Muəllif:

Səidə Quliyeva: Aktyora 2-ci, 3-cü dərəcəli insan kimi baxmaq olmaz

Səidə Quliyeva sənətdə istedadı olmayanlara yaradıcı yox, icraçı kimi baxır. Xalq artisti özü isə gənc sənət dostlarına dəstək olmağa çalışdığını, gənclərlə bir yerdə seriala çəkilməkdən, onlarla işləməkdən zövq aldığını deyir. Onunla söhbətimiz də sənətçi və zaman mövzusu ətrafında gedir. Deyir:

— İnsan yaşa dolduqca həm daxilən, həm xaricən çox dəyişilir. Təbii ki, mən sənət adamlarını nəzərdə tuturam. Ona görə də çalışmaq lazımdır ki, gənclik illərindən səmərəli istifadə edəsən. İnsan gəncliyində addımlarını necə atırsa, bu bilavasitə onun gələcəyini də həll edir. Özünü necə göstərdinsə, elə də gedəcək. Əgər özünü ciddi, tərbiyəli biri kimi göstərsə, ətrafındakı insanlar da onu elə tanıyıb, qəbul edəcəklər. Etik normalara riayət etməyən insanla başqaları da qeyri-səmimi olacaq.

Əgər mənə belə bir sual versəydiniz ki, siz gəncliyə nə arzulayardınız, mən deyərdim ki, səbr və zəhmət. Bizim gənclər istəyirlər ki, 5-10 günə hər şeyi əldə etsinlər. Xeyr, bu belə deyil. İlk öncə savad toplamaq lazımdır, əlbəttə istedad da öz yerində. İstedadı olmayan insana mən yaradıcı yox, icraç kimi baxıram. Əgər o adamın istedadı yoxdursa, nə qədər zəhmət çəksən də, o bir az qalxa bilər. Bu sənətin zirvəsi yoxdur. Bizdə qadın aktrisaların arzuladığı ən gözəl rollar Şekspirin əsərlərindəki qadın qəhrəmanlarıdır. Məsələn, Dezdemona rolu. Bu rolları mən zəif rollar sayıram. Şekspirin əsərləri içərisində ən gözəl- Cülyetta roludur. Mənə elə gəlir ki, bu obraz hərtərəflidir.

— Adını çəkdiyiniz qadın obrazlarının arzusunda olmusunuzmu?

— Ümumiyyətlə, mən heç bir rolun arzusunda olmamışam. Bəlkə, məndə elə bir istedad var ki, mən “aşıb-daşıram”. Bax bunu mən yox, rejissor bilməlidir. Rejissorun qüdrəti ondadır ki, aktyorun özünün görmədiyi daxili obrazları açsın və həmin aktyora istədiyi obrazları oynada bilsin. Çox təəssüf ki, bizim hazırki gənc rejissorlarıın buna səbri, hövsələsi çatmır. Rejissor çalışmırlar ki, gənc aktyoru inkişaf etdirib, yetişdirsin. Bu gün çəkilən seriallarda cavan aktyorları, aktrisaları görürəm, onların içərisində ümidvericiləri də var. Bizim gəncliyimizdə bir dənə əsas televiziyamız var idi. Səhər orada tamaşa gedirdisə, axşam artıq biz məşhur idik. Çünki bütün Azərbaycan yalnız o kanala baxırdı.

— Daxilən sakit insansınız. Ona görəmi sizə təbiətninzə uyğun rollar təqdim olunur?

— Çılğın rollarım da olub. Mən çox çılğın adamam, sadəcə olaraq mədəniyyətimi qoruyub saxlayıram. Adam var ki, ona bir söz deyəndə o dəqiqə özündən çıxır, emosiyasını saxlaya bilmir. Amma mən elə deyiləm, düşünüb addım atıram. Hərdən də öz-özümə deyirəm ki, gərək onun cavabını o anda verərdim. İçəridə özümü yeyirəm, bu da səhhətimə çox pis təsir edir.

— Son vaxtlar aktrisa-rejissor narazılıqları sızır mətbuata. Sizin bu sferada durumunuz necədir?

— Azdramaya son zamanlar kənardan rejissorlar dəvət olunur. Hər biri ilə münasibətim yaxşıdır. “Xanuma” tamaşasında rejissor Mikayıl Mikayılovla işləmişəm. Bu tamaşadakı balaca bir epizoda görə Mədəniyyət və Turizm Nazirliyi mənə xalq artisti adını verdi. Balaca bir epizod mənim taleyimdə çox böyük rol oynadı. Bu gün də mən bu rolu sevə-sevə oynayıram. Bu rolu oynamayana qədər heç kim bilmirdi ki, mənim səs tembrim çox yüksəkdir. Demək olar ki, Azərbaycanda nə qədər rejissor varsa, hamısı ilə işləmişəm. Sonuncu dəfə isə “Anamın kitabı” əsərinin tamaşasında rejissor Firudin Məhərrəmov ilə işlədim.

