Saakaşvili: «Siyasətin «erməniləşdirilmə»sinə imkan vermək olmaz»
Mixail Saakaşvili ölkənin xarici siyasət kursunun dəyişə biləcəyi sarıdan artıq neçənci dəfədir narahatlıq bildirir. Bu dəfə isə deyib ki, Konstitusiyaya ölkənin xarici siyasət kursunun dəyişməz qalacağı barədə müddəanın daxil edilməsini son dərəcə vacib sayır.
«İnterfaks»a istinadən, Gürcüstan prezidenti düşünür ki, Konstitusiyaya Gürcüstanın heç bir postsovet birliyinə daxil olmayacağı barədə maddə salmaq lazımdır: «Konstitusiyaya bu dəyişikliyin edilməsi üçün indi parlamentdəki səslər kifayət edər, hansı ki, bu səslər adətən digər dəyişikliklərin tətbiqinə bəs etmir».
Saakaşvili, eyni zamanda, ölkənin xarici siyasət kursunun «erməniləşdirilməsinə» qarşı çıxıb: «Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumət bir sıra bəyanatlar verib. Onlardan biri ölkənin xarici siyasət kursunun «erməniləşdirilmə»si ilə bağlıdır. Yəni biz NATO və Rusiya ilə eyni məsafə saxlamalıyıq. Bu yanaşma əvvəllər Gürcüstanın xarici siyasət kursu olmayıb».
Yəni Gürcüstan buna qədər birmənalı şəkildə qərbyönlü siyasət yeridib və «eyni məsafə saxlamaq» barədə düşünməyib. İvanişvili isə Rusiya ilə əlaqələri bərpa etmək fikrindədir və artıq Gürcüstanın şərab ixracatçılarını təmsil edən bir heyət Rusiyaya getmək və şimal qonşunun baş sanitar həkimi — gürcü şərablarına qarşı mənfi mövqeyi ilə məşhur olan Onişşenko ilə görüşmək fikrindədir.
Saakaşvili Abxaziya ərazisindən dəmiryolunun açılması ehtimalını Gürcüstan siyasətinə erməni modelinin digər neqativ təsiri adlandırıb: «İrəvanda artıq dəmiryolun Abxaziya hissəsinin bərpa olunmasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması demək olacaq».
Qeyd edək ki, İvanişvilinin komandası bu məsələni gündəmdən çıxarmış kimi görünsə də, İrəvanda bu xəttin açılacağı yönündə anlaşılmaz bir nikbinlik hökm sürür.