Şəhid əsgər Dağ Kəsəməndə torpağa tapşırıldı
Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn edilib. Dünən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan, 1995-ci il doğumlu Sərxan Vaqif oğlu Qasımov bu gün doğulduğu Ağstafa rayonunun Dağ Kəsəmən kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində MN Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədov, əsgərin xidmət etdiyi hərbi hissə və birləşmə komandanlığının nümayəndələri, rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dekabrın 27-də ermənilər Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin əsgəri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan 1995-ci il təvəllüdlü Sərxan Vaqif oğlu Qasımov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Sərxan Vaqif oğlu Qasımov ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.