Saakaşvili, İvanişvili və Diokletian
Ankara
Gürcüstanın baş naziri Bdzina İvanişvili bəyan etdi ki, 3 aydan sonra, yəni yeni prezident seçiləndən sonra vəzifəsindən istefa verəcək. Düşünməyin ki, bu, Konstitusiyanın tələbidir. Postsovet məkanındakı dövlətlərdə Konstitusiyanı saya alan kimdir ki?! İstədikləri vaxt, istədikləri kimi dəyişirlər. Əllərində deyil?
Bdzina İvanişvilinin özü də partiyası parlament seçkilərində qalib gəldikdən həmən sonra Konstitusiyaya, necə deyərlər, «N» sayda dəyişikliklər etdi. Yalnız ona görə ki, siyasi opponenti olan prezident Mixail Saakaşvilinin səlahiyyətlərini məhdudlaşdırsın, baş nazirin, yəni özünün səlahiyyətlərini isə mümkün qədər genişləndirsin. Sözsüz ki, bütün bu konstitusiya islahatları «cəmiyyətin maraqları naminə» həyata keçirilirdi. Axı 90-cı illərin əvvəllərində milyardlarını qazanmış bir oliqarx üçün cəmiyyətin maraqlarından, demokratiyanın inkişafından vacib nə ola bilər ki?!
Mövcud Konstitusiyaya görə, Gürcüstan parlament respublikasıdır. Yəni prezidentin səlahiyyətləri çox məhduddur, lap Böyük Britaniya kraliçası kimi. Bütün hakimiyyət baş nazirin əlində cəmləşib. Yenə də lap Böyük Britaniyada olduğu kimi. Amma Böyük Britaniya kraliçasından fərqli olaraq Gürcüstan prezidenti ömrünün sonuna qadər taxtda qala bilməz.
Ümumiyyətlə etiraf etmək lazımdır ki, M.Saakaşvilinin bəxti heç gətirmədi. O, özü də Putinsayağı bir rotasiya hazırlayırdı. Kiçicik bir fərqlə. Putindən fərqli olaraq prezidentlik müddətinin sonu üçün Gürcüstanı parlament respublikasına çevirib, ömürlük baş nazir olmaq istəyirdi. Amma Cənubi Qafqazda «demokratiyanın mayakı» rolu ona çox baha başa gəldi. Tiflisin küçələrini müxalifət tərəfdarlarının al qanına boyayıb, özünü, daha doğrusu partiyasını seçicilərin haradasa 90 faizinin etimadını qazanmış siyasi qüvvə elan etmək əvəzinə, parlament seçkilərində siyasi opponentlərinin qələbəsini etiraf etdi.
Düşünürəm ki, bununla da postsovet məkanındakı bütün həmkarlarının qəzəbinə düçar oldu. Belə də iş olar?! İyirmi illik zəhmətləri Saakaşvilinin «demokratiyanın mayakı» imicinə qurban getdi. İyirmi il gecə-gündüz tər tökdülər ki, bu coğrafiyada bir dəfə də olsun hakimiyyət seçkilər yolu ilə dəyişməsin. Ukraynanı hesaba almaq lazım deyil. Onlar, demək olar ki, Şərqi Avropadadırlar. Cənubi Qafqaz Şərqi Avropa deyil, Şərqin özüdür. Bu məkanda nəyin həqiqət, nəyin yalan olduğunu aşkara çıxarmaq düşünüldüyü qədər sadə iş deyil.
Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarını yada salmaq kifayətdir. Putinlə iki saat söhbət edəndən sonra məlum oldu ki, sən demə, Ermənistan Gömrük İttifaqı ideyası Rusiya prezidentinin ağlına gəlməzdən öncə bu birliyin üzvü olmaq arzusunda imiş. Sadəcə olaraq, S.Sarkisyan bu arzusunu bəyan etmək üçün imkan tapa bilmirmiş. S.Sarkisyanın Avropa məkanına inteqrasiyanın Ermənistanın strateji məqsədi olduğu ilə bağlı bəyanatları isə bizim xəstə təxəyyülümüzün məhsulu imiş. Bir sözlə, Cənubi Qafqazdakı siyasi gerçəkliklərin bu cür əcaib özəllikləri var. Özü də qeyd etmək lazımdır ki, Azərbaycan istisna deyil.
Bir sözlə, Saakaşvilinin həmkarları 20 il durmadan çalışdılar, qan-tər tökdülər, idarə etdikləri toplumları özlərinin əvəzolunmazlıqlarına, demək olar ki, inandırdılar. Saakaşvili isə öz şəxsi nümunəsi ilə hər şeyi bir dəqiqənin içində alt-üst etdi.
Yenə də yada salıram ki, Gürcüstan öz Konstitusiyasına görə parlament respublikasıdır. İvanişvili də parlament seçkilərində qalib gəlmiş siyasi qüvvənin irəli sürdüyü baş nazirdir. Prezidentdən fərqli olaraq, baş nazirin hakimiyyət müddəti ilə bağlı Gürcüstan Konstitusiyasında heç bir məhdudiyyət yoxdur. Bacarırsan, on dəfə dalbadal partiyanı parlament seçkilərinin qalibi elan et və baş nazir vəzifəsində ömrünün sonuna qədər qal. Digər tərəfdən, parlament deyil, prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.
