Muəllif:

Səbuhi Rəhimli:”Dünyanın siyasi mənzərəsi dəyişəçək”

Məmləkətimizdə 2014-ün At ili olduğunu bilməyənlər çox azdır. Amma yeni ilin xarakteristikası, onun insanlara, ictimai-siyasi proseslərə, təbiət hadisələrinə, bir sözlə planetimizə göstərdiyi təsirlərdən xəbərsiz olanlar çoxdur. Tanınmış astroloq, «Qoroskop» qəzetinin baş redaktoru  Səbuhi Rəhimli AYNAya müsahibəsində At ili və onun özəl xüsusiyyətləri barədə ən dolğun məlumatları açıqladı.

Vəfalı ev heyvanı olan at istər folklorumuzda, istərsə də əsatir və dastanlarımızda igidlik simvolu kimi dəyərləndirilib. Onu sadiq dost, xilaskar, namus qoruyucusu sayıblar. «Arvad, at, papaq» kişilərin qeyrət rəmzi kimi səciyyələndirilib. At həm də muraddır,  sevilən, hörmətlə yanaşılan heyvandır.

Onu da qeyd edək ki, qarşıdan gələn Göy At ili 2014-cü il yanvarın 31-də Bakı vaxtı ilə gecə saat 02:39-da start götürəcək.

— Səs-küylü, siyasi hadisələrlə zəngin İlan ili başa çatmaqdadır. At ilində bizi nə gözləyir?

— Öncə qeyd edək ki, Göy At ilinin gəlişi heç də firavanlıqdan xəbər vermir. Əgər yola saldığımız İlan dövrünün ən qalmaqallı hadisələri Suriyada baş verənlər olmuşdusa, bu dəfə daha qorxulu olaylar mümkündür. «Avesta» təqviminə görə, bu il Xeyirlə Şər qüvvələri bərabərləşəcək. Bu isə qızğın mübarizə gedəcəyinə zəmin yaradacaq. Hardasa may ayına qədər davam edən mübarizədə ədalət tərəfdarları üstünlüyü ələ alacaq, amma onu saxlamaq çox çətin olacaq. İlin astronomik işarəsi olan Atın göy rəng daşıması ictimai-siyasi prosesləri nəzarətdən çıxarmağa çalışacaq və əksər hallarda buna nail olacaq. Məhz göstərilən amili əsas götürən qədim insanlar Göy Ata ehtiyatla yanaşır, onu şər qüvvə adlandırır, onun yalnız bədbəxtlik gətirdiyini zənn edirdilər. Astroloji mənbələrə görə, Göy At ilinin üzərinə düşən başlıca vəzifə milli, dini və mistik məsələlərin həllidir. İnsanları narahat edən qlobal problemlər, dünyanın gərdişi, insanların birləşməsi, vətənimiz olan Yerin qorunması 2014-cü ilin əsas öhdəliklərindən olacaq.

Bir amili də nəzərinizə çatdıraq ki, At ilində daha çox öz yolu olan konkret məslək daşıyıcıları, ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənət adamları, ilahi missiyaya xidmət edənlər, bir sözlə Tanrıya sığınanlar üçün uğurlu keçəcək. Əgər hər kəs «Avesta»da deyildiyi kimi Xeyirxah Fikrə, Xeyirxah Sözə və Xeyirxah Əmələ xidmət etsə, məhz onun bəxti gətirəcək. Bu sıraya Allahın kamilliyindən bəhrələnən, İlahi qaydaları pozmayan öncəgörənlər də şamildir. At o kəslərə bədbəxtlik gətirəcək ki, onlar İblisə əsgərlik edirlər. Yalançıların, qarğış sahiblərinin, xəyanətkarların, böhtançı və rüşvətxorların, cadugər və fal açanların üzü gülməyəcək. Xalqını, millətini talayanlar, başqalarının əməyini istismar etməklə bahalı mülklər tikdirənlər, insanları qorxu içində saxlayanların acı aqibəti yaxınlaşacaq.

— At ilində  narahatçılıq üçün əsas çoxdur?

— Göy At ili həm də qəfil ölümlər gətirəcək. Lakin bunun yaxşı və ya yaman adamlara şamil olunacağını söyləmək çətindir. Ötən dövrlərin sözügedən illərində həddindən ziyadə qanlı hadisələr olub. Elə bu səbəbdən də əhali arasında təşviş var. Düşünürlər ki, il çapar At ilində təsvir olunduğundan müharibələr, çoxsaylı qırğınlar, təbii fəlakətlər geniş vüsət alacaq. Düzdür, narahatlığa xeyli səbəblər var, amma bəla çəkənlərin çoxu günahkarlar olacaq. Unutmayaq ki, At illərində qəfil yüksəlişlər və qəfil enişlər baş verir. Həyatın dibində çabalayan, buna baxmayaraq qəlbində Tanrı sevgisi gəzdirənlər heç kimin gözləmədiyi zirvələri fəth edəcək. Firavan ömür sürüb Allahını unudanlar, hamıya yamanlıq edənlər, hətta ölkələrə rəhbərlik etsə belə, zəlil günə qalacaqlar. Bax, Atın belə xüsusiyyətləri də var. Buna hazır olun. Bu baxımdan At ilində baş verən bəzi hadisələri yada salmaq yaxşı olardı: — Babək Xürrəmi ərəb xilafətçiləri tərəfindən edam olunub (838),  Atabəy Məhəmməd Cahan Pəhlavan hakimiyyətə gəlib (1174), Bakıda ermənilər tərəfindən törədilən və 15 min Azərbaycan türkünün ölümü ilə nəticələnən soyqırım baş verib (1918), Şərqdə ilk dəfə Azərbaycanda Demokratik Respublika yaradılıb (1918),  Azərbaycan-türk qoşunları eser-daşnakların müqavimətini qırıb və Bakı onlardan tamamilə təmizlənib (1918), Bakı Azərbaycanın paytaxtı elan olunub (1918) və s.

