Muəllif:

Şahin Rəcəb: VMA-lar təhsilin inkişafına dəstəkdir

Hər bir uşağın ilk müəllimi və psixoloqu ilk növbədə onun valideynidir. Valideyni uşağa bağlayan bioloji-genetik faktorlarla yanaşı, psixoloji, sosial və s. faktorlar da mühümdür. Uşaq daim öz valideyninə bənzəməyə, onun xarakterini götürməyə can atır. Valideyn uşaq üçün ideal insan obrazıdır. Bu baxımdan valideynin uşağın təlim-tərbiyəsindəki rolu misilsizdir. Valideyn gərək uşağı üçün həyat təcrübəsi aşılayan örnək olsun. Uşaq valideynlə ailədə öz vaxtının əsas hissəsini keçirir, müəllimlə isə cəmi bir neçə saatını. Təbii ki, valideynin uşağa təsir imkanları daha çoxdur.
«Azərbaycan Valideyn-Müəllim Assosiasiyası» İB Təhsil Nazirliyi və UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin təşəbbüsü ilə 2003-cü ildə yaradılıb. Bu, valideynlərin məktəbə cəlb olunması, şagird-valideyn-müəllim əməkdaşlığının təşkili nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və uşaqlar üçün yararlı təhsil mühitinin formalaşdırılması missiyasını daşıyan, ABŞ-ın müvafiq sahədə təcrübə modelinə əsaslanan, ölkəmiz üçün əhəmiyyətli unikal platformadır. Bu qurumun məqsədi valideynin təlim-tədris prosesində önəmli rolunu valideynlərə aşılamaq, onların təlim-tədris prosesində aktiv iştirakını təmin etmək, məktəblərə ictimai nəzarətini təşkil etməkdir. Müsahibimiz Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İB eksperti və təlimçisi Şahin Rəcəbdir.
— Bu gün valideyn uşağın təlim-tədris prosesində nə səviyyədə iştirak edir və hansı işləri görür?
— Qurumun filialları çoxprofilli fəaliyyətlərini qurublar. Məqsəd valideyn, müəllim və şagirdləri maarifləndirərək, onların hüquqlarını qorumaqdır. Bunun üçün filiallarımız müxtəlif proqramlar həyata keçirir. Fəaliyyət istiqamətlərindən biri də uşaqların sağlamlığı, gigiyenası və təhlükəsizliyi məsələləridir. Bilirsiniz ki, bu gün məktəblərdə uşaqların mühafizəsi üçün vəsait ayrılmayıb.
Bununla bağlı ciddi narahatlıqlar vardı və valideynlər bütün sorğularda uşaqların sağlamlığı və təhlükəsizliyi məsələlərini ilk növbədə problem olaraq qeyd edirlər. Bu baxımdan filiallarımız məktəblərdə mühafizə xidmətlərinin təşkili işini müvafiq lisenziyalı şirkətlərlə müqavilə bağlamaqla həyata keçirməklə valideynlərin bu arzusunu da təmin etmişdir. Filiallarımız istedadlı uşaqların və fərqlənən müəllimlərin də stimullaşdırılması istiqamətində iş aparır, müəllimlərin xidmətinin dəyərləndirilməsi, müxtəlif mükafatların verilməsi, müəllim nüfuzunun artırılması istiqamətində KİV-də təbliğatın gücləndirilməsi, fərqlənən və istedadlı uşaqlara təqaüdlər, mükafatlar verilməsi, həvəsləndirici tədbirlər keçirilməsini də təmin edir. Ötən illərlə müqayisədə valideynlərin məktəblərə axını VMA-ların səyi nəticəsində yüksəlmişdir. Biz hesab edirik ki, VMA şəbəkəsi daha da genişlənməlidir.
— VMA-ların fəaliyyəti necə qarşılanır və qurum KİV-lə necə işləyir?
