Sergey Narışkin: Qarabağı yaxın gələcəkdə gözləməyin
Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağı barədə bəyanat səsləndirməklə böyük səhvə yol verib. Yeni Azərbaycan Partiyasının sədr müavini — icra katibi Əli Əhmədov Dumanın spikeri Narışkinin bu fikirə münasibət bildirərkən belə deyib.
«Narışkin bu bəyanatı səsləndirməklə böyük səhvə yol verib. Ən azından Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü unutmamalı idi. Çünki bu missiyanı öz üzərinə götürmüş dövlətin ən mühüm vəzifəsi üzərinə götürdüyü missiyanı tezliklə uğurla yerinə yetirməkdən ibarətdir», — Əhmədov bildirib (Trend).
YAP rəsmisinin sözlərinə görə, çox təəssüf ki, Minsk Qrupunun 20 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, münaqişənin nizamlanması istiqamətində həlledici addım atılmayıb.
«Əlbəttə, mən Minsk Qrupunun bu vaxta qədərki fəaliyyətini də heçə endirmək istəmirəm. Amma Minsk Qrupu bu günə qədər üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilməyib. Bununla bağlı Azərbaycan cəmiyəti tərəfindən də tam haqlı tənqidlər səsləndirilib. Mən təəssüf edirəm ki, həmsədrlərdən biri olan Rusiyanın kifayət qədər yüksək siyasi vəzifədə çalışan rəsmisi belə bir bəyanat səsləndirdi. Bu ondan xəbər verir ki, Rusiyada münaqişənin həll olunması üçün lazımi qədər səylər göstərmək niyyətində olmayan insanlar da var. Bu insanların nə qədər olduğunu bilmək olmaz, amma Rusiyanın parlament sədri səviyyəsində belə bir bəyanatın səsləndirilməsi əlbəttə ki, bizi qane edə bilməz», — o deyib.
Əhmədov hesab edir ki, Rusiya həmsədrlərdən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına ciddi təsir göstərmək imkanlarına malik bir ölkə kimi bu münaqişənin həll olmasına öz töhfəsini verməyə çalışacaq.
«Ən azından biz buna inanırıq. İnanmasaydıq, Azərbaycan Rusiyanın həmsədr kimi fəaliyyət göstərməsinə etiraz edərdi. Rusiyanın ən əsas vəzifəsi isə bu inamı doğrultmaqdan ibarət olmalıdır», — sədr müavini vurğulayıb.