Sahibkarların işinə qanunsuz müdaxiləni qadağan edən qanun layihəsi bir kənara qoyuldu
Məmurların sahibkarların işinə qanunsuz müdaxiləsini qadağan edən qanun layihəsi parlamentin iyunun 21-də nəzərdə tutulan iclasının gündəliyinə salınmayıb.
Halbuki “Sahibkarların maraqlarının müdafiəsi və sahibkarlıq sahəsində keçirilən yoxlamaların tənzimlənməsi haqqında” qanun layihəsi bir müddət əvvəl komitələrin iclaslarında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Layihənin parlamentin 21 iyun plenar iclasında müzakirə çıxarılacağı gözlənilsə də, sənəd gündəliyə daxil edilməyib.
Sahibkarların maraqlarını müdafiə edən və bununla bağlı təsdiq olunacaq qaydaları pozan məmurların cəzalandırılması ilə bağlı qanun layihəsinin müzakirəsinin təxirə düşməsinə səbəb kimi layihə ilə bağlı bəzi ziddiyyətli məqamların olması göstərilir.
Yeni qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını yaratmaq, bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdır. Sənəddə bildirilir ki, bu qanun layihəsinin tələblərinə uyğun olmayan yoxlamalar hüquqi qüvvəyə malik deyil. Qanun qəbul olunduğu təqdirdə Azərbaycanda müəyyən olunmuş müddətdən kənar, yaxud vəzifəsindən sui-istifadə edərək sahibkarları yoxlayan yoxlayıcı orqanın əməkdaşları inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Layihədə göstərilən risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə, bilərəkdən, vəzifəsindən sui-istifadə edərək yoxlayanlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Hər iki halda cəzaların dərəcəsi layihə müzakirəyə çıxarılan ərəfədə məlum olacaq, hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən verilən təkliflər üzərində iş gedir. Yeni qanuna əsasən, artıq bütün yoxlayıcı orqanlar bütün sahələrdə fəaliyyət göstərən sahibkarları istədikləri vaxt deyil, qanunla müəyyən edilmiş müvafiq vaxtlarda yoxlayacaq. Yeni qanunda yoxlamaların aparılması üçün vaxt təyin olunması ilə bağlı sahibkarlıq fəaliyyəti 3 risk — aşağı, orta və yüksək risk qruplarına bölünüb. Qeyri-yeyinti sənayesi sahəsində aşağı risk qrupuna aid olan sahibkarlıq subyektləri 3 ildən bir, orta risk qrupuna aid olanlar 2 ildən bir, yüksək risk qrupuna aid olanlar isə ildə bir dəfə yoxlanacaq. Yeyinti sahəsində isə aşağı risk qrupunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 ildən bir, orta risk qrupuna aid olanlar ildə bir dəfə, yüksək risk qrupuna aid olan sahibkarlıq subyektləri isə 6 aydan bir yoxlanacaq.