Sabah “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisi açılacaq
Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisinin açılış mərasimini və “Azərbaycan el sənəti” adlı kitabın təqdimatını keçirir. Tədbir 25 oktyabr 2013-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.
Azərbaycanda xalqın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən hələ mezolit dövründə (e.ö XII-VII minilliklər) ilk təsviri sənət örnəkləri yaranmış və sonraki dönəmlərdə təkmilləşərək inkişaf etdirilmişdir. Qobustan qayaüstü təsvirlərində insan məskənin keçdiyi bütün inkişaf mərhələri, dini görüşləri, əmək fəəaliyyəti, ətraf mühitə münasibəti bədii təsvir vasitələri ilə əks etdirilmişdir.
Qədim insanlar öz əcdadlarını müxtəlif heyvan surətində təsəvvür edərək, heyvanları (maral, quş, keçi və s.) totem, onqon kimi qəbul edirdilər. Ekspozisiyada bu qəbildən olan göyərçin, tovuz quşu, keçi fiqurları nümayiş olunur.
Azərbaycanda keramika üzərində piktoqrammalar eneolit dövrünə aid edilir. Belə keramika örnəkləri arxeoloji qazıntılar zamanı Göygöl, Beyləqan, Naxçıvan, Qazax, Şabran və s. yerlərdə aşkar edilmişdir. Qədim Azərbaycanda, əsasən, xarakterik üç cür keramika istehsal olunurdu: qaracilalı, qaxma naxışlı qaracilalı və rəngli-şirəli. Bu qəbildən olan keramika örnəklərinin bəziləri məişət, bəziləri isə mərasim xarakteri daşıyırdı. Bu qablar ovçuluq, məhsuldarlıq, artım və həyat ağacı kultuna həsr edilirdi. Arxeloji qazıntılar zamanı aşkar edilmiş ilk tunc və dəmir dövrünə aid eksponatlarla yanaşı, XI-XIX yüzillərdə hazırlanmış yüksək bədii metal örnəkləri də ekspozisiyada yer almışdır.
Ekspozisiyada eyni zamanda metal, ağacdan, sümükdən, daşdan düzəldilmiş əşyalar, eləcə də xalça və xalça məmulaları, tikmələr, milli geyim nümunələri də tamaşaçıların ixtiyarına verilmişdir. Bu əşyalar məişət və gündəlik istifadə elementləri olmaqla bərabər, hər biri yüksək sənət örnəkləri kimi xalqın zövqünü, inancnı və həyata baxışlarını əks etdirir.
Sənət əsərləri üzərində ənənəvi həndəsi, nəbati naxışlarla yanaşı, klassik Şərq poezisiyasının korifeylərinin əsərlərinddən (Nizami, Firdovsi, Füzuli və s.), həmçinin nəsillərdən-nəsillərə ötürülən əfsanə və əsatirlərdən ilham alan süjetli kompozisiyalara tez-tez rast gəlinir.
Ekspozisiyada eyni zamanda XIX və XX əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan rəssamlarından Abbas Hüseyni, Əkbər Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Mir Möhsün Nəvvabın əsərləri də yer almışdır.