Sergey Markedonov: Kreml hər məsələdə balans saxlayacaq
Kreml bundan sonra da Ermənistan və Azərbaycanla münasibətlərində iqtisadiyyatdan tutmuş Qarabağ nizamlanmasına qədər bütün məsələlərdə balans saxlayacaq. Bu fikri Vaşinqton Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti, analitik Sergey Markedonov söyləyib (Turan-Armİnfo).
“Avqustun 13-də Rusiya prezidentinin Azərbaycana səfəri Ermənistanla Avropa İttifaqı arasında assosiasiya haqqında sazişin paraflanmasının nəzərdə tutulması ilə əlaqədar Rusiya-Ermənistan münasibətlərinin müəyyən qədər soyuqlaşması fonunda baş tutub.
Öz növbəsində Yerevan hər zaman RF ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıqdan ehtiyat edib. Bu əməkdaşlıq 4 mlrd. dollara çatıb və artım tendensiyasına malikdir. Lakin tələsik qiymətləndirmələr etməmək və nəticələrə gəlməmək üçün Putinin Bakı səfərini Rusiya-Azərbaycan münasibətlərinin ümumi kontekstindən çıxarmamaq məqsədəuyğundur. Yeri gəlmişkən, avqustda Putin Əliyevin fikirlərini bəyənərək problemlərin dinc və siyasi vasitələrlə həllinə dair Rusiya formulunun dəyişməz olduğunu təkrarlayıb”, — ekspert bildirib.
Markedonovun fikrincə, prezidentlərin və yüksək vəzifəli məmurların istənilən gedişi vakuumda baş vermir. Onların tarixdən əvvəlki öz dövrləri, həm də niyyətlərini məhdudlaşdıran müəyyən resursları var. Bu gün Azərbaycan Rusiyanın Qafqaz istiqaməti üzrə siyasətində xüsusi yer tutur.
Lakin digər tərəfdən Bakının Qərblə, xüsusilə də energetika sahəsində sıx əlaqələri var. Eyni zamanda Moskva ilə problemli olsa da hamar münasibətləri var. Uzun illər Gürcüstan yox, məhz Azərbaycan regionda Rusiya üçün əsas başağrısı hesab olunub.
Markedonovun fikrincə, Yerevan kimi Bakı da müstəsna olaraq Qərbin və ya Rusiyanın xeyrinə seçim etməyəcək. Azərbaycanda Moskvanın inteqrasiya layihələrinə skeptik yanaşılır, ABŞ və onun müttəfiqlərinin qonşu İrana qarşı mümkün hərbi əməliyyatına cəlb olunmasında eyni dərəcədə maraqlı deyillər.
“Təbii ki, Azərbaycan rəhbərliyi Gürcüstanda olduğu kimi demokratik sınaqlara məruz qalmaq istəmir. Müxtəlif güc mərkəzləri arasında kəskin seçim nəzərdə tutmayan balans da bundan irəli gəlir. Beləliklə, Rusiya-Azərbaycan münasibətləri olduqca ziddiyyətlidir”, — ekspert vurğulayıb.
“Moskvada başa düşməyə bilməzlər ki, Ermənistanla müttəfiqlikdən imtina Bakı tərəfindən təqdir edilə və dəstəklənə bilər, lakin Azərbaycan özü Rusiya istiqamətində qətiyyətli addım atmayacaq. Onun Türkiyə, ABŞ və Aİ ilə əlaqələri çox güclüdür. Rusiyanın özünün etdiyi sərt seçim isə indiyədək yalnız Yerevan və Bakı üçün deyil, həm də Qərb tərəfdaşları ilə münasibətlərin qurulması üçün mühüm arqument olan Qarabağ nizamlanmasında vasitəçilik rolunu inflyasiyaya məruz qoyacaq”, — deyə Markedonov qeyd edib.