S.Əkbər: Rüstəm İbrahimbəyovun qeydiyyata alınmaması…
Bu gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 3-cü sessiyası keçirilib. İlkin məlumatlara görə, gündəliyə komissiya yaradılması, yeni üzvlərin qəbulu üzrə prosedur qaydalarının müəyyən edilməsi məsələləri olub. Vahid namizədin seçki qərargahının yaradılması məsələsi də müzakirə olunub.
Milli Şuranın iclasına sədrlik edən ACP sədri Sülhəddin Əkbər brifinqdə 9 komissiya və komitənin formalaşdığını qeyd edib. Əkbər Milli Şuranın mitinq komitəsinin də formalaşdırıldığını, lakin komitə sədrinin təyin olunmadığını vurğulayıb. O bir daha qeyd edib ki, Milli Şuraya ABŞ-dan heç bir dəvət-filan olmayıb, Milli Şura üzvlərinin ABŞ-a dəvət olunması barədə xəbər həqiqətə uyğun deyil.
Yeni formalaşdırılan komitələr barədə bəzi detallar bəlli olub. Məsələn, İqtisadi komitəyə Qubad İbadoğlu, sosial komitəyə Eldar Əliyev (Liberal Partiyanın üzvü), hüquq komitəsinə Vidadi Mirkamal, beynəlxalq münasibətlər komitəsinə Gültəkin Hacıbəyli, ictimaiyyətlə əlaqələr komitəsinə Mehman Əliyev, etika komitəsinə Nurəddin Mustafayev, Qarabağ komitəsinə Cəmil Həsənli rəhbərlik edəcəklər.
Eyni zamanda, hələlik mitinqlər və kütləvi tədbirlər, qadınların və gənclərin işləri üzrə komitələr formalaşdırılmayıb. Bu məsələlər üzrə müzakirələr davam edir.
Sessiyanın gündəliyindəki ikinci məsələ DQMŞ-dən vahid namizəd olan Rüstəm İbrahimbəyovun seçki qərargahının formalaşdırılmasıdır. Əkbərin sözlərinə görə, çox güman ki, qərargaha DQMŞ aparat rəhbəri Eldar Namazov rəhbərlik edəcək.
Hakimiyyətin İbrahimbəyovun namizədliyini qeydə almayacağı təqdirdə ehtiyat namizədin irəli sürülməsi mümkünlüyünə baxılıb-baxılmaması haqqında suala cavabda Əkbər deyib: “Milli Şuranın vahid namizədi var. Onun qeydiyyata alınmaması seçki olmadığı demək olacaq”.