305-ci il mayın 1-də Roma imperatoru Diokletian hakimiyyətdən imtina etdi. Özü də könüllü olaraq. Düşünməyin ki, burada söhbət postsovet məkanına xas «hakimiyyətdən könüllü imtina etmək» variantından gedir. Hətta deyilənə görə, Romada «rəngli inqilab» təhlükəsi belə yoxmuş. Müasirləri onun hakimiyyəti dövrünü Romanın «qızıl əsri», imperator Diokletianın özünü isə «Allah», «bütün xalqların atası» adlandırırdılar. Diokletian bütün müharibələrə son qoydu, bütün qiyamları yatırdı. O, 16 dəfə müxtəlif dövlətlərin, o cümlədən Almaniyanın, İranın, Britaniyanın hökmdarı tituluna layiq göruldü, 22 dəfə tribun, 9 dəfə konsul seçildi. İmperatorun həkimiyyəti mütləqləşdi, dominantlaşdı.
Buraya qədər bizi, yəni nə məni, nə də oxucunu təəccübləndirəcək bir şey yoxdur. Bir sözlə, Roma İmperatoru Diokletianın davranışı ilə bizi idarə edən postsovet məkanı prezidentlərinin hökmdarlığı arasında elə bir fərq yoxdur.
Günlərin bir günü Diokletian «xalqların atası» titulundan, mütləq hakimiyyətdən imtina etdi. Romanı tərk edib, Solondakı sarayında yaşamağa başladı. Bostanında tərəvəz, xüsusilə də kələm yetişdirməyə başladı. Deyirlər ki, Diokletianın hakimiyyətdən imtina etməsinin asas səbəbi xəstəliyi imiş.
İnanmıram. Son iki min ildə insanların mənəvi dəyərlər sistemində ciddi dəyişikliklər baş verməyib. İki min ildən sonra belə hakimiyyət insan üçün çox, bəlkə də ən şirin, hətta səhhətdən şirin şeydir. Təcrübəmiz bunu sübut edir. Hətta sağalmaz xərçəng xəstəliyinə tutulanlar belə hakimiyyətdən imtina etmirlər. Məsələn, bu yaxınlarda vəfat etmiş Venesuela prezidenti Uqo Çaves kimi…
Əsl səbəbini başa düşməkdə isə zorluq çəkirəm. Amma onu bilirəm ki, bir neçə ildən sonra silahdaşları ona yenə də imperator taxtını təklif edəndə razılıq verməyib. «Əgər mənim bostanımda necə gözəl kələmlər yetişdirdiyimi öz gözlərinizlə görsəz, hakimiyyətə qayıtmağımı təklif etməzsiniz», — deyə cavab verib. Əgər dahi Mirzə Fətəli Axundovun «Aldanmış kəvakib» əsərinin qəhrəmanını nəzərə almasaq, Diokletian mütləq hakimiyyətdən könüllü imtina etmiş, deyəsən, yeganə hökmdardır.
Etibarlı mənbələrdən aldığım məlumata görə, bütün postsovet məkanı prezident adlandırılan qeyri-məhdud və düşündüklərinə görə, mütləq hakimiyyətə malik hökmdarları İvanişvilinin mümkün könüllü istefası xəbərindən yaman narahat olublar, əl-ayağa düşüblər. Bdzinanı fikrindən daşındırmaq üçün bu yaxınlarda MDB məkanı prezidentlərindən ibarət nümayəndə heyətinin gələcəyi gözlənilir. İvanişviliyə fikrindən daşınmaq üçün külli miqdarda rüşvət verməyi təklif edənlər də var. Amma bir promlemlə üzləşiblər. Rüşvətin miqdarını razılaşdıra bilmirlər. Axı söhbət, necə də olmasa, milyarderdən gedir. Düşünürdülar ki, Saakaşvilidən sonra Cənubi Qafqazda «demokratiya eksperimentləri»nə son qoyulacaq. Rahat nəfəs alacaqlar. Amma nə biləydilər ki, üzü astarından betər olacaq. İndə də İvanişvili söz verir ki, imperator Diokletianın iki min il öncəki, bu günün özündə belə sağlam məntiqlə izahı mümkün olmayan «dəliliyini» təkrar edəcək. Bu, doğrudan da, möcüzə olacaq.
Onlar qorxurlar. Qorxurlar ki, sonsuza qədər idarə etməyə hazırlaşdıqları toplumlar iki min ildən bir baş verən möcüzəni qaydaya çevirməyə çalışsınlar. Onda başları çox ağrıyacaq. Başını itirənlər də olacaq. Əminəm ki, Suriyaya müdaxilə təhlükəsi olmasaydı, bütün dünyanın diqqəti Gürcüstanda, daha doğrusu, İvanişvilidə olardı. Mən isə inanmıram. Üç aydan sonra Gürcüstanın baş naziri məqamında başqa birisini görəndən sonra bəlkə inandım. Çünki hakimiyyət çox şirin şeydir…
[email protected]
Aynanın yeni köşə rubrikasından.