Rüşvətlə müəllim kadrı yetişdirirmiş
Şəki Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, diplom verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin «161-Qaynar xətt» əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Nəriman Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplom verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Bu pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Nəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.
Nəriman Səmədov CM 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Nəriman Səmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.