Sarıqamışı unutmadıq
Bu həftə Türkiyədə Sarıqamış şəhidlərinin xatirə həftəsi idi. Sarıqamış şəhidləri məlum hərbi uğursuzluğun 98-ci ildönümündə Türkiyənin çox yerində bir çox tədbirlərlə yad edildi. Bunların ən böyüyü isə Karsın Sarıqamış bölgəsində, 90000 əsgərin 1914-cü il dekabrın sonundan 1915-ci il yanvarın əvvəlinə qədərki müddətdə donaraq can verdiyi Allahu-Əkbər dağlarına təşkil edilən yürüş oldu.
Çox soyuq hava şərtlərinə rəğmən Türkiyənin hər yerindən onminlərlə insan bu möhtəşəm yürüşdə iştirak edirdi. Qarlı dağ yolları ilə yürüşə çıxan bu insan selinin arasında Türkiyənin iç işləri naziri İdris Naim Şahin, gənclik və idman naziri Suat Kılıç və başqa yüksək vəzifəli şəxslər də vardı. Türk dünyasının müxtəlif yerlərini təmsil edən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də bu yürüş münasibətilə Sarıqamışa getmişdilər.
Serhat Boyları dərnəyi başqanı Muharrem Yıldız və İpekyolu media qrupunun başqanı Seyfullah Türksoyun təşəbbüsü ilə keçirilən «Türk dünyası Sarıkamışta buluşuyor» adlı proqrama Azərbaycandan da Zəlimxan Məmmədlinin başçılığı ilə «Borçalı» İctimai Cəmiyyətindən bir heyət, Ankaradakı Azərbaycan diasporundan Zaur BayramlI, Güney Azərbaycandan Kərim Əsgəri və başqaları da qatılanlar arasında idilər. Türk dünyasından gələn qonaqlar üçün qurulan «Türküstan» çadırında 2 gün boyunca Türk dünyasının müxtəlif problemləri, o cümlədən Qarabağ, Güney Azərbaycan, Borçalı, Şərqi Türküstan, Kərkük kimi problemler müzakirə edildi və həlli yolları ilə bağlı fikir mübadiləsi aparıldı.
Tədbirə qatılanlar əllərində bayraqlarla Allahu-Əkbər dağlarının qarlı yollarında 8 km yeriyərək şəhidlərə olan ehtiramlarını ifadə etdilər.
Xatırladaq ki, Sarıqamış hərbi hərəkatı həm Batumi anlaşmasının sonucu olaraq rusların işğalı altına keçmiş Kars, Ardahan və Artvin bölgələrini işğaldan azad etmək, həm də Qafqazı rus-erməni qətliamlarından qurtarmaq məqsədi güdürdü. Təəssüf ki, bu hərəkat sərt şaxtalar üzündən uğursuzluqla nəticələnmiş və təxminən 90 min türk əsgəri donaraq ölmüşdür. Təxminən 5000 türk əsgəri isə ruslar tərəfindən əsir götürülmüşdü. Onlardan bir qismi Xəzərdə Nargin adasına aparılmış və orada ağır günlər görmüşdülər. Bu əsirlərin bir qismini azərbaycanlı qardaşları ölümdən və əzablardan xilas etmiş, Vətənə qaçışlarını təşkil etmişdilər. Sarıqamış 1920-ci il sentyabrın 29-da, Kars isə oktyabrın 30-da Kazım Qarabəkir paşanın komandanlığındakı Şərq Cəbhəsi orduları tərəfindən işğaldan əbədi olaraq qurtarılmış, bu şanlı hərbi hadisələrdə ordunun tərkibində vuruşan və azərbaycanlılardan ibarət, 1920-ci ilin aprel çevrilişindən və Gəncə üsyanı uğursuzluğundan sonra Qarabağdan Doğu Anadoluya keçib getmiş Süvari Tatar Alayı da iştirak etmiş, şücaətlər göstərmişdilər.