Muəllif:

Saat 12:00: 36,81 faiz normal fəallıqdır. Bir seçici bir neçə bülleteni götürüb qaçıb

Saat 12:00-a olan məlumatlara əsasən, Azərbaycanda keçirilən prezident seçkilərində ən böyük seçici aktivliyi Salyan-Nefçala, Xəzər-Pirallahı, Masallı şəhər seçki dairələrindədir ki, bunlarda da göstərici 43-44 faiz təşkil edib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib.

Ən aktiv seçki dairəsi (44,83 faiz) 14 saylı Xəzər seçki dairəsi, ən passiv isə (26,64 faiz) 21 saylı Nəsimi seçki dairəsidir. Gülməmmədov deyib ki, seçkilərin gedişi ilə bağlı 36 onlayn, 69 zəng, 10 Facebook müraciəti daxil olub: «Müraciətlər əsasən vətəndaşların səs vermək istədiyi seçki məntəqələrinin yerinin müəyyən edilməsi, həmçinin rayon qeydiyyatında olduğu halda Bakıda səs vermək istəkləri ilə bağlı olub. Şikayət xarakterli məlumatlar daxil olmayıb».Qeyd edək ki, Bakı vaxtı ilə saat 12.00-a Azərbaycan prezidenti seçkilərində 1 894 050 seçici səs verib. Bu da ümumi seçicilərin 36,81 faizidir.

Əslində bu prezident seçkiləri üçün kifayət qədər yüksək fəallıqdır. Bu göstərici bizi tam qane edir. Bu, günün birinci yarısına qədər olan normal fəallıqdır — bunu isə MSK sədri Məzahir Pənahov deyib.

Seçki məntəqələri və dairələrindən hansısa şikayətlərin daxil olmasına münasibət bildirən M.Pənahov qeyd edib ki, əlbəttə, müxtəlif xaraketrli müəyyən müraciətlər olur, amma MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu rəsmi şəkildə daxil olmayıb: «Biz operativ şəkildə bütün dairələrlə həmişə əlaqə saxlayırıq. Bir belə hal olub ki, seçki məntəqəsinin birində vətəndaş KİV adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bizə bəzi məlumat gəlib ki, bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə, bu, bizə bir az təccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur».

MSK sədri deyib ki, ümumiyyətlə bir seçiciyə birdən çox bülletenə toxunmağa icazə verilmir: «Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi bizim tərəfimizdən çox ciddi araşdırılacaq».

Beynəlxalq müşahidəçilərin fəaliyyətinə münasibət bildirən M.Pənahov qeyd edib ki, hələ rəsmi şəkildə rəy bildirmək əlbəttə ki, tezdir: «Lakin bizim əldə etdiyimiz məlumatlara görə, beynəlxalq müşahidəçilər Azərbaycanın bütün regionlarında seçki məntəqələrində olurlar və yəqin ki, fikirlərini seçkilərdən sonra bildirəcəklər. Bildiyiniz kimi, beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çoxdur və biz bunu alqışlayırıq. Bu onu gösətirir ki, Azərbaycana böyük maraq var».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124