Sərxoş dostların əmələlri məhkumluğa yol açdı
Soyğunçuluqda ittiham olunan Tərtər rayon sakini Xəyal Süleymanov, Bərdə rayon sakinləri Rəşad Əhmədov və onun qardaşı Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Rövşən Əhmədov Bərdə şəhəri M.Müşfiq küçəsində yerləşən R.Musayev adına orta məktəbin qarşısında Bərdə rayonun Qaraqoyunlu kənd sakini Cəlal Baxşəliyevə və Cavanşhir Əliyevə qarşı zor tətbiq edərək onlardan 57 manat pul, 1 mobil telefon alıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər hadisəni törətməmişdən əvvəl birlikdə yeyib-içiblər. Dostlar qonaqlıqdan sonra evə qayıdarkən qarşıdan gələn iki nəfəri soymaq qərarına gəliblər. Həmin şəxslər yaxınlaşan zaman X.Süleymanov onlardan siqaret istəyib. Siqareti alan zaman Xəyal pul da istəyib. Etirazla qarşılaşdıqda, 3 nəfər birləşib onları döyüb, sonra isə ciblərini soyublar. Bundan əlavə, istintaq həmçinin təqsirləndirilən şəxslərin Bərdə şəhərində və ətraf rayonlarda 10-dan çox soyğunçuluq cinayətləri törətmələrini müəyyən edib.
Bundan başqa, Xəyal Süleymanov sərxoş vəziyyətdə Bərdə şəhəri A.Əhmədov küçəsində heç bir əsaslı səbəb olmadan tanışı Nurlan Nəsirov mübahisə edib, onu nalayiq sözlərlə söyüb, təhqir edib. O, Nurlanı vurmağa cəhd göstərib. Lakin zərbə anında Nurlan Nəsirov geri çəkildiyindən onu vura bilməyib.
Həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən hakimiyyət nümayəndəsi hesab olunan Bərdə rayon polis şöbəsinin post patrul xidmətinin polis serjantı Emin Mustafayevin qanuni tələblərinə əməl etməyərək onun fərqlənmə nişanı olan paqonunu qoparıb. Həmçinin Xəyal Süleymanov yumruqla və təpiklə bədəninin polis serjantının müxtəlif yerlərindən vurub.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Mübariz Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Xəyal Süleymanov 5 il, Rövşən Əhmədov 1 il 6 ay, Rəşad Əhmədov 1il 1 ay 12 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Həmin hökmdən Baş Prokurorluq narazı qalıb və apelyasiya protesti verib. Prokurorluq protestində təqsdirləndirilən şəxslərə həddindən artıq yüngül cəza verildiyini qeyd edib və onların cəzalarının ağırlaşdırılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsində Baş Prokurorluğun protestinə baxılıb. Hakim Şamil Rzaquliyevin sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, baş Prokurorluğun protesti təmin edilib və birinci məhkəmə instansiyasının hökmü ləğv edilib, yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Xəyal Süleymanova 5 il, Rövşən Əhmədov 2 il 10 ay, Rəşad Əhmədova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.