Sabir Məmmədov «Məhkumlar»a dəvət alıb
Milli Dram Teatrının aktyoru, bu günlərdə 52 yaşı tamam olan Sabir Məmmədov teleseriala çəkilmək üçün təklif alıb. Aktyor bildirib ki, Azərbaycan teleməkanında izləyici sevgisi qazanan «Məhkumlar» bədii teleserialında Şahmar obrazını canlandıracaq. Deyir:
«Məhkumlar»a serialın rejissoru Yaşar Əhmədov dəvət etdi, mən də böyük məmnuniyyətlə çəkilməyə razılıq verdim. Əslində bu obrazın prototipini real həyatda tez-tez və canlı güzgü olan tv kanalların kriminal proqramlarında görürük. Tamaşaçılar da bilir ki, bir çox xarakterlər canlandırıb, rollar oynamışam. Ancaq düzünü desəm, ilk dəfədir belə bir obraz bəxtimə düşür».
Onun sözlərinə görə, ilk olaraq ssenari ilə tanış olub: «Yeni obrazımın adı Şahmardır. Şahmar Tünzalənin başına min oyun açan, hiylə işlədib balanı atadan ayıran və onu həbsxanaya salan ərdir. Ər-arvad arasında böyük kin, nifrət və ən çox da qisas var. Çox maraqlı, dinamik, yeni faktlar ortaya çıxara biləcək obrazdır. Artıq çəkilişlərə başlamışıq. Hər şey qaydasında gedir. Məncə, Şahmarın gəlişi ilə «Məhkumlar» serialının reytinqi daha da artacaq. Həm də bu xarakter tamaşaçılar üçün yeni olacaq. Tezliklə Şahmar «Məhkumlar»da daha böyük xariqələr yaradıb, fırtınalar qoparacaq».