Şəbəkə biznesi: udan az, uduzan çox
Asan yolla pul qazanmaq üçün şəbəkə marketinqinə qoşulanların sayı artıb. Prosesə qoşulan adam məhsul almalı və yeni üzvlər tapmalıdır ki, pul qazana bilsin, daha doğrusu, onların etdiyi alverə görə faiz əldə etsin. İşsiz vətəndaşlar bu yolla pul əldə etmək üçün əsasən və təbii olaraq öz qohum-əqrabasını, dost-tanışını piramida biznesinə çəkir. Bu şirkətlərdə təmsil olunanlar müxtəlif vərəqələr paylamaqla, reklam bukletləri yaymaqla insanları bu sahəyə cəlb edir. Şəbəkə marketinqinə nəzarət edən şirkətlərin əməkdaşları ən müxtəlif vasitələrlə, hətta birbaşa evlərə zəng vurmaqla sakinləri onlarla işləməyə dəvət edirlər.
Unutmayaq: şəbəkə marketinqi ilk öncə Latın Amerikasında yaranıb, sonralar ABŞ-a da sirayət edib. Lakin Amerikada bu marketinqə yasaq qoyulub.
Şəbəkə marketinqdə olan qiymətlər real bazar qiymətlərindən bahadır. Buna baxmayaraq, dünyada, əsasən də işsizliyin hökm sürdüyü ölkələrdə geniş yayılıb. Şəbəkə marketinqi insanları zəhmətdən yayındırır. O cümlədən, məhsulların satışı həm də internet üzərindən olduğu üçün, vergidən yayınma halları da baş verir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin təqiqatları göstərir ki, bu gün demək olar, şəbəkə marketinqi inkişaf etmiş ölkələrdə zəif, inkişafda olan ölkələrdə isə yaxşı inkişaf edib. Səbəb də əhalinin buna inamı və işsizlikdir. Bu biznesin gəlir qazanma xüsusiyyəti piramida üsulu ilə fərqlənir. Bir nəfər gəlir, sonra isə o bir nəfər özü ilə bir nəfər gətirməlidir. Bir sözlə, piramida sistemi yaranır. Adamlar
elə bilir ki, çox insan bura gəlirsə, demək burada yaxşı qazanc var, amma nəticələr fərqlidir. Təəssüflər olsun ki, nə qədər insanların buradan ziyanla, borcla çıxmalarından xəbərsizdir.
İqtisadçı-alim Vüqar Bayramlı bizimlə söhbətində şəbəkə marketinqində uduşda ancaq bir tərəfin olduğunu qeyd etdi: “Bu da marketinq biznesini idarə edənlər və piramidaya tez qoşulanlardır. Onun sözlərinə görə, şəbəkə biznesi yüksək gəlir gətirsə belə, bütövlükdə insanların aldadılmasına və onların vəsaitlərinin bir qisminin əlindən alınaraq bu biznesə qoyulmasına gətirib çıxarıb: “Məhz bu baxımdan inkişaf etmiş və digər ölkələrdə şəbəkə biznesi bir biznes növü kimi qadağan edilib. Ancaq nisbətən az maariflənmiş və savad baxımından zəif cəmiyyətlərdə şəbəkə biznesi inkişaf edir. Çünki dünyagörüşü məhdud və savadsız insanları inandırmaq daha rahat və asandır. Azərbaycan da belə ölkələrdəndir. Bu biznesin əsas məğzi ondan ibarətdir ki, insanları daha asan, işləmədən gəlir əldə etməyə inandırırsan”.
V.Bayramlı onu da qeyd etdi ki, şəbəkə biznesində təklif edilən malın dəyəri bazar qiymətindən dəfələrlə, bəzən 10 dəfə çox olur: “Hansısa bahalı məhsulu almaq şəbəkə biznesinə qoşulmağın şərti olduğuna görə bu biznesə cəlb edilən şəxs piramida prinsipi ilə qazanmaq əvəzinə itirir. Ümumiyyətlə, şəbəkə biznesində daimi gəlir əldə etmək mümkün deyil. Əksinə, əvvəlcə gəlir əldə etməyə başlayan insan nə qədər uzun müddət bu biznesdə qalırsa, birinci mərhələdə az-çox qazandıqlarını da itirir. Buna görə də şəbəkə biznesinə daxil olan şəxs müəyyən adamları cəlb edə bilibsə, vaxtında bu biznesdən ayrılmalıdır”.
Mütəxəssislərin fikrinə əsaslansaq, belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda şəbəkə biznesinə qoşulan tutaq ki, min adamın ən yaxşı halda orta hesabla 15 faizi, yəni 850 nəfəri uduzur, yalnız 150 nəfəri udur. Bu 150 nəfəri görən hər bir adam isə düşünür ki, onlar da uda bilər. Bu biznesə qoşulanların qoyduğu pul batmaq təhlükəsiylə üzləşdiyindən və pullarını çıxarmaq istəyi gözlərini örtdüyündən ən yaxın adamlarını belə inandıraraq şirkətə yazdırırlar ki,heç olmasa qoyduqları pulu götürsünlər…