Rüşvət istintaqından kənarlaşdırılmış prokuror Akkaş istintaqa təzyiqlərdən danışıb
Türkiyədə bu gün rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə bağlı başlamış cinayət işinin istintaqından kənarlaşdırılmış prokuror Müəmmər Akkaş istintaqa təzyiq olduğunu bildirib. Müəmmər Akkaş “Turkiye” qəzetində dərc olunmuş açıq məktubunda yazıb:
“Bu gün istintaqdan kənarlaşdırılmağımdan xəbər tutdum. Cəmiyyət bilməlidir ki, baş prokuror istintaq araşdırmasının aparılmasına mane olur, istintaqa təzyiq edilir. Şübhəli şəxslərlə bağlı tədbirlər görməyə mane olur, onların istintaqdan yayınmalarına şərait yaradır, əleyhlərinə olan dəlilləri pərdələyir. Məhkəmə qərarlarının prokurorluq tərəfindən icra edilməməsi vəzifə cinayətidir”.
Prokuror deyib ki, ictimaiyyət məhkəmənin müstəqilliyinin müdafiəsi ilə bağlı çıxış etməlidir: “Bu mürəkkəb prosesdə mən rəhbərlik başda olmaqla, bütün hüquq ictimaiyyətinin, məhkəmənin müstəqilliyinə hörmətlə yanaşmasını gözləyirəm”.
Türkiyədə rüşvət, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə yeni şübhəlilərin saxlanılması ilə bağlı sanksiya verən prokuror Müəmmər Akkaş cinayət işinin istintaqından kənarlaşdırılıb. Cinayət işinin dosyesi dekabrın 25-də aralarında hökumətə yaxın tanınmış şəxslərin, dövlət məmurlarının, iş adamlarının olduğu 30 nəfərin həbsinə və axtarışlara sanksiya verən prokuror Müəmmər Akkaşdan alınıb. İstintaqı bundan sonra İstanbul baş prokurorunun müavini Oktay Ərdoğan aparacaq.
Akkaşın imzaladığı sanksiya polis tərəfindən icra olunmayıb. Həbs olunması tələb edilən 30 nəfərin arasında baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın da olduğu iddia edilirdi.
İstanbulun baş prokuroru Turan Çolakkadı isə iddia edib ki, prokuror Akkaş səhv məlumatlar təqdim edib:
“ Mən 35 ildir ki, bu sahədə çalışıram, bu vaxtadək hələ heç kim mənə əmr etməmişdi, heç bir əmri qəbul etmərəm. Baş prokuror prokurorları təyin etmək və işdən kənarlaşdırmaq hüququna malikdir. Bizdə 200 nəfər prokuror çalışır və onların heç biri işi özbaşına qəbul edib-ata bilməz”.
Baş prokuror qeyd edib ki, prokurorluğun heç bir əməkdaşı mətbuatda müstəqil bəyanatla çıxış etməməlidir: “Bizim öz qaydalarımız və tələblərimiz var. Vəzifə təlimatında da qeyd olunub ki, mətbuata açıqlamanı yalnız baş prokuror və mətbuat katibi verə bilər. Bütün digər açıqlamalar razılaşdırılmalıdır, əks halda, xaos baş verə bilər. Bizdə istintaqı iki ilədək davam edən cinayət işləri olur və bu istintaqlar çərçivəsində mətbuata heç bir açıqlama verilmir”.