sport–Rekord” şirkəti Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan” və “Evlikən subay” əsərlərindən parçaları görkəmli səhnə ustası Hacıağa Abbasovun ifasında vala yazmışlar. Müəllifin “Əlli yaşında cavan” əsəri beş, “Evlikən subay” əsəri isə iki valdan ibarətdir və arxivin nadir fono sənədləri kimi qorunub saxlanılır. Maraqlıdır ki, burada xalq artisti Hacıağa Abbasovla barəbər əsərin müəllifi Zülfüqar Hacıbəyli də iştirak edib.
Azərbaycan teatr tarixi və onun ilk yaradıcılarına dair səs və video yazıları arxiv fondlarında xüsusi yer tutur. Burada Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, Dadaş Şaraqlı, Mirzağa Əliyev, Şövkət Məmmədova, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri, Ağadadaş Qurbanov, Üfvi Rəcəb, Hökümə Qurbanova, Kazım Ziya, Hacıağa Abbasov, Ağasadıq Gəraybəyli və daha neçə-neçə ölməz sənətkarlarımızın səsi, coşqun səhnə fəaliyyətləri arxivin nadir incilərindəndir. Həmin sənət fədailərinin çıxışları, oynadığı rollarla bərabər onların həyat və yaradıcılığı, səhnə fəaliyyəti və yubiley təntənələrinə dair külli miqdarda dəyərli səs və video yazılarının toplanılıb saxlanılması incəsənət tariximizin tədqiqi üçün sanballı imkanlar yaradır. Arxivdə mühafizə edilən xeyli miqdarda səs və video yazılarında ölkəmizin mədəni irsinin ən yaxşı nümunələri toplanılıb. Bu sənədlər arasında bəstəkarlardan Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Şəfiqə Axundova, ifaçılardan – Rəşid Behbudov, Müslüm Maqomayev, Bülbül, Yaqub Məmmədov, Şövkət Ələkbərova, Rübabə Muradova, Lütfiyar İmanov, Yavər Kələntərli, Zeynəb Xanlarova, Fatma Mehrəliyeva, Sara Qədimova, mahir muğam ustaları – Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Əbülfət Əliyev, Qulu Əsgərov, habelə ustad tarzən Bəhram Mansurov, xalq artisti Habil Əliyev, qoboy çalan Kamil Cəlilov , mahir qarmonçalan Zakir Mirzəyev, görkəmli caz ustası Vaqif Mustafazadə, bir sözlə, Azərbaycanın tanınmış bəstəkar, musiqiçi və ifaçılarının canlı səsləri, həyat və yaradıcılıqlarından ibarət zəngin fono və video yazıları xüsusi dəyərə malikdir. Bunlardan başqa, dünya klassik bəstəkarlarından və ifaçılarından Pyotr Çaykovski, Sergey Raxmaninov, Cüzeppe Verdi, Jorc Bize, Enrike Karuzo, Fyodr Şalyapin və digərlərinin yaradıcılıqları qrammofon vallarında və lent yazılarında öz əksini tapıb.
Arxivin fondlarında “Ədəbiyyat” bölməsi daha zəngindir . Bu fono–video yazılarında Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Nəbi Xəzri, Mehdi Hüseyn, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Hafiz Baxış, Mirvarid Dilbazi, Rəsul Rza, Nigar Rəfibəyli, Şəhriyarın və bir çox başqa yazarların canlı səs və yaradıcılıqlarından bəhs edən fono–video yazıları nadir sənət incilərindəndir.