— Avropada geniş vüsət almış bu təcrübənin cəmiyyətimiz üçün yeni olduğunu və ən prioritet sahə olan, həmişə müzakirə olunan təhsil sahəsində olduğunu nəzərə alsaq, əlbəttə, buna ciddi səylər, resurslar, mətbuatın dəstəyi, valideynlərin məsələyə anlayışla yanaşması vacibdir. Hər halda görülən işlər onu göstərir ki, kiçik potensialla başlanan bu proses artıq məktəblərdə VMA şəbəkəsinin genişlənməsi ilə inkişaf edir və bir çox məktəblər var ki, orada VMA modeli məktəb iştirakçıları tərəfindən uğurlu model kimi alqışlanır. Düşünürəm ki, təhsil üçün faydalı olduğundan, bu ideya təhsil iştirakçıları arasında özünə həyat vəsiqəsi alıb, sadəcə, ardıcıl, davamlı, sistemli və düzgün maarifləndirmə işləri davam etdirilməli, öz fəaliyyətlərini vətəndaş təşəbbüsü modeli olaraq genişləndirməlidirlər. KİV-lə işə qalanda isə, bəli, düşünürük ki, bu sahədə fəaliyyəti sistemli quraq, televiziya layihələrində iştirak edək, verilişlər hazırlayaq. Valideynlərin, müəllimlərin və uşaqların buna ehtiyacı çox böyükdür. Yaxın perspektivdə Valideynlərin Təlimi Mərkəzinin yaradılmasını da düşünürük.
— Təhsil Nazirliyinə yeni rəhbərlik gəlib, əlaqələrinizi necə qurursunuz?
— Təhsil Nazirliyi ilə əməkdaşlığa xüsusi önəm veririk. Bizim qurum Təhsil Nazirliyi və UNİCEF Azərbaycan nümayəndəliyinin birgə təşəbbüsü ilə «Məktəb uşağın dostudur» layihəsinin bəhrəsidir. Bu baxımdan Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq.
— Yeni təhsil nazirinin məktəblərdə qanunsuz yığımlarla (fond pulu və s.) mübarizə ilə bağlı addımını necə qiymətləndirirsiniz? Bu addım valideynlərin məktəblərə dəstəyinin dayandırılması kimi şayiələrə gətirib çıxarmaz ki?
— Bilirsiniz ki, əvvəllər «fond pulu», «süpürgə pulu», təmir pulu, bayramlarda yığımlar adı altında istər valideynlər, istər müəllimlər, istərsə də bəzi hallarda məktəb rəhbərləri tərəfindən bəzən könüllü, bir çox hallarda da icbari təşkil edilirdi. Biz yaxşı təhsil şəraitinin yaradılmasına pis baxmırıq, bu, dünya təcrübəsində qəbul edilən, geniş tətbiq edilən vətəndaş təşəbbüsüdür. İnkişaf etmiş ölkələrdə təhsilin pullu olub-olmamasından asılı olmayaraq, valideynin əsas sərmayə qoyduğu sahə təhsildir. Valideyn hətta yüksək təhsil şəraiti olan yerlərdə belə, uşağının maksimum komfort şəraitdə təhsil almasına, təhsilin keyfiyyətinin artırılması üçün bütün ideyalara dəstək verir. Əgər bu, doğrudan da, uşağın inkişafına, təhsilinin keyfiyyətinin artırılmasına xidmət edirsə, bu, çox normal, təqdir olunan hadisədir və müasir düşüncəli insanlar bunu yüksək qiymətləndirməlidir. Belə ki, təhsilə qoyulan sərmayə insan resursunun inkişafına xidmət edir və heç zaman itmir. Lakin burada könüllülük, şəffaflıq, təmiz niyyət prinsipi önəmlidir. Təəssüf olsun ki, bir çox hallarda bu stereotiplərdən qurtula bilməyənlər bu prinsipləri gözləmir və vətəndaşın nəcib təşəbbüsü nüfuzdan salınır.
Biz heç bir halda müəllim kimi müqəddəs peşə sahibinin və ya təhsilin hədəfi olan uşaqların pul yığımı prosesində iştirakını düzgün saymırıq. Bu işdə hər hansı bir məcburiyyət qəti yolverilməzdir. Bu konteksdən yanaşanda, yeni nazirimizin qərarı və addımı cəmiyyətin sosial sifarişidir və əslində çox təqdirəlayiq hadisədir. Bu, bizim qurumun fəaliyyətinə də, əslində, böyük dəstəkdir. Belə ki, məktəb administrasiyasının valideynin maliyyə resurslarının idarə olunmasına qarışmasına qəti qadağa, bir çox məktəb direktorlarının bundan sui-istifadə etməsini birdəfəlik mümkünsüz edir. Məktəb rəhbərləri artıq VMA-nın işinə yersiz müdaxilə etmir və valideynlərin bu prosesləri özlərinin idarə etməsinə şərait yaradırlar.
