Muəllif:

«Şahdəniz-2» layihəsi üzrə yeni müqavilə bağlandı

Şahdəniz tərəfdaşlığı elan edib ki, Xəzərdə Şahdəniz qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsi üçün növbəti iri müqavilə bağlanıb. BP-Azərbaycandan Trend-ə daxil olan məlumata görə, bu müqavilə Şahdəniz 2 layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsi üçündür və KBR şirkəti ilə bağlanıb.
Müqavilənin bağlanması 17 dekabr tarixində Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.

Müqavilənin dəyəri 365 milyon dollardır. Sözügedən müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.

Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir:

Bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət Şahdəniz Mərhələ 2 dəniz kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstək;

Səngəçal terminalında hər birinin gücü gündə 900 milyon kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusu və gündə təxminən 105 000 barel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətləri;

Təchizat-tədarük xidmətlərinin göstərilməsi

Layihə üzrə məlumatların idarə olunması üçün inteqrator

Qeyd edək ki, Şahdəniz Mərhələ 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub- metr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək.

Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını dekabrən 17-də elan etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq.

Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10 %), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 624