Xüsusi bir qayğı ilə mühafizə edilən digər fond Nizami Gəncəvi, Məhəmməd füzuli, Əfzələddin Xaqani, İmadəddin Nəsimi və digər dahi söz sərratlarının irsidir. Azərbaycan xalqına nur çeşməsi təki çağlayan, tükənməz və möhtəşəm sənət xəzinəsi yadigar qoymuş klassiklərimizin həyat və yaradıcılıqları ilə bağlı bölmə belə fono sənədlərlə zəngindir. Saz–söz ustadlarımız, alimlər, sənətkarlar onların insanları ofsunlayan poeziyasının sirlərindən zaman–zaman söhbət açmışlar. Nazim Hikmət 1960–cı ildə Cəfər Cabbarlının evində təşkil edilmiş xatirə gecəsində çıxış etmiş və ədəbi Azərbaycan yazarlarının peyğəmbəri adlandırmışdır. Onunla bərabər Süleyman Rüstəm, Cəfər Cəfərov, Rəsul Rza, Sabit Rəhman və başqaları da məclisdə iştirak etmiş, qısa ömrün dolğun yaradıcılığından geniş söhbət açmışdır. Və Nazim Hikmət sonda özünün “Ceviz ağacı” və “Kərəm kimi” şeirlərini söyləmişdir. Belə bir lent yazısı böyük şəxsiyyətlərdən qalan qiymətli yadigardır. Tədbiri yazıçı Seyfəddin Dağlı lentə alıb, arxivimizə bağışlamışdır. Xalq şairi Səməd Vurğun, onun həyat və yaradıcılığı ilə bağlı 200-dən artıq fono sənəd xüsusilə dəyərlidir.
Şairin ifasında özünün yazdığı şeir və poemalardan parçalar, müxtəlif tədbirlərdəki çıxışlarının lent yazıları və xüsusilə 1954–cü ildə Moskvada yazıçıların II Ümumittifaq qurultayında “Sovet poeziyası haqqında» hamını heyran qoyan, 20 ili əhatə edən geniş və parlaq məruzəsinin lent yazısı uzun axtarışdan sonra 1976-cı ildə Moskvadan tapılaraq arxivə gətirilmişdir.
12 may, 1956–cı il. Həmin gün M. F. Axundov adına Opera və Balet Teatrının binasında böyük təntənə vardı. Yubiley gecəsinə qocalar, cavanlar, şairin sənət dostları, dövlət nümayəndələri, xarici qonaqlar və poeziya vurğunları gəlmişdilər. Yalnız yubilyarın özü gözə dəymirdi, amansız xəstəlik şairi yatağa salmışdı. Təsəlli olaraq intizarlı baxışlar yalnız onun səhnədən asılan iri portretinə tikilmişdi…
Yubiley gecəsində Azərbaycanın, Rusiyanın və digər respublikaların, xarici ölkələrin görkəmli şair və yazıçıları Səməd Vurğun yaradıcılığından geniş söhbətlət açmış və şairə həsr etdikləri şeirlərini oxumuşlar. Şair isə yalnız radio vasitəsilə yubiley iştirakçılarına müraciət etmişdir. Təssüflər olsun ki, həqiqi təntənəli beynəlmiləl məclisə dönmüş həmin gecə o zamankı dövrü mətbuatda lazımı dərəcədə öz əksini tapmamışdır. Səməd Vurğun yaradıcılığının tədqiqatçıları, xüsusən müasir ədəbiyyatşünaslar bu çıxışlardan xəbərsiz qalmışlar. Xoşbəxtlikdən həmin tədbirin lent yazıları əldə edilmiş və hazırda arxivin ən qiymətli sənədlərindən biri kimi arxivin fondlarında qorunmaqdadır.
Dahi Üzeyir bəyin dili ilə desək, xalq musiqisinin ən yaxşı ifaçıları aşıqlardır. Onlar doğru olaraq musiqi sənətkarları hesab olunurlar. Musiqi sənətimizin örnəyi, mədəniyyətimizin əzəli ulu ozanların sinəsində dillənən telli sazdan başlayır. Sayı 2000 mindən artıq olan aşıq yaradıcılığı fondunda aşıqlarımız Azərbaycanın, onun dilbər guşələrinin tərənnümü, gözəllikdən, məhəbbətdən, el qəhrəmanlarından söz açan dastanları və ifaları arxivin fondları arasında layiqli yer tutur. Ötən əsrin otuzuncu illərinin məşhur aşıqları Qurbanəli, Əsəd Rzayev, aşıq Mirzə Bayramov, aşıq Fətulla, aşıq Şəmşir, sonrakı illərdə aşıqlardan Əkbər Cəfərov, Mikayıl Azaflı, Hüseyn Saraclı, Əhməd Sadaxlı, Mahmud Məmmədov, Məhəmməd Sadaxlı, Pənah Pənahov, aşıq Kamandar, aşıq Gülməmmədin və bir çox başqa el sənətkarlarının ifa etdikləri aşıq mahnıları, saz havalarının lent yazıları, qrammofon valları və video yazıları qiymətli sənət incilərindəndir.
