Muəllif:

Seçki utancaqları

Bu həftə könlümə başqa mövzu düşmüşdü. Hətta biri yox, ikisi. Amma onlar gözləyər, daha əcil məsələ var.
İndi başınız çox qarışıqdırsa, oktyabrın 8-də, seçki təbliğatının tam qadağan olunduğu «sükut günü» oturub fikirləşərsiniz: Azərbaycanda Eurovision-2013 müsabiqəsində iştirak üçün müğənni seçiminə həsr olunmuş konsertlər daha geniş işıqlandırıldı, yoxsa prezident seçkisi kampaniyası çərçivəsində keçirilən görüş və tədbirlər? O müğənni uzağı bir il hansısa səhnələrdə mahnı oxumaqla ölkəmizi təmsil edəcək. Prezidentsə azı beş il tək təmsilçimiz yox, həm də rəhbərimiz olacaq, küçələrdəki plakatlardan, qəzet-jurnallardakı şəkillərdən, ekranlardakı kadrlardan, iş otaqlarının divarlarındakı portretlərdən hər hərəkətimizi izləyəcək, qiymətləndirəcək. Ya da cəzalandıracaq.
Seçki kampaniyası dövründə telekanallar bir dəfə də olsun debat keçirmədilər, təşviqat materialları vermədilər, namizədlərin tədbirləri haqqında xəbər yerləşdirmədilər. İctimai TV boynuna götürdüyü pullu təşviqat öhdəliyindən yayınmaq üçün hər bəhanəyə əl atdı. Qanunla boynuna qoyulmuş pulsuz təşviqat öhdəliyini isə professional media qurumuna yaraşmayan səviyyədə yerinə yetirdi, adı «debat» olan proqramları ucuz şouya çevirdi.
Bir özəl yayım şirkəti rəhbərindən televiziyasının seçki təşviqatından kənarda qalmasının səbəbini soruşanda, utancaqlıqla cavab verdi:»Bu biabırçılıqdan nə qədər kənar olsan, bir o qədər yaxşıdır».
Telekanallar bir tərəfə, məgər Mərkəzi Seçki Komissiyası özü əhalinin məlumatlandırılması, medianın maarifləndirmə və təşviqat kampaniyasında iştiraka həvəsləndirilməsi üçün lazım olan işləri gördümü? Əksinə oldu. MSK kampaniyaya fəal qoşulan KİV-lərə qulaqburmaları və bir də qanunsuz məhdudiyyət halları barədə şikayətlərə anlaşılmaz, «utancaq» cavabları ilə yadda qaldı.
Mən bu yazıda hansı namizədin «oğru», hansının «doğru» olduğu barədə mülahizə yürütmürəm. Heç kimin təbliğatını aparmıram. Bunlardan da vacib bir problemin ortada olduğunu görüb onun davasını aparıram. Seçkilərin təşkilinə məsul olan dövlət orqanları bütün səylərini ictimai fəallığın artırılmasına yox, söndürülməsinə yönəldirlər. Seçkiqabağı yarış müddətinin 21 günə qədər qısaldılması, mitinq və görüşlərin keçirilməsi üçün əlverişsiz yerlərin təklif olunması, medianın təşviqat kampaniyasından çəkindirilməsi, kampaniya ərzində həyata keçirilən həbslər, xəbərdarlıq və hədələr başqa hansı məqsədə xidmət edə bilər? Cəmiyyətdə heç bir nüfuzu olmayan, fikrini söyüş və həqarətsiz ifadə etməyi bacarmayan insanlardan namizəd düzəldib auditoriyanın qabağına çıxarmaq kütləni seçkilərdən iyrəndirməkdən başqa hansı niyyətin göstəricisi ola bilər?
Sanki bu ölkədə seçki hakimiyyətə gəlmək istəyənlər üçün lazımdır. Hakimiyyətdə qalmaq istəyənlər üçünsə o, artıq əziyyətdir. Məsələ nə qədər tez, nə qədər dar dairədə bitirilsə, bir o qədər yaxşıdır. Xalq bunu hiss edir və hakimiyyətə yük olduğundan, onu vaxtaşırı seçkidən keçmək kimi əzaba qatlaşmağa məcbur etdiyindən özü utanmağa başlayır. Mən bu utancaqlığı Yazıçılar Birliyinin prezident seçkiləri ilə əlaqədar bəyanatına qurumun sədrinin verdiyi izahda gördüm. Jurnalistin ikibaşlı suallarına onun bütöv zümrə adından əsəbi cavablarında bircə son cümlə çatışmırdı: «Uzunçuluq etməyimizin nə mənası, onsuz da hər şey əvvəldən bəllidir…».
Hərçənd, bu cür yozula biləcək fikri sədr müsahibənin əvvəlində söyləmişdi.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324