Muəllif:

Rüşvətxor məmurların cəzası bir qədər də ağırlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sabirabad şöbəsinin direktoru Bariz Mehdizadə, şöbə direktorunun müavini Əli Məmmədli, mərkləzin mühasibat sektorunun müdiri, baş mühasib vəzifəsində işləmiş Qəfər Əsgərov, mərkəzin ünvanlı sossial yardım və sossial münasibətlər sektorunun baş məsləhətçiləri — İsgəndər Nadirov, Anar Muradov, Hacı Rəhimov, Mehman Əsədov, Həmzə Əkbərov və mərkəzdə kompüter proqramlarının tətbiqi üzrə məsləhətçi işləmiş Mirələm Səmədovun məhkəməsi başa çatıb.
İttihama görə, Bariz Mehdizadə mərkəzin direktoru vəzifəsində işləyərkən 2008-2011-ci illərdə mərkəzin mühasibat sektorunun müdiri — baş mühasib Qəfər Əsgərov, mərkəzin direktor müavini, eyni zamanda Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun müdiri Əli Məmmədli, həmin sektorun baş məsləhətçiləri İsgəndər Nadirov, Anar Muradov, Hacı Rəhimov, Həmzə Əkbərov, Mehman Əsədov və kompüter proqramlarının tətbiqi üzrə məsləhətçi Mirələm Səmədov ilə vətəndaşlara ünvanlı dövlət sosial yardımın təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaq barədə qabaqcadan əlbir olublar.
Onlar cinayət əlaqəsinə girərək, bu dövrdə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərdən birbaşa rüşvət kimi istəyib və alıblar.
Bundan əlavə təqsirləndirilən şəxslər mərkəzə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş Sabirabad rayon sakinlərinin sənədlərindən istifadə ediblər.
Belə ki, onlar 2008-2011-ci illər ərzində tamah məqsədilə rəsmi sənədlərə və informasiya resurslarına vətəndaşların xəbəri olmadan onların adlarına yazılmış ünvanlı sosial yardım işlərinə, plastik bankomat kartlarının hazırlanması üçün “Kapital Bank” ASC Sabirabad rayon filialına ünvanlanmış sifariş məktublarına və adlı siyahılara, həmin bank filialına pul vəsaitlərinin köçürülməsini təsdiqləyən ödəniş tapşırıqlarına, mərkəzin kompüter şəbəkəsində olan ünvanlı sosial yardım məlumat bazasına bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da təqsirləndirilənlər qeyd olunan sənədlər əsasında müraciət etmiş 154 nəfər vətəndaşın adına ünvanlı dövlət sosial yardımı ayrılması ilə bağlı təyinat aparılmasına və pul vəsaitlərinin qanunsuz olaraq “Kapital Bank” ASC Sabirabad rayon filialının müvafiq hesablarına köçürülməsinə nail olublar.
Bu əməlləri ilə təqsirləndirilən şəxslər CM 179.3.1, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bariz Mehdizadə 10 il, İsgəndər Nadirov 10 il, Əli Məmmədli 9 il 6 ay, Qəfər Əsgərov 9 il, Anar Muradov 8 il 6 ay, Hacı Rəhimov 9 il, Mehman Əsədov 8 il 6 ay, Mirələm Səmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmzə Əkbərov isə 8 il 6 ay müdddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluğun təmsilçisi Azər Abbasov apelyasiya şikayəti verib.
Prokuror şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Bundan əlavə, təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Baş prokurorluğun təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılması barədə apelyasiya protesti və təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi barədə verdikləri apelyasiya şikayətləri üzrə qərar elan edilib.
Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə dəyişdiklik edilib və Baş Prokurorluğun protesti təmin edilib. Məhkəmənin çıxardığı yeni hökmə əsasən Bariz Mehdizadə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Həmzə Əkbərovun barəsində təyin edilmiş CM 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib və onun barəsində 8 il 2 ay 3 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmzə Əkbərov məhkəmə zalından həbs edilib.
Daha sonra qərarda qeyd edilir ki, digər təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib. Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri də təmin edilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 245