Muəllif:

Sabah “*.az” milli domeninin 20 illik yubileyi qeyd ediləcək

Sabah Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə milli «*.az» domeninin 20 illiyinə həsr edilmiş konfrans keçiriləcək. Tədbirdə «ICANN»-ın (Internet Corporation for Assigned Names and Numbers) və eləcə də Ukrayna və Rusiya milli domen inzibatçılarının rəhbərlərinin və təmsilçilərinin iştirakı gözlənir.

Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. Ötən vaxt ərzində «*.az» domeninin inzibatçısı «İntrans» şirkəti 5 yerli və 7 xarici qeydiyyatçı şirkət ilə əməkdaşlıq qurub.

Eyni zamanda şirkət, domen adlarının beynəlmiləlləşdirilməsi üzrə çoxdilli sistemin həyata keçirilməsi (IDN), «whois» vahid milli servis sisteminin yaradılması, qeydiyyat qiymətinin və texniki dəstəyin beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanı dünya təhlükəsiz internet sisteminin bir hissəsi edən «L-root DNS» özək serverinin Azərbaycanda işə salınması, domenlərin qeydiyyatı üzrə avtomatlaşdırılmış sistemin hazırlanma layihələrinin həyata keçirilməsinə nail olub.

Nəticə olaraq bu vaxt ərzində «*.az» domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39% (7760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son on il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur.

Növbəti mərhələdə şirkət servislərin işə salınması, o cümlədən domenlərin itirilmə hallarının qarşısını almaq üçün istifadəçilərə SMS və elektron bildirişlərin göndərilməsi, SMS vasitəsilə «whois» servisinin işə salınması, domen sahibləri üçün domenlərini idarə etmək və bildirişlərini sazlamaq üçün nəzərdə tutulan «Şəxsi kabinet»in, «Domenlərin müddətinə nəzarət» sisteminin yaradılmasını nəzərdə tutub.

Xatırladaq ki, «İntrans» şirkəti milli «*.az» domen zonasında inzibatçı fəaliyyətinə 1993-cü il avqustun 25-dən etibarən başlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121