Muəllif:

Sayımız, sanbalımız

Dilimizdə say və sanbal sözü var. Ərəbcəsini də işlədirik — kəmiyyət və keyfiyyət. Hər iki dil variantında məna tutumu hər kəsə bəlli olan sözlərdir. Bizim cəbhədən düşmən tərəfə ünvanlanan, lakin bu günə deyil, bir qayda olaraq dumanlı perspektivə hesablanmış ən ciddi arqumentlərimizdən biri də — əhalimizin statistik artımıdır: baxın, biz 9 milyonun üstündəyik, siz 1,7-2,0 milyon arasında. Biz artırıq, siz azalırsınız… 2-3 ildən sonra işə baxacağıq və s. Bəzən Güney Azərbaycanda 30 milyon soydaşımızdan da söz edir və digər ölkələrə səpələnmiş olanları da onun üstünə gələndə hətta 50 milyona çatırıq. Say göz oxşayır, bəs sanbal? Bizdən qat-qat az olan ermənilərin bizə qarşı yönəlmiş mütəşəkkil təşəbbüslərini neytrallaşdırmaqda nə kimi çətinlik içində olduğumuzu xatırlayaq. Güneydə isə 30 milyon insanın varlığı heçə sayılır, qüdrətli bir dil tədrisə layiq bilinmir, bu 30 milyon isə bu həqarətə müticəsinə dözür. 250 milyonluq Türk Dünyasındakı pərakəndəlik… Yenə say və sanbal. Azərbaycanlıların millətlər yarışmasında rəqabətqabiliyyətli olmasının yolu hardan keçir? Təhsildən, əlbəttə. Bizim 40-a yaxın ali məktəbi qoyaq bir kənara. O nədənlə ki, dünyanın hamılıqla qəbul edilən (bizdə isə təhsil bosslarının zəhləsi gedən) 4 reytinq qurumunun (Times Good University Guide, US News, QS World University Rankings və Shanghay Ranking) cədvəllərində bunlar Qafqaz və Xəzər universitetlərini çıxsaq, dünya üzrə 19 000 ali məktəbin ilk 6000 mini arasında yer almırlar (adını çəkdiyimiz 2 universitet isə 5 min neçəncidir). Başqa sözlə, bizim yerdə qalan 36 ali məktəb universitet sayılmır, nəsə başqa bir şeydir. Bunların nə olduğunu TN yaxşı bilər. Onda əlac qalır xaricdə təhsilə. TN-dən vaxtaşırı auditoriyaya ötürülən, xarici universitetlərdəki tələbələrimizin sayı, oxuduqları ölkələr barədə informasiya gözümüzə sataşanda yenə bu say və sanbal müqayisəsi saqqız kimi yapışıb qopmaq bilmir. Dövlətin gəncliyə diqqət və qayğısına, mütəxəssis (həm də vətəndaş) yetişdirmək məsuliyyətinə örnək olaraq bizə bu məqamın vaxtaşırı xatırladılması anlaşılandır (Baxın, işləyirik!). Bu son günlərdə bir daha xatırlatdılar. Üstəlik də bu yay xaricdə təhsil almaq istəyənlərin növbəti dəstəsi şanslarını sınayacaq. Lakin məsələnin kökünü bilmək hər dəfə bizi bu say və sanbal rakursunda düşünməyə vadar edir. Bu məzmundakı informasiyalarda yatan mahiyyətin qanımızı qaraltmasından qaça bilmirik, niyə — ona görə ki, ölkənin və millətin gələcəyi sarıdan ümidsizlik ovqatı yaradır. Ümid yerimiz olan xaricdə təhsil məsələsində yürüdülən siyasəti anlamaqda zorluq çəkirik. Rəqəmlərə baxaq: 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb. Onlardan Türkiyədə 306, Almaniyada 278, Böyük Britaniyada 200, Kanadada 126, Rusiyada 46, İsveçrədə 39, Fransada 35, Güney Koreyada 24, Niderlandda 18, Avstraliyada 17, Avstriyada 10, Litva və İtaliyada hərəyə 7, Çexiyada 6, İsveç və İspaniyada hərəyə 5, İrlandiyada 4, Malayziya və Finlandiyada 3, Norveçdə 2, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib. Hökumətlərarası müqavilələr çərçivəsində 6 ölkədə 712 azərbaycanlı tələbə təhsil alır. Onlardan 442 nəfər Türkiyə, 239 nəfər Rusiya, 26 nəfər Çin, 3 nəfər Misir, Çexiya və Slovakiyanın hər birində isə 1 nəfər təhsilini davam etdirir. Dövlət Proqramı çərçivəsində 1825 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Hazırda Proqram çərçivəsində təhsilini bitirənlərin sayı 478-dir və s. Bəs, onların neçə faizi sözügedən 4 qurumun reytinq cədvəllərində «100 ən yaxşı», yaxud «200 ən yaxşı» sırasında yer alan universitetlərdə oxuyur? Maraqlı sualdır, deyilmi? Misal üçün, Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin çoxu Türkiyədə oxuyur. Onların isə 90-a yaxın universitetindən ikicəciyi ən yaxşılar sırasına daxil ola bilir. Qalanları o söz. Rusiyada da elə — onların cəmi ikisi (Moskva və Sankt-Peterburq dövlət universititetləri) ilk 200-lükdə yer alıb. Türkiyə və Rusiya ümumiyyətlə ən yaxşı ali məktəblərə malik 10 ölkə sırasında deyillər. Bu mənada və məzmunda informasiya niyə qıcıq doğurmasın ki, bu siyahılarda olan ölkələrin əksər halda dünya reytinqində «ən yaxşı» kateqoriyasında universiteti yoxdur, və əgər varsa, «bizimkilər» məhz ona deyil, o ölkənin adı «universitet», özü bizim ölkədəki olanların 90 faizi kimi əslində bir heç olan sıravi məktəbinə üz tuturlar. Yəni bu məqsəd üçün Azərbaycan dövlətinin böyük hesabla neft pullarından formalaşan büdcəsindən ayrılmış pullar son nəticədə boşuna xərclənmiş olur. Meyar o olmalıdır ki, bu pullar «ən yaxşı» kateqoriyasında yer alan universitetlərdə təhsilə xərclənməlidir. Sanbal, keyfiyyət (oxu: rəqabətqabiliyyətli) mühüm məsələdir. Çünki bu bir həyati — olum, ya ölüm məsələsidir əslində. Məgər bizim ölkədə təhsil sferasında bu məsələyə qərar verənlərin universitetlərin dünya reytinqi deyilən mahiyyətdən xəbərləri yoxmu? Əgər yoxdursa, pisdir, xəbərləri varsa və siyasəti bu şəkildə qururlarsa, onda bu millətə qarşı intellektual planda örtülü bir düşmənçilikdir. Çağdaş dünya gerçəkliyində hər şeyə keyfiyyət rakursundan baxmalı oluruq. Hərbi sferada da belədir: əgər «acından ölən» qarşı tərəf bu qədər az əhali kütləsindən alt-üst yüz min döyüş qabiliyyətli əsgər çıxarıb bizim torpaqlarda və sərhəd boyunca xəritədə bizim olan strateji yüksəkliklərdə yerləşdiribsə və biz bu qədər əhalimizlə müvafiq sayda (və sanbalda) döyüşçü yetişdirə bilmiriksə, yenə məsələ gəlib saya və sanbala dirənir. Nə olsun iki, sayımız çoxdur, sanbal ki yoxdur. Hələ ki yoxdur.

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155