Bu möhtəşəm xəzinədə xalqımızın qəhrəmanlıq səlnaməsi olan “ Koroğlu” dastanının bütün qolları aşıqlarımızın ifasında bir neçə qrammofon vallarında əbədiləşib. Bu bölmədə çox maraqlı bir val da mühafizə edilir. Həmin vala kiçik yaşlı aşıqlar Kazım Abdullayev və Allahverdi Əliyevin ifasında aşıq mahnıları yazılmışdır. Xeyli araşdırmadan sonra müəyyən edilmişdir ki, 11 və 13 yaşlı Allahverdi ilə Kazım 1938–ci ildə Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün iştirakçısı olmuş və o vaxt səsləri yazılmışdır. Arxivin ötən əsrin otuzuncu illərinə dair fono sənədləri xüsusilə maraqlıdır . Bunların arasında 1938–ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan Ədəbiyyatı və İncəsənəti Ongünlüyünün sənədləri xüsusilə dəyərlidir. Burada keçirilən tədbirlər böyük maraq doğurmuş “Ümumittifaq Melodiya” səsyazma şirkəti Azərbaycanın incəsənət ustalarının çoxunun ifalarını qrammofon valına yazmışlar.
İkinci Dünya müharibəsinin başlanması və digər səbəblərdən həmin vallar şirkətin anbarında qalmış və sonradan unudulmuşdur. Ötən əsrin 70–ci illərin də tərəfimizdən həmin qrammofon valları aşkar edilərək arxivə gətirilmişdir. Yaxşı vəziyyətdə qalmış həmin valların sayı 800-ə qədərdir və dəyərinə görə arxivin nadir sənədləri sırasındadır.
Arxivin fondlarında İkinci Dünya müharibəsində xalqımızın şanlı oğul və qızlarının alman faşizminə qarşı ön cəbhədə və arxada apardıqları mübarizə fono sənədlərdə təsbit olunub. Burada azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının, müharibə veteranlarının, partizanların, arxa cəbhədə çalışan əmək veteranlarının çıxışları, xatirələri, habelə tarixi qələbəyə həsr olunmuş müxtəlif tədbirlərin audio-video yazıları cəmlənib. Bu sənədlər arasında Azərbaycan bəstəkarlarının və incəsənət ustalarının müharibə dövrünə dair fono və video yazıları daha çoxluq təşkil edir. İyirminci yüzilliyin 70–ci illərində arxivin əməkdaşları təşəbbüs göstərərək azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının bir çoxları ilə görüşmüş və onların müharibə barəsindəki təəssüratlarını, xatirələrini, döyüş yollarını lentə almışlar və nəticədə çox maraqlı və qiymətli bir fond alınıb. Arxivin müharibədən sonrakı fono və video sənədlərində əsasən ölkədə bərpa işləri, xalq təsərrüfatının, elmin, məddəniyyətin inkişafı öz əksini tapıb. Bunlarla yanaşı arxivdə dövlət və içtimai xadimlərin çıxışları, müsahibələr, görkəmli alimlərin, mədəniyyət xadimlərinin müxtəlif tarixi hadisələrin iştirakçılarının çıxışlarının səs və video yazıları da mühafizə edilir.
Arxivin fono sənədləri arasında Güney Azərbaycan və Türkiyə Cümhuriyyətinin mədəni-ədəbi mühitinə dair mühafizə edilən xeyli miqdarda qiymətli səs yazıları mühüm əhəmiyyət kəsb edir. Bu sənədlər arasında ilk nəzər-diqqəti cəlb edən böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın səsi yazılmış lentlərdir. Lentlərin birində xalq şairi Məmməd Rahimin şeir dili ilə ona yazdığı açıq məktubu və şairin ona cavabı yazılmışdır. Ömrü boyu Bakını görmək və dostları ilə görüşmək arzusu ilə yaşayan ulu şair göz yaşlarını həmin məktublara qataraq hıçqırtı ilə oxuyaraq lentə yazdırmış və bizlərə ərmağan etmişdir. Bu çox dəyərli və çox da kədərli bir canlı sənəddir. Şairin şəxsi fondunda belə nümunələr xeyli miqdardadır.
