Şamaxı və Ağsu zəmilərində irimiqyaslı yanğın: işə helikopterlər cəlb olunub
Şamaxı və Ağsu rayonlarında taxıl sahələrində irimiqyaslı yanğın baş verib, yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Bu gün saat 16:30 radələrində Şamaxının Çöl Göylər kəndinin taxıl sahəsində baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.
Alov qısa vaxt ərzində genişlənərək Şamaxının Bağırlı və Göylər, Ağsunun Bico, Ləngəbiz, Çaparlı kəndləri ərazisindəki taxıl sahələrini də məhv edib. Hadisə yerinə FHN Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ rayon yanğından mühafizə hissələrinin 10 maşını və 100-dən çox işçisi, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və iki helikopter cəlb edilib.
Dağlıq və dağətəyi ərazini əhatə edən yanğın axşam saat 22:00 radələrində söndürülüb. Hadisə nəticəsində Ağsu rayonu ərazisində təxminən 500 hektar, Şamaxı ərazisində isə 200 hektar biçilmiş və biçilməmiş taxıl sahəsi, otlaq ərazi, kol-kos və xırda ağaclar yanıb. Yanğının yaşayış məntəqələrinə və meşə zolağına daxil olmasının qarşısı alınıb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədir və əraziyə nəzarət olunur.
Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 16-da Şamaxı rayonunu Çöl Göylər, Hacıqədirli, Ovçulu, Bağırlı və Ağsu rayonunun Qəşər, Keçdiməz, Bico, Ləngəbiz kəndləri ərazisində taxıl sahələrində yanğın hadisəsi baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, həmçinin yanğın böyük ərazini əhatə etdiyinə görə hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin şəxsi heyəti və Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
Yanğın bəzi ərazilərdə məhdudlaşdırılıb, ayrı-ayrı sahələrdə isə söndürülmə işləri davam etdirilir (APA).