— İş proseslərindən razı qalırsınız?

— Pis deyil… Elə şeylər var ki, mən onları deməyəcəyəm. Çünki onlar bizim teatrın mətbəxinə aiddir. Mən heç bir aktyor yoldaşıma da məsləhət görmürəm ki, müsahibədə hər şeyi açıb desinlər. Çünki tamaşaçını belə şeylər çaşdırır. Hərdən danışırlar ki, filankəs filankəs haqqında belə dedi, belə oldu. Amma demirlər ki, o filan rolu belə gözəl oynadı.

— Elə bir rolunuz olubmu ki, onu həm teatrda, həm də kinoda oynayasınız?

— Yox, elə bir rolum olmayıb.

— Serialları tənqid edənlər çoxdur…

— Tənqidin nəyi pisdir ki? Qoy tənqid etsinlər. Hətta dahi insanlar da vaxtilə tənqid olunublar. Salvador Dalinin əsərlərini müasirləri sevirdilərmi? Seriallarımız da getdikcə daha gözəl olacaq. Tənqid təkcə seriallara yox, teatra da aiddir. Gərək baxasan ki, səni kim tənqid edir. Əgər məni Məryəm Əlizadə, İlham Rəhimli, Aydın Talıbzadə kimi teatrşünaslar tənqid etsələr, düşünərəm. Bu insanların tənqidindən nəticə çıxarmaq olar.

— Teatrdan maaş ilə seriallardan qonorar arasında ciddi fərq varmı?

— Son illər elə film olub ki, qonorar az olub, amma rol xoşuma gəldiyindən gedib çəkilmişəm. Hərdən də görürəm ki, rol xoşuma gəlmir, yüksək məbləğ deyirəm. Görürəm ki, uzaqlaşırlar. Yəni canımı belə qurtarıram (gülür). Ümumiyyətlə, bizdə aktyora qonorar vermək istəmirlər. Elə bilirsiniz ki, aktyora qonorar verəndə nə olacaq? Rejissor film çəkibsə, məhsulu bazara çıxarmalıdır. İndiki rejissorlar aktyorun qonorarını kəsib maşın, ev alır. Sən necə aktyorun qonorarını kəsə bilərsən axı? Axı bu onun zəhmətidir.

Sən, rejissor, əgər aktyorla müəyyən konkret məbləği danışmısansa, onu da ödəməlisən. Şəxsən mənim başıma gəlib belə bir şey. “Susmuş vicdan” serialından elə bir anda çıxdım ki, serialın taleyi həll olunurdu. Mən bu günə qədər mənliyimi heç kimin ayağı altına atmaram. Övladımın yanında belə mənliyimi saxlamışam, hansısa bir rejissorun yanında mənliyimi niyə ayaq altına atmalıyam? Bizim sənətdə mütləq mənəviyyat olmalıdır. Aktyora 2-ci, 3-cü dərəcəli insan kimi baxmaq olmaz. Bu gün mənim adım çıxıb ki, Səidə xanım pul “oxuyur”. Mən haqqımı istəyirəm, çəkmirsən, çəkmə. Mən sənə yalvarmıram ki? Hərdən reklamlara çağırırlar, 200-300 manat verirlər. Ayıbdır, vallah. Deyəndə də deyirlər ki, Səidə xanım, yarım saat vaxtınız gedəcək də. Sən professional aktrisa ilə işləyirsən, yarım saat vaxtın gedir, əgər sən qeyri-professional aktrisa ilə işləsən, sənin bir gün vaxtın gedə bilər.

— Bütün bu təlatümlərin içində ailə qayğılarına kifayət qədər zaman ayıra bilirsiniz?

— Mənim üçün ilk növbədə ailəmdir. Mən əgər evdə yemək hazırlamasam, ayağımı çölə qoymaram. Evdə ilk öncə oğlumun, yoldaşımın qayğısına qalmalıyam. 17 yaşında bir oğlum var. Allah mənə onun toyunu görməyi qismət etsin. Aktrisa hər şeydən əvvəl evində qadındır, anadır.

— Kinostudiyadan sonuncu dəfə nə vaxt sizə filmə çəkilməyə dəvət gəlib?

— Sonuncu dəfə Ülviyyə Könülün “Vəkil hanı?” filmində çəkilmişəm. Vaqif Mustafayev deyir ki, çəkəcəyim 4 filmdə sən varsan. İllər də gedir, enerji də… Mən çox istəyərdim, onunla yenidən işləyim.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 472