Fondda digər məşhur sənətkar, muğam ustası Əbülhəsən Azər İqbal Soltanın lent yazıları da xüsusi maraq doğurur. Bir lentə ustad 100
illiyi münasibətilə təşkil edilmiş yubiley mərasimində 20 dəqiqə
“Bayatı–İsfahan” muğamını böyük bir şövqlə ifa etmişdir. Fondlarda eyni zamanda Güney Azərbaycanın xanəndə və musiqiçilərinin ötən yüzilin əvvələrində buraxılmış qrammofon valları o dövrün musiqi həyatı barədə təsəvvür yaradır. Onlardan Rzaqulu xan, Tahir xan, Bağır xan və başqalarının qrammofon valları fondun dəyərli sənədlərindəndir.
Arxivdə digər fono sənədlərlə yanaşı Güney Azərbaycanın və Türkiyə aşıqlarının da xeyli audio–video yazıları qorunur. Aşıq Dehqan, aşıq Qəşəm, aşıq Rəhim, aşıq Həsən Qəffari, aşıq Mahmud Cahangiri, aşıq Məmmədəlinin və bir çox sənətkarların çal–çağırları, onların könül oxşayan səsləri böyük məhəbbətlə mühafizə edilir. Həmin fondlar arasında gözoxşayan, çox gözəl tərtib edilmiş fono albom Türkiyə Cümhuriyyətinin qurucusu, ulu Atatürkün sevdiyi şərqilər səsli albomudur. Burada onun sevdiyi mahnılar və onların mətnləri yazılıb. Albomun üzərində isə böyük Komandanını şəxsi qılıncı və onun üzərində ağ göyərçin həkk olunub. Qəhrəmanlıq və sülh rəmzi daşıyan bu tərtibat fono alboma xüsusi gözəllik verir və onu daha da əzəmətli edir.
Son illərin məlum hadisələri ilə əlaqədar olaraq “Qanlı Yanvar” ,
“Köçkünlər”, “Qarabağ hadisələri” kimi fondlar da yaradılıb. Artıq tarixə çevrilmiş qondarma “Dağlıq Qarabağ” probleminin ciddiliyini nəzərə alan arxiv əməkdaşları, havadarlarının köməyilə erməni daşnakları tərəfindən öz ata-baba torpaqlarından vəhşicəsinə qovulan azərbaycanlıların ah–naləsi, onların ittihamları, hətta uşaq hıçqırtısını belə lentə alıblar. 1973–cü ildə DQMV–in 50 illiyinə həsr edilmiş təntənəli yığıncağın lent yazısına qulaq assaq, Dağlıq Qarabağın qədim Azərbayvan torpağı olduğunu və ermənilər buraya köçüb gələndən sonra xöşbəxt yaşadıqlarını onların öz dilindən eşidirik .
Dövlət Səs Yazıları Arxivi öz profilinə görə ölkəmizdə yeganə elmi – metodiki mərkəzdir. Əməkdaşlarımız son illər “Fono sənədlərlə işləyən idarə və təşkilatların əsas iş qaydaları” , “Video sənədlərlə işləmə metodikası” adlı təlimat, “Əsas iş növləri və onlara sərf olunan vaxt norması” və s. kimi metodiki vəsaitlər hazırlamış və onları gündəlik işlərində tədbiq edirlər. Arxiv əməkdaşları istər idarə və təşkilatlarda, istərsə də ayrı–ayrı şəxslərdə saxlanılan fono və video yazılarının müntəzəm olaraq qayğısına qalır, onlara metodiki və texniki köməklik göstərir, dəyərli məsləhətlər verir. Belə tədbirlər bir tərəfdən harada və kimdə saxlanılmasından asılı olmayaraq audio–video yazılarına nəzarət edilir, digər tərəfdən isə onların tədricən dövlət mühavizəsinə qəbul edilməsinə imkan yaradır.
Arxivə qəbul edilən qiymətli sənədlər arasında böyük Niyazinin fonotekası xüsusi diqqət çəkir. Görkəmli dirijor-bəstəkarın şəxsi fondunda 140–dan artıq qiymətli fonosənədlər cəmlənib. Burada maestronun müxtəlif ölkələrdəki konsertlərinin, söhbətlərinin, onunla aparılan müsahibələrin, radio və televiziya verilişlərinin, əsərlərinin lent yazıları, bir sıra görkəmli xarici ölkə musiqiçilərinin Niyaziyə avtoqrafa bağışladığı vallar, ötən yüzilin əvvəllərində buraxılmış
10–dan artıq nadir qrammofon valı arxivin nadir sənədlərindəndir.