— At illərinin tarixi xronologiyasında ürəkaçan hadisələr yalnız cüzi faiz təşkil edir…

-Təəssüf ki, belədir, 2014-ün bəxtindən də bu kimi hallar yan keçməyəcək. Ümumi şərhə geniş ehtiyac duymadığımızdan gəlin, konkret proqnozlara nəzər salaq… Astroloji qənaətlərə görə, ilin ilk yarısı çox çətin keçəcək. Qalib olmaq üçün çox və riskli öhdəliklər götürülməmək, məsuliyyət hissini artırmaq lazımdır. Bu dövrdə qlobal dəyişikliklər, standartdankənar olaylar, reallığa bənzəməyən situasiyalar mümkündür. Bir sözlə, insanlar baş verən halların məntiqi gedişatını anlamaqda çox çətinliklər çəkəcəklər. Dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında ciddi qarşıdurmalar olacaq. Heç kimin gözləmədiyi liderlərin meydandan getməsi, zəif bilinən insanların isə siyasət meydanında parlaması nəzərə çarpacaq. Yeni liderləri də görəcəyik. Bir sözlə, dünyanın siyasi mənzərəsi kifayət qədər dəyişəcək.

İlin ikinci yarısı qismən sakit keçəcək. Evlənmək, ailə problemlərini həll etmək, tikinti və təmir üçün çalışmaq yaxşı olar. Amma Şərqin qaynarlığı, alovları da tədricən Qərbə doğru sürüşəcək. Amma bu hal hələ təməl müstəvisində olacaq, çünki əsas səsin 2015-ci ilə keçəcəyi proqnozlaşdırılır. İlin bu dövründə dini və texnoloji yönümdə tərəqqini də müşahidə edəcəyik.

 -Azərbaycanda nələr olacaq?

— Azərbaycana gəlincə, heç də sakit ilin şahidi olmayacağıq. Yaz aylarında ölkədə gərginliyin şahidi olacağıq. Bu, təkcə siyasət (məsələn, müxalifət-iqtidar) müstəvisində deyil, cəmiyyət-hakimiyyət müstəvisində də nəzərə çarpacaq. Xarici müdaxilələr də qabarıq şəkildə özünü göstərəcək. Gözlənildiyi kimi olmasa da, qismən bahalaşma olacaq. 5-ə yaxın nazir və ya nazir ranqlı məmurun istefası, bəzi millət vəkillərindən sensasiyalı gedişlər də baş verəcək. Bu il Veneranın təsir imkanları artması səbəbindən evliliyin sayı daha çox olacaq. Sevgi üzərində qurulmayan izdivacların pozulması halları isə artacaq.

— İlin planetinin Venara olmasının At ilinin necə keçməsinə təsiri varmı?

— Onun hakim olduğu dövrlərdə əksər həqiqətlər üzə çıxır, çoxsaylı müəmmalı hadisələrə aydınlıq gətirilir. Müasir dünya astrologiyasının qənaətlərinə görə, ən çox cinayət işlərinin açılması da məhz bu planetin himayəsində baş verir. Bunlarla yanaşı sənayedə, elm və təhsildə, eləcə də mətbuatda tərəqqi də özünü büruzə verir. Venera Zodiakda 255 günə dolanır, əsasən Buğa və Tərəzini istiqamətləndirir. İdarə etdiyi adamlara fiziki cazibədarlıq, xoşbəxtlik, zəriflik, ahəngdarlıq və tarazlıq bəxş edir.

