Şəkidə İlqar Məmmədovun və Tofiq Yaqublunun məhkəməsi başlayıb
Noyabrın 18-də Şəki Ağır Cinayətlər üzrə Məhkəməsində Rəşid Hüseynovun sədrliyi ilə 23-24 yanvar İsmayıllı hadisələri üzrə ittiham edilərək həbsə alınan Tofiq Yaqublu (Müsavat Partiyası başqanının müavini), İlqar Məmmədov (ReAL təşkilatının sədri) və digərlərinin məhkəməsi başlayıb.
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli Turan-a bildirib ki, məhkəmə baxışı bir az gecikib. Səbəb təqsirləndirilən şəxslərin gətirilməməsidir. Onun sözlərinə görə, proses açıq olsa jurnalistlər, müxalifət fəalları, hətta müttəhimlərin qohumlarının bir qismi zala buraxılmayıb. Bu, zalda yerin məhdud sayda olması ilə izah edilib. Zala daxil ola bilməyənlər məhkəmənin həyətində gözləyir.
Bundan başqa məhkəmədə iştirak etmək üçün təxminən 100-ə yaxın adam toplaşıb. Onların sırasında ittiham olunanların qohumları və Müsavat fəalları, eyni zamanda səfirliklərin nümayəndələri var.
Yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısı Emil Şəmdinovun və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra kütləvi etirazlar baş verib.
Etirazlar yanvarın 24-də yatırılıb. 18 nəfər həbs edilib. Həbs olunanların arasında etirazlar yatırıldıqdan sonra İsmayıllıya getmiş müxalif REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu da var.
T. Yaqublu, İlqar Məmmədov, həmçinin İsmayıllı rayon sakinləri Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi qaldırılıb və barələrində həbs qətimkan tədbiri seçilib.