Şaxta olacaq, yollar buz bağlayacaq
Mülayim havalardan sonra qış öz sərt üzünü göstərməyə başlayıb. Ölkə ərazisində şaxta olacağı, yolların buz bağlayacağı deyilir. Yol polisi sürücüləri Ağsu aşırımından istifadə etməməyə çağırır. Ötən iki gün ərzində rayonlara güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımı hissəsində, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yollarının buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb. Hazırda həmin yollar qardan və buzdan təmizlənir.
Səhər və axşam saatlarında həmin istiqamətlərdə hərəkət etməyin mümkünsüzlüyünü nəzərə alaraq, sürücülərdən alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.
Şəmkir rayonunda isə içərisində 5 nəfər olan avtomobil qar çovğununa düşüb. FHN saytına istinadən, gecə saatlarında Şəmkir rayonu, Dağ Cəyir kəndi ərazisində (rayon mərkəzindən 20 km aralı) VAZ markalı minik avtomobili qar çovğununa düşərək yoldan çıxıb. Avtomobildə olan 5 nəfər köməksiz vəziyyətdə qalıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər avtomobili təhlükəsiz əraziyə çıxarıb. Sürücü və 4 nəfər sərnişini digər avtomobillə yola salınıb.
Talış dağlarına da güclü qar yağıb. Qarın qalınlığı şəhərdə 25-30, ucqar yaşayış məntəqələrində isə 45-50 santimetr təşkil edib. Lənkəran-Lerik şosesi daimi nəzarətə götürüldüyündən avtomobillərin hərəkətində heç bir çətinlik yaranmayıb. Qar yalnız rayonun elektrik təsərrüfatına ziyan vurub. Belə ki, qarın ağırlığından elektrik dirəklərinin aşması nəticəsində rayonun 12 kəndinə enerji verilməsində fasilələr yaranıb. Həyata keçirilən tədbirlərdən sonra axşam saatlarınadək problem aradan qaldırılıb.
Lakin Bakı və Abşeron yarımadasında hələlik — yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim qərb, cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.
Azərbaycanın əksər rayonlarında yanvarın 12-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.