Saakaşvili: Rusiya hər dəfə təklifləri rədd edib
Mən dəfələrlə müharibənin qarşısını almağa cəhd etmişəm, lakin Rusiya rəhbərliyi təkliflərimi rədd edib. Belə bir açıqlama ilə Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. Rustavi 2 telekanalına müsahibəsində prezident bildirib ki, gürcü tərəfi hətta Moskvaya konkret təkliflərlə heyət göndəribmiş.
“Təkliflərin mahiyyəti ondan ibarət idi ki, Gürcüstan rəsmən NATO-dan və ABŞ-la dərin münasibətlərdən imtina edəcək. Əvəzində isə Rusiya Gürcüstan ərazilərinin qaytarılması məsələsində kömək etməli idi”, — deyə o vurğulayıb.
Saakaşvili bildirib ki, Rusiya rəhbərliyinə digər təkliflər də göndərilib. O qeyd edib ki, qaçqınların Abxaziyaya qaytarılacağı təqdirdə, Gürcüstan Rusiyanın Qaqra, Pitsunda və Suxumidəki iqtisadi maraqlarını, habelə aeroport və dəniz limanından istifadəni qanuniləşdirməyə hazır idi. Bundan əlavə Gürcüstan Rusiyaya dəmir yolundan istifadəni leqallaşdırmağı və onu Ermənistan istiqamətində açmağı təklif edib.
Saakaşvili onu da əlavə edib ki, Abxaziyanın statusu məsələsinin müzakirəsinə hazır olub.
Əlavə edək ki, o vaxtlar Azərbaycan rəhbərliyi də Qarabağa dair Moskva qarşısında xüsusi güzəşt təklifləri ilə çıxış edibsə də, bunlar qəbul olunmayıb.