Muəllif:

Savaşın qaranlıq üzü

Çox eşitmiş olarsınız: «yəhudi ağlı», «alman təfəkkürü»… Ən çox da, yəqin ki, «müsəlmanın sonrakı ağlı».
Bunların hər birinin nə məna kəsb etdiyini və aralarındakı fərqi xırdalamağa ehtiyac görmürəm. Demək istədiyim odur ki, əgər «millətin ağlı» varsa, «ağlın da milləti» olmalıdır.
Bəs ədalətin necə? Onun da milləti varmı?
Bu sualın dərinliyinə İstanbulda nəşr olunan «Aqos» qəzetinin genəl yayın yönətməni, yəni baş redaktoru Rober Koptaşın «Xocalı sorumluluğu» məqalisini oxuduqdan, ardınca isə özü ilə müzakirə etdikdən sonra varıram.
Rober «o gecə orada nə olub bittiyini» bilməyən və bilmək istəməyən soydaşlarını ədalətə səsləyəndə, ermənilərin Xocalı qırğınına görə məsuliyyəti dərk etməli olduğunu yazanda, alqışlayırıq.
Mən də o cümlədən. Və yadıma bir neçə gün əvvəl gördüyüm bir telesüjet düşür.
O süjetdə Fransa parlamentinin üzvü müsyö Roşeblonun məhz Xocalı faciəsnin növbəti ildönümü günü — fevralın 26-da və məhz Milli Assambleyanın binasında «Sumqayıt hadisələrindən 25 il sonra» adlı tədbir təşkil etdiyi barədə məlumat verilirdi. Deyilirdi ki, tədbirə qatılmış iki azərbaycanlı Sumqayıt qurbanlarının xatirəsini yad etmək üçün ayağa qalxmadıqda, «biz yalnız Xocalı qurbanlarının xatirəsi üçün ayağa qalxırıq» söylədikdə, ermənilər fransız deputatı ilə birləşib onları möhkəm döyüblər.
Həm rəsmi, həm qeyri-rəsmi səviyyədə bu olaya ciddi reaksiya verdik. Zorakılığı lənətlədik, günahkarların cəzalandırılmasını tələb etdik, həmvətənlərimizin sağlamlığına görə narahatlıq keçirdik, başqalarının faciəsindən siyasi dividend qazanmaq üçün istifadə edən fransız deputatının məsuliyyəti məsələsini qaldırdıq. Bircə detal diqqətdən kənarda qaldı: azərbaycanlıların Sumqayıt qurbanlarının xatirəsini yad etmək üçün ayağa qalxmaması və Xocalı qurbanlarının xatirəsini andıqları üçün ermənilərin onları döyməsi.
Heç nəyi: nə bu iki faciənin miqyasını, nə törədilmə səbəbləri, nə də ən müxtəlif rəng və millətlərdən olan siyasətçilərin onlardan öz maraqları üçün istifadə formalarını müqayisə etmək fikrim var.
Amma söhbət faciəni törədənlərin kimliyindən və əxlaq dərəcəsindən deyil, qurbanlardan gedəndə, millətin fərqi olmur. Biz ədalətli sülh uğrunda qanlı savaşımızı davam etdirə bilərik, nə zamansa ona nail olacağıq, amma günahsız qurbanların əlləri artıq bu dünyada nə sülhə, nə də ədalətə çatacaq, onların, heç olmazsa, yad edilməyə haqqları var. Çünki bu dəhşətlər bizim ölkəmizdə, bizim vaxtımızda baş verib, vətəndaşlarımızın başına gələn faciələrdə isə hətta suçu olmayanımızın da məsuliyyəti var.
Tariximizə baxıb, görürəm ki, içimizdəki ədalət hissi və «sonrakı ağlımız» bizi nə vaxtsa dediyim yola gətirib çıxaracaq. Amma bu, sonra olacaq: Qarabağ dünyaya açıldıqdan, nifrətimiz soyuduqdan, Rober yazdığı kimi, «savaşın karanlık yüzünə» işıq düşdükdən sonra. Bəlkə, indidən başlasaq, savaşın da sonunu yaxınlaşdırmış olarıq? Ədalət və ağıl insana böyüklük və güc gətirir. Kim ədalətli və ağıllı — böyük və güclü olacaqsa, Qarabağ da ona sığınacaq.
… Cəmi iki-üç həftə əvvəl bəzi informasiya orqanlarımız Türkiyəni qınayırdı ki, ortada Qarabağ savaşı ola-ola, türk qardaşlarımız niyə orada «Aqos» kimi erməni qəzetinin çıxmasına imkan yaradırlar, niyə o qəzeti bağlamırlar? Amma Koptaşın «Xocalı sorumluluğu» yazısı çıxandan bəri elə həmin media orqanlarının nümayəndələri «Aqos»un genəl yayın yönətmənindən müsahibə almaq üçün hələ növbəyə də durublar. Hətta bundan ötrü İstanbula müxbir göndərənlər də var.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 196