Rüşvətxor «komandir» 4 illiyə cəmiyyətdən təcrid olundu
Müdafiə Nazirliyinin N saylı hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsində işləmiş Kamal Ələsgərovun cinayət işi Gəncə Hərbi Məhkəməsində araşdırılıb.
Kamal Ələsgərov 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində xidmətdə olarkən 2 iyul 2012-ci il tarixdə şam yeməyindən sonra komandiri olduğu bölükdə hərbi xidmət keçmək üçün yeni gəlmiş əsgərlərlə fərdi söhbət apardığı zaman bölüyün şərti olaraq “Ağ Güney” adlanan döyüş postunda pulemyotçu vəzifəsinə təyin edilmiş əsgər Yunis Vahabova “daha şəraitli və təhlükəsiz olan və düşmənlə üzbə-üz olmayan”, şərti olaraq “Efli Qüzey” adlanan döyüş postunda qalması müqabilində özü üçün 500 manat pul istəyib.
Bundan sonra əsgər bu barədə anası ilə danışmalı olduğunu deyib. Kamal Ələsgərov öz mobil telefonunu Yunis Vahabova verib. Yunis anasına zəng edərək bu barədə Kamal Ələsgərovla danışmasını təklif edib.
Kamal Ələsgərov əsgərin anası Zəminə Babayeva ilə telefon vasitəsilə danışıb və 500 manata razılaşıblar. Onunla razılığa gəldikdən sonra 4 iyul 2012-ci il tarixdə Zəminə Babayeva ilə əlaqə saxlayan Kamal Ələsgərov qeyd olunan pulu Qazax rayonunun Kəmərli kəndində yaşayan və onunla qonşuluqda qalan Alim Qəhramanovun adına Kapital Bank Qazax rayon filialına göndərməsini xahiş edib.
Zəminə Babayeva iyulun 5-də Kapital Bank Zaqatala rayon filialına gedərək baş leytenant Kamal Ələsgərova çatacaq pulu qaynı Vahab Vahabovun adından Alim Qəhramanovun adına göndərib. Bundan sonra Kamal Ələsgərova zəng edərək bu barədə ona məlumat verib.
Kamal Ələsgərov Alim Qəhramanova pulun hansı məqsədlə və kim tərəfindən göndərildiyini gizlədərək, özü üçün onun adına pul göndərildiyi barədə məlumat verib, pulun alınması məqsədi ilə banka getməsini ondan xahiş edib. Onlar həmin məbləğdə pulu bankdan götürüblər.
Hakim Xıdır Quliyevin sədrliyi ilə keçirilən prosesdə CM 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan Kamal Ələsgərova 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.