Sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemi tətbiq ediləcək
İran və Azərbaycan Gömrük komitələrinin rəis müavinlərinin 22 yanvar görüşündə iki ölkənin sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemindən istifadə olunması məsələsi müzakirə olunub və razılıq əldə olunub. Bunu İranın Azərbaycan səfiri Möhsün Pakayin Trend-ə müsahibəsində deyib. Səfir bildirib ki, iki ölkənin sərhəd-keçid məntəqələrində vahid pəncərə sistemindən istifadə etməklə gömrük prosedurları tezləşəcək, iki ölkə arasında gediş-gəliş və mal mübadiləsi sürətləndiriləcək və ümid edirik yaxın bir il ərzində iki ölkə arasında vahid pəncərə sistemi istifadəsinə başlanacaq.
Səfir əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollardır və hər il 1 milyon sərnişin sərhədlərdən gediş-gəliş edir.
«Gömrük sahəsində əməkdaşlıqların artırılması və gömrük prosedurlarının sadələşdirilməsi iki ölkə arasında ticarətin inkişafına və sürətlənməsinə, narkotiklərlə və qaçaqmalçılıqla mübarizəyə zəmin yaradacaq», — Pakayin deyib.