Digər tərəfdən, hər bir qurumun fəaliyyətini qurmaq və inkişaf etdirmək üçün üzvlərinin üzvlük haqqı və ianələrinə ehtiyacı var. Bu «Qeyri-hökumət təşkilatları» (ictimai birliklər və fondlar) haqqında qanunvericilikdə də öz əksini tapıb. Bu fəaliyyət qurulan zaman dövlətin büdcəsinə, əgər bəzi fəaliyyət növləri varsa, müvafiq vergi gəlirləri də ödənilir, maliyyə fəaliyyəti yalnız «Mühasibat uçotu» qaydalarına müvafiq həyata keçirilir, vəsait bank vasitəsi ilə sərf olunur. Bu yaxınlarda keçirdiyimiz müşavirədə bütün VMA rəhbərlərinə xüsusi məktubla qərarımızı paylamışıq. Bu qərarda istər fəaliyyət şəffaflığı ilə bağlı, istərsə də maliyyə məsələləri ilə bağlı VMA-lara müvafiq təlimat, xüsusi göstərişlər verilmiş, sui-istifadə hallarının qarşısının alınması, könüllülük prinsipinin gözlənilməsi, maliyyə məsələlərinə xüsusi nəzarətin olacağı bəyan edilmişdir.
Toplanılmış üzvlük haqları da yalnız uşağın inkişafı, sağlamlığı, təhlükəsizliyi, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Nazirliyin tövsiyələrinə əsasən, valideyn vəsaiti məktəb binasının təmiri, tikintisi və s. adı ilə toplanıla bilməz. Bu, tam düzgün yanaşmadır.
VMA-nın əsas fəlsəfəsi maliyyə ilə bağlı deyil, əsas məsələ valideyn-müəllim-şagird əməkdaşlığını gücləndirmək, təhsil keyfiyyətini yüksəltməkdir. Həm də, maliyyə mənbələri tək üzvlük haqqından deyil, müxtəlif müsabiqələr üzrə layihələr, proqramlar, xeyriyyə tədbirlərindən, habelə sponsor yardımlarından da formalaşa bilər. VMA-ların bu istiqamətdəki təcrübəsinin artırılması üçün müvafiq təlimlər də planlaşdırırıq. O ki qaldı şayiələrə, bilirsiniz, işləməyən adam üçün şayiə həmişə var. Burada KİV-in rolu da böyükdür və valideyn-müəllim icmasının sizin dəstəyinizə də ehtiyacı çoxdur. Çünki bir də görürsən hər hansı bir jurnalist şəffaflığı sevməyənlərin yaydığı şayiə əsasında bir məqalə hazırlayır və bu məqalə tərəflərin mövqeyi öyrənilmədən, məsələni araşdırmadan qərəzli yanaşma ilə mətbuata ötürülür. Ondan sonra bunun yalan olduğunu göstərmək üçün birə-iki qat işləməli olursan. O jurnalist kiçik bir kollektivin bütün regionlarda valideynlərin, uşaqların, müəllimlərin maariflənməsi kimi ağır işi necə həyata keçirdiklərini, hansı əziyyətlərlə üzləşdiklərini gözü ilə görsə, bəlkə də, yazısına görə üzr istəyər. Məsələn, bir məqalədə şayiə yaydılar ki, VMA-lar bağlanıb. Tam cəfəngiyatdır. Əslində, heç bir filialımız bağlanmayıb, əksinə, məktəblərdə valideyn-müəllim icmalarının filial yaratmaq istəkləri daha da çoxalıb. Gəlin övladlarımızın təhsilinin inkişafına hamılıqla dəstək verək. VMA təhsilin inkişafına dəstəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 668