Sabah 9 oktyabrdır – səs verəcəyik
Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri günüdür. Bülletenlərə 10 prezidentliyə namizədin adı daxil edilib: İlham Əliyev, Cəmil Həsənli və daha 8 isim. Prezident seçkiləri üzrə 5491 seçki məntəqəsi, o cümlədən diplomatik nümayəndəliklərdə 218 müvəqqəti seçki məntəqəsi yaradılıb. Seçicilərin ümumi sayı 5 milyon 145 minə yaxındır.
MSK-nin məlumatına görə, seçkiləri 40 minə yaxın yerli və xarici müşahidəçi izləyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasına isə 300-dən çox beynəlxalq müşahidəçi daxildir.
Oktyabrın 9-da, — səsvermə günü səs verənlərin sayı barədə 5 dəfə rəsmi informasiya veriləcək: saat 10.00, 12.00, 15.00, 17.00, 19.00.
Məntəqə və dairə seçki komissiyalarından səsvermənin nəticələri haqqında yekun protokollarla bağlı ümumiləşdirilmiş informasiya seçki günü və sonra MSK-nın saytında yerləşdiriləcək.
Məntəqə seçki komissiyalarından yekun protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmacaq, onlar isə seçkilərdən sonra 2 gündən gec olmayaraq (11 oktyabra qədər) yekun protokolları MSK-ya göndərəcək.
Məntəqə və dairələr üzrə protokolların üçüncü nüsxələri vətəndaşların tanış olması üçün 5 və 10 gün ərzində MSK-nin saytda yerləşdiriləcək.
Dairə seçki komissiyalarından protokollar daxil olduqdan dərhal sonra MSK seçkilərin ilkin yekunlarını elan edəcək.
Oktyabrın 19-na qədər MSK seçkilərin yekunları haqda protokolları Konstitusiya Məhkəməsinə veriləcək. Konstitusiya Məhkəməsi səsvermədən 14 gün sonra seçkilərin rəsmi yekunlarını elan edəcək.
Bundan sonra seçilmiş prezident 3 gün ərzində and içəcək və vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, oktyabrın 10-da ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyası seçkilərlə bağlı ilkin rəyini açıqlayacaq.
Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 5 milyon 145 min nəfərdən çox seçici 5 min 492 seçki məntəqəsində səs verəcək. Bunu gün Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Məzahir Pənahov bildirib ki, onlardan 219-u müvəqqəti qurulan məntəqədir.
M.Pənahov qeyd edib ki, namizədlərə pulsuz efir vaxtının verilməsindən və dövlət qəzetlərində pulsuz təbliğatdan ictimaiyyətin namizədlərlə tanış olması üçün çox effektli istifadə olundu.
MSK sədri bildirib ki, seçkilərin beynəlxalq standartlara uyğun olaraq şəffaf keçirilməsi təmin ediləcək: «Hər məntəqəyə təxminən 10 nəfər müşahidəçi düşür. Seçkilərə cəlb olunmuş bütün dövlət qurumlarına yüksək səviyyədə treninqlər keçirilib».
Müşahidəçilərin ümumi sayının 52 min olduğunu deyən sədr beynəlxalq müşahidəçilərin sayı 1400 nəfərə yaxın olduğunu bildirib. Yerli KİV nümayəndələri üçün qeydiyyat tələb olunmadığını deyən M.Pənahov əlavə edib ki, seçkiyə hazırlıq mərhələsi tam olaraq yekunlaşıb.
M.Pənahov həmçinin adı seçici siyahısında olmayan vətəndaşları narahat olmamağa çağırıb: «Dünyanın heç bir yerində ideal seçici siyahısı yoxdur. Adı seçici siyahısında olmayan seçici məntəqəyə gələrək, müvafiq sənədini göstərir, onun adı əlavə seçici siyahısına daxil edildikdən sonra bülletenlə təmin olunur və həmin vətəndaş səsvermədə iştirak edir. Əvvəlki seçkilərdə gözdən əlil olanlar üçün trafaretlər hazırlayıb məntəqələrə paylayırdıq. İndi isə ilk dəfə olaraq ayaqdan əlil seçicilər üçün şərait yaradılıb. Həmçinin, ilk dəfə olaraq Həcc ziyarətgahında məntəqə təşkil etmişik, orada seçicilərimiz rahat səs verə biləcəklər. Bu, Səudiyyə Ərəbistanı praktikasında da ilk belə təcrübə olacaq».