Qarşılamaqda olduğumuz il At üstündə təhvil olunduğundan həmin illərdə dünyaya gələn adamların xarakterindən yazmamaq ən azı sözügedən kəslərə qarşı laqeydlik olardı. Bu səbəbdən də müşahidəmiz nəticəsində, eləcə də müxtəlif ədəbiyyatlardan əldə etdiyimiz məlumatları açıqlayıram. Öncə nəzərinizə çatdıraq ki, astroloji xüsusiyyətlərinə görə At illəri iki qismə bölünür. Onlardan biri 60 ildə bir dəfə təkrarlanan (1866, 1906, 1966 və s.) Çılğın — Odlu At ili və adi At ili. Astrologiyaya görə, At ilində doğulanlar ilk növbədə gözəl danışıq qabiliyyəti ilə diqqəti cəlb edirlər. Onlar zahirən istiqanlı və xeyirxah təsir bağışlasalar da, əslində ifrat dərəcədə eqoistdirlər. Bunu «At»la yaxın münasibətdə olan hər kəs söyləyə bilər. Bu adamlar poeziyaya böyük maraq bəsləyir, gənc yaşlarında poetik «cızma-qara» da edirlər. Əksər hallarda uca boya, mənalı baxışlara və sərt qərarlara malik olan «At»lar əyləncələri hədsiz dərəcədə sevir, teatra, kinoya, təntənəli məclislərə, konsertlərə getməkdən zövq alırlar. Belələri hər bir məclisdə diqqət mərkəzində olmaq üçün canfəşanlıq göstərir, bunun üçün diplomatik qabiliyyətlərindən maksimum istifadə edirlər. Axı onlar həm də «kompliment ustası»dırlar.

Bu Zodiak ilində doğulanlara yaxından bələd olmayanlar üçün vacib bir amili qabartmaq istəyirik: At ilinin sakinləri əgər öz fikirlərini aydın ifadə edərlərsə, onların təsiri altına düşməmək heç kimə nəsib olmur. Onlar dinə, eləcə də mistikaya böyük maraq göstərirlər. Lakin bəzən seçimdə yanılırlar. Bu səbəbdən də «At»-övlad böyüdən valideynlər nəzərə almalıdır ki, əgər bu uşaqlara kiçik yaşlarından ciddi nəzarət etməsələr, onlar çox hallarda qara magiyaya, yamanlıq metodlarına doğru istiqamət götürə bilərlər. Dünyanın xilas amili olan məhəbbətdə «At»lar olduqca sirli-müəmmalı, qapalı və impulsiv olurlar. Ən əvvəl onu bildirək ki, bu illərə şamil olunan qadınların əksəriyyəti (ələlxüsus da «Çılğın At»a aid olanlar — S.R.) gec ailə qururlar. Bu isə daha çox öz səhvləri ucbatından baş verir. Çünki zərif məxluqun bu nümayəndələri qismətinə düşən kişiləri vaxtında qəbul etmir, onların «qüsuruna» lağ edir, bununla da öz qismətlərindən ayrı düşürlər. Təyinatlara görə At ilində doğulanlar ailə qurmazdan əvvəl dönə-dönə ölçüb-biçirlər. Bəzən hətta bunun üçün neçə-neçə illər lazım olur. Evlənəndə isə son hökmü yalnız özləri verir. Çünki bu adamlar — istər qadın olsun, istərsə də kişi — ailədə aparıcı mövqeni məhz öz əllərində saxlamağa çalışır, əksər hallarda buna nail olurlar. Bir sözlə, onlar tərəf-müqabilini özlərindən asılı vəziyyətə salmaqda maraqlıdırlar. «At»lar təkcə məhəbbətdə deyil, həyatın bütün sahələrində bu üsuldan istifadə etməyə can atırlar. Xüsusən də siyasi arenada özlərindən qabaqda kimisə görməyə adətgərdə deyillər. Buna baxmayaraq siyasətdə onların rəqibləri həddindən ziyadə güclü olur. Klassik astrologiyaya görə, bu qismə şamil olunan liderlər əksər hallarda sui-qəsdin, çevrilişlərin, eləcə də sifarişli qətllərin və ya terrorun qurbanı olur. Belə siyasətçilər arasında türmə həyatı yaşayanlar az-az tapılar. Bir amili də vurğulayaq ki, «At»lar siyasi rəqabətdə əsasən zəif və cığal olurlar. Yuxarıda dediyimiz kimi bəhs etdiyimiz adamların çox qəribə xüsusiyyətləri var. Onlar nə qədər eqoist, kəmhövsələ, təcavüzkar və tərs olsalar da, təbiətən ədalətli və insanlara xeyir arzulayanlardır. Bəzən onlar ifrat sıxıntı içində ola-ola ətrafdakıların ovqatını yüksəltməyə çalışırlar. Klassik münəccimlər isə «At»ları «zəhmətkeş və nikbin insan» adlandırırlar.

 

İlin müddəti 31.01.2014-18.02.2015

İlin planeti Venera

İlin uğurlu ayları may, oktyabr

İlin uğursuz ayları aprel, noyabr

İlin düşərli günü cümə, şənbə

İlin ağır günü çərşənbə axşamı, bazar

İlin düşərli təqvimləri 2, 4, 6, 7, 8, 9, 15, 19

İlin numeroloji rəqəmi 7

İlin aparıcı bürcləri Buğa, Tərəzi

İlin aparıcı işarələri At, Pələng,

İt İlin rəngi göy, yaşıl, mavi

İlin daş-qaşı sapfir, opal, almaz, mirvari

İlin aktiv əraziləri Qafqaz, Yaxın və Uzaq Şərq, Rusiyanın Sibir hissəsi, Avstriya, Avstraliya, İsveçrə.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1168