Arxivdə sənədlərin dövlət mühavizəsinə qəbulu, elmi–texniki cəhətdən işlənməsi, onların bərpası və mühavizəsinin təmin edilməsi ilə yanaşı, onlardan hərtərəfli istifadənin təşkili də arxivin fəaliyyətinin mühüm sahəsini təşkil edir. Səs yazıları qiymətli tarixi mənbə, geniş dinləyici kütləsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Səs yazılarına tələbat gündən–günə artır və onlardan istifadə genişlənir. Arxivin audio–video materiallarından radio və televiziya verilişlərində, kinofilmlərin çəkilişində, müxtəlif yığıncaq və bayram tədbirlərində, xatirə və yaradıcılıq gecələrində, elmi işlərdə, muzey sərgilərində və sair tədbirlərdə istifadə edilir.
Arxiv materialları əsasında əməkdaşlarımızın təşəbbüsü ilə hazırladıqları məlumatlar xüsusilə əhəmiyyətlidir. Onlar əlamətdar günlər ərəfəsində müəyyən tarixi hadisəni və ya yubiley materiallarını əks etdirən fono–video sənədləri araşdırıb məlumatlar toplusu hazırlayır və maraqlanan tərəflərə təqdim edirlər. Ayrı–ayrı mövzuları üzrə digər sənədlərin siyahıları da hazırlanır ki, bu da istifadəni xeyli asanlaşdırır.
Milli Arxiv idarəsi tərəfindən arxivə müasir tələblərə cavab verən avadanlıqların alınması və əməkdaşlarımızın həmin avadanlıqların istismar metodlarını mənimsəməsinin nəticəsidir ki, istər fondlarda mühafizə edilən və istərsə də ayrı–ayrı təşkilatlardan və şəxslərdən dövlət mühavizəsinə qəbul edilən audio–video sənədlərin rəqəmsallaşdırılması işi mütəmadi olaraq davam etdirilir. Məqsədimiz yaxın illər ərzində arxivdə mühafizə edilən sənədlərin tamamilə rəqəmsal sistemə keçirilməsidir.
2008–ci ildə arxivlər üçün dövlət qayğısı və diqqətinin parlaq təcəssümü olan xoş bir olay üz verdi. Ölkə prezidenti İlham Əliyev daha səmərəli və məhsuldar çalışmağımız üçün Milli Arxiv İdarəsinə çoxmərtəbəli və möhtəşəm bir binanın açılışını etdi. İndi burada istər sənədlərin mühafizəsi və istərsə də əməkdaşların fəaliyyəti üçün gözəl şərait yaradılıb.
Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin bir tərəfidir. Əsas və vacib məsələ isə onların mühafizəsini təmin etməkdir. Əgər qoruyub saxlaya bilmirsənsə onu toplamağın heç bir mənası yoxdur.
Elə bu məqsədlə də sənədlərin mühafizəsi yönündə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bunlardan ən vacibi tabeçiliyində olduğumuz Milli Arxiv İdarəsinin maliyə dəstəyilə fono – video sənədlərin xüsusi proqramla rəqəmsal formata keçirilməsidir.
Fərəhlə qeyd etməliyik ki, Respublika arxiv sistemində ilk olaraq bu çox gərəkli işə biz başlamışıq və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və 20 mindən artıq video süjetin 40 %-ə qədəri artıq rəqəmsal formatda CD və DVD disklərinə köçürülüb və bu iş müntəzəm olaraq davam etdirilir. Məqsədimiz yaxın bir neçə il ərzində tam elektron arxiv yaratmaqdır. Bildiyimiz kimi, hələlik lazer disklərində bir ölməzlik var. Daha uzaq, on illərə körpü yarada
bilmək, bu günümüzün canlı xronikasını əbədiləşdirmək üçün Dövlət Səs Yazıları Arxivi əməkdaşları Vətənimizin bütün sahələrini əks etdirən fono və video sənədləri böyük fədakarlıqla toplayaraq zamanın səsini, nəfəsini olduğu kimi gələcək nəslə çatdırmaqdan ötrü əzimlə çalışırlar.