Muəllif:

Sabirabad kolxoz bazarı yüksək dərəcədə «siyasiləşib»

Sabirabadda maraqlı bir olay yaşanıb. Bir ölkənin siyasi tarixinə yazılacaq bir olaydır və çox ola bilsin beynəlxalq qurumların hesabatlarında yer alacaqdır. Onlar üçün göydəndüşmə bir faktdır. Belə ki, bir siyasi partiyanın fəallarının şəxsi həyətdə iclas keçirməsinə bu işə qətiyyən aidiyyəti olmayan adamlar tərəfindən pomidor və yumurta atəşi ilə əngəl törədilib. Yəqin heç kəsin ağlına gəlməzdi ki, bazarda pomidor, yumurta satmağa gəlmiş kənd əhli bu qədər siyasiləşmiş imiş. Onlar hətta partiyalarda baş verənləri az qala təfsilatı ilə bilirlərmiş… O dərəcədə ki, satmağa gətirdikləri pomidorlara və yumurtalara heyifləri gəlməyib. Bu heyrət doğuran olay barədə başqa bir mənbədən deyil, rayon İH-nin yaydığı açıqlamadan xəbər tutduq.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rayonda keçirdiyi toplantının yarımçıq saxlanılması ilə bağlı İH mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bu il aprelin 20-də saat 12.00 radələrində AXCP üzvü, Sabirabad şəhəri H. Həmidov küçəsi dalan 3, ev 16-da yaşayan Rüstəmov Sahib Cəbrayıl oğlunun həyət evində partiyanın Sabirabad rayon təşkilatı icazəsiz iclas keçirməyə cəhd göstərib: “Tədbirdə iştirak etmək üçün Bakıdan AXCP Ali Məclisinin sədri Həsən Kərimov, sədr müavini Gözəl Bayramlı, əslən Sabirabadın Xəlfəli kəndindən olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov gəlib. Onlar 30-35 nəfər yerli AXCP üzvünün iştirakı ilə həyətə daxil olarkən qonşularla aralarında mübahisə yaranıb. Tədbir nəzərdə tutulan ev bazarın ətrafında olduğundan oradakı sakinlər də tədbirin keçirilməsinə qəti etiraz edərək, gələnlərdən rayonu təcili tərk etməyi tələb ediblər. Sakinlərin tələblərinə məhəl qoymayaraq, tədbiri keçirməyə cəhd göstərdikdə isə gələnlər sakinlər tərəfindən yumurta və pomidor atəşinə tutulublar”.

Açıqlamada daha sonra Natiq Ədilovun yerli sakinlərlə münaqişə yaratdığı qeyd olunub: “Bundan sonra sabirabadlı Natiq Ədilov camaatın üzərinə hücum çəkərək, onları söyüb təhqir edib. Buna rayon sakinlərinin əks reaksiyasından sonra yaxınlıqda olan polis hadisəyə müdaxilə edərək, əhalini sakitləşdirməyə çalışıb. Vəziyyətin gərginliyini görən Bakıdan gələn AXCP nümayəndələri tələm-tələsik rayon ərazisini tərk ediblər”.

Gör Sabirabad camaatı və ələlxüsus da bazar adamları gələnlərin əlindən nə qədər qəzəbli imişlər ki, ilin-günün bu vaxtında bahalı ərzaq məhsulu sayılan pomidor və yumurtanı əsirgəməyiblər, bu qədər fədakarcasına «rasxoda» getməyi ailə büdcələrinə rəva görüblər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 274