Muəllif:

Rüşvət yığmaqdan boyun qaçıran müəllim kötəklənib

Azərbaycan Müəllimlər İnstitutu ötən həftənin şənbə günü müəllimlər arasında rüşvət alma üstündə yaranan problemə aydınlıq gətirməyə çalışıb. İnstitutun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı açıqlamasında bildirib ki, məsələ heç də mətbuatda təqdim edildiyi kimi deyil: “Şənbə günü təhsil müəssisəsinin tədris hissə müdiri, ağsaqqal Vahid Quliyev həmin universitetin gənc müəllimi Müsəllim Hümbətovla çayxanada oturublar. Vahid Quliyevin dediyi sözü Müsəllim Hümbətov təkzib edib. Belə olan halda Vahid Quliyev Müsəllim Hümbətova sillə vurub, bununla da iş bitib. Mətbuatın yazdığı kimi,  sonradan heç bir şey olmayıb. Maraqlı adamlar bundan şou yaratmaq məqsədilə məsələni şişirtmək istəyirlər. Amma orada heç bir şey olmayıb. Onların hər ikisinin elə bir səlahiyyəti yoxdur ki, imtahan sessiyası başlaması ilə əlaqədar hansısa bir iş görsünlər, nəsə ala bilsinlər. Onlar elə səlahiyyətli adamlar deyillər” (APA).

 Müəllimin Mingəçevir polisi və Təhsil Nazirliyinə müraciət etməsi məsələsinə gəlincə, A.Naxçıvanlı qeyd edib ki, bununla bağlı məlumatı yoxdur: “Amma müraciət etmək istəyirlərsə, etsinlər. Bu proses institutdan kənarda və qeyri-iş günü baş verib. Orada müəllim etikasına yaraşmayan bir hadisə olsaydı, 6-cı gün baş verməsinə baxmayaraq hansısa tədbir görərdim. Amma elə bir şey baş verməyib ki, onu şişirdəm, nəsə deyim və ya hansısa tədbir görüm”.

 

Mətbuatda yayılmış xəbərlərə əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyev elə həmin universitetin müəllimi Müsəllim Hümbətovu yanına çağırıb, imtahan sessiyasının başlandığını bildirib və tələbələrdən pul yığmasını istəyib. Tədris hissə müdirinin bu istəyindən boyun qaçıran müəllim bildirib ki, tələbələrdən rüşvət almır. Bundan sonra isə Müsəllim Hümbətov və Vahid Quliyev arasında dava başlayıb. Vahid Quliyev əlindəki alətlə müəllimin başına vurub. Hadisədən dərhal sonra Müsəllim Hümbətov məsələ ilə bağlı Mingəçevir polisinə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 239