Muəllif:

Sağlamlıq imkanları məhdud uşaqların təhsilində dönüş yarana bilər

Sağlamlıq imkanları məhdud uşaqların təhsil məsələsi problem olaraq qalmaqdadır.Baxmayaraq ki, hər bir sağlamlıq imkanları məhdud uşaq sağlam uşaqlarla eyni hüquqlara, eləcə də təhsil hüququna malikdir. «Təhsil haqqında» qanunda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin — istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil hüquqları var. Lakin «Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi» İB-nin araşdırmasına görə, ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların sağlam uşaqlar kimi təhsildən yararlanması problemdir.
60 mindən 12 mini təhsil ala bilir
Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur və qalanlar isə kənarda qalır. Əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin sağlamlıq imkanları məhdud uşaqların çoxu yaşıdları ilə birlikdə təhsildən yararlana bilmir və bu da onların savadlanmasının, elmə, biliyə yiyələnməsinin qarşısını alır. Məktəbəqədər təhsildən yararlanmadıqları onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Axı məktəbəqədər təhsil hər bir uşağın həyatında önəmli mərhələdir.
«Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi» İB-nin araşdırmasına görə, uşaqların bağçaya getməsi onların sonrakı həyatına və təhsil fəaliyyətinə müsbət təsir göstərir. Məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən daha tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir. Bəs Azərbaycanda fiziki qüsurlu uşaqların məktəbəqədər təhsilə cəlb olunması nə səviyyədədir? Onlar təhsilin bu növündən kifayət qədər yararlana bilirlərmi?
Onlar üçün xüsusi bağçalar yoxdur, o birilərində isə…
Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin reabilitasiyası ilə məşğul olan «Göy qurşağı» yardım mərkəzinin direktoru Yeganə Məmmədəliyeva bildirdi ki, ölkəmizdə əlilliyi olan uşaqların məktəbəqədər təhsil səviyyəsi yox dərəcəsindədir:
Biz Təhsil Nazirliyi və UNİSEF xətti ilə normal uşaqların oxuduğu bağçalarda bir neçə qrup yaratdıq. Amma onların kütləvi şəkildə təhsil almaları üçün bu qruplar kifayət etmir. İnkluziv təhsil proqramını tətbiq etdikdə isə valideynlərin münasibəti birmənalı olmur. Sağlam inkişaf etmiş uşaqların valideynləri övladlarının əlil uşaqlarla birlikdə təhsil almalarına qarşı çıxırlar. Bunun əsas səbəbi isə onların bu istiqamətdə düzgün yönləndirilməmələridir. Buna görə də bu mövzuda valideynlər arasında maarifləndirilmə işlərinin aparılmasına böyük ehtiyac var. Çünki əgər tərbiyəçilər, ümumi qrup hazırdırsa, əlilliyi olan uşaqları ora cəlb etmişiksə, lakin normal uşaqların valideynləri bunu qəbul etmirsə, biz bunu tətbiq edə bilmərik».
Xatırladaq ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Proqrama görə, əgər bir qrupda 20 uşaq varsa, bunların ikisi və ya üçü sağlamlıq imkanları məhdud uşaqlar olmalıdır.
Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsində əsas problemlər haqqında məlumat verən Y.Məmmədəliyeva təhsildən kənar qalan əlillərin insanlarla ünsiyyətdə çətinlik çəkdiyini bildirdi: «Əlilliyi olan uşaqların təhsilə cəlb edilməsində əsas problemlərdən birincisi valideynlərin uşaqların hüquqlarını bilməməsindən irəli gəlir. Onlar elə hesab edirlər ki, əgər uşaqları qüsurludursa təhsil ala bilməz. Bir çox hallarda valideynlər belə düşünür. Ona görə də uşaqları təhsildən kənarda qalır və cəmiyyətə inteqrasiyası zəif olur».
Xarici təcrübə
Y.Məmmədəliyeva xarici təcrübənin Azərbaycanda tətbiqini gərəkli sayır: «Avropada uşaq anadan əlil doğulubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına göndərilir, 6 yaşından 18 yaşına qədər olanlar məktəblərə göndərilir, sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır».
Qanunvericilikdə boşluq var
Uşaq hüquqları üzrə ekspert Nazir Quliyev deyir ki, qanunvericilikdə boşluq var. Bu səbəbdən sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması və inkluzivliyi təmin olunmur: «Evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Burada əsas məsələ onların cəmiyyətə inteqrasiyasıdır, bunun üçün də əlil uşaq öz yaşıdları ilə birlikdə təhsil almalı və ünsiyyətə girməlidir. Bundan əlavə, sağlamlıq imkanları məhdud insanların infrastruktur baxımından problemləri var. Onların hərəkəti üçün lazımi şərait yaradılmır və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. Həm infrastruktur, həm də qanunvericilik düzgün qurulmalıdır».
Quliyevin sözlərinə görə, əlil uşaqların təhsil almaması onların gələcək həyatında böyük fəsadlar yaradır: «Əlil övladı olan hər bir ailə bilməlidir ki, uşaqların kiçik yaşlarından təhsil almaları olduqca vacib məsələdir. Çünki, uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır və gələcəkdə ailənin üzərinə yük olur, özünü cəmiyyətə yarasız insan kimi hiss edir. Ailənin gəlir gətirən üzvü isə məcbur olur ki, əmək fəaliyyətini saxlayıb uşağa baxsın. Bundan əlavə, əlillərin əmək fəaliyyəti ilə məşğul olmamaları cəmiyyətdə sosial yükün ağırlaşmasına gətirib çıxarır. Amma onlar peşə təhsili alsalar, lap kiçik yaşlarından əmək fəaliyyətinə cəlb olunsalar, cəmiyyətə faydalı insan olarlar və yükə çevrilmirlər. Təcrübələr də göstərir ki, təhsili olan fiziki qüsurlu insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onları düzgün yönləndirmək lazımdır».
Yeni proqram Nazirlər Kabinetinə təqdim olunub
Sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsilə (inkluziv təhsilə) cəlb olunması üçün UNİCEF-in texniki dəstəyi ilə «2013-2020-cu illərdə Azərbaycan Respublikasında İnkluziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı» Nazirlər Kabinetinə təqdim olunub. TN-dən verilən xəbərə görə, proqramın məqsədi bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunmasını və onların təhsil ala bilmələri üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdir. Sənəd layihəsi «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası çərçivəsində təsdiq olunması nəzərdə tutulan dövlət proqramlarının siyahısına da daxil edilib. Dövlət Proqramının təsdiq olunub reallaşacağı təqdirdə, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı problemlər həllini tapacaq.
Dövlət Proqramının əsas vəzifələri bütün təhsil pillələri üzrə inkluziv təhsilin təşkil edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi, inkluziv təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi və digər məsələlərdir.
«İnkluziv təhsil haqqında» qanun layihəsi və hazırlanıb və baxılması üçün Milli Məclisinə təqdim edilib. Orada aparılan müzakirələrdə qanun layihəsinin ayrıca qanun kimi deyil, qanun layihəsində qeyd olunanların «Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında» qanununda və «Təhsil Haqqında» qanunda müvafiq dəyişiklik yolu ilə əks olunması məqsədəmüvafiq hesab edilib. Hazırda bu məqsədlə iki hüquqşünas işə cəlb olunub. Yuxarıda adları qeyd olunan qanunlara əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlanır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2118