Muəllif:

Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri

Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri-bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni və əsassız ittihamlar dalğası yaradıb. Əslində cəmiyyət də, Rüstəm bəy özü də, yavaş-yavaş buna alışır ki, o, ağzını açıb-danışan kimi xalqımızın daim ayıq olan «növbətçi» vətənpərvər oğul və qızları «həqiqətin» müdafiəsinə qalxır, ilhamlarını uca göylərdən alaraq, qəzet səhifələrində və ekranlarda «zərbəçi əmək növbəsi» çəkirlər. Bəs R.İbrahimbəyov bu dəfə Qarabağ problemi ilə bağlı nə deyib ki, aləm belə qarışıb? Hər gün qəzet aldığım köşkün nurani satıcısı bu sualı yana-yana səsləndirib ətrafdakılara da eşitdirməsəydi, bəlkə heç adam bu məsələyə belə əhəmiyyət verməzdi:
— «Ay müəllim, bizim savadımız yoxdu, bəlkə siz biləsiniz! Bu kişi nə deyib axı, oxuyuram görürəm ki, gül kimi söz danışıb də… burda nə var ki? Niyə düşüblər bu adamın üstünə?!»
Mahiyyətə varanda məlum olur ki, böyük sənətkar, prinsipcə ənənəvi mövqeyindən fərqlənən təzə heç nə deməyib, bəzi dayaz «siyasətçilərin», onlarla həmfikir olan məhəlli «politoloqların», çiçəyi burnunda olan «ekspertlərin» iddia etdikləri kimi, heç bir milli marağa qarşı da çıxmayıb. Əksinə, R.İbrahimbəyov bu müsahibədə əli dünyanın nəbzi üzərində olan müasir düşüncəli bir azərbaycanlı kimi çıxış edir, bir çox işıqlı mətləblərdən, ağrılı siyasi problemlərdən danışır, ciddi ümumiləşdirmələr aparır, məsələyə dünyada gedən tendensiyalar prizmasından yanaşır. Rusca az-maz oxuya bilən, dünyanın işlərindən azacıq baş çıxaran səviyyəli adam müsahibəyə göz gəzdirən kimi dərhal anlayır ki, burada söhbət piket və iclas şüarlarından yox, ciddi dünyəvi mətləblərdən gedir. Bu da aydın nəzərə çarpır ki, kifayət qədər intellektual səviyyənin nümayiş olunduğu müsahibə atüstü hazırlanmayıb, suallar və cavablar üzərində diqqətlə düşünülüb, hər şey ciddi götür-qoy edilib.
Əlbəttə, konkret hədəfə — rus auditoriyasına ünvanlanmış bir müsahibədə R.İbrahimbəyovun SSRİ üçün nostalji keçirməsini kimsə qınayar, ona «sovet ziyalısı» deyə rişxənd edə bilər. Bəlkə də bu məqamda yazıçını anlamaq olar, çünki yetişib-şöhrətləndiyi bir sistemin, ən azı sosial ədalət baxımından bəzi üstünlükləri varıydı (hər halda quldurları vəzifə başına keçirməz, rüşvətxorluğa belə geniş meydan verməzdilər) və bunu danmaq mümkünsüzdür. Amma həzərat, başınızı qaldırıb ona yaxşı-yaxşı baxın: bu, bütün dünyanın tanıdığı Rüstəm İbrahimbəyovdur.
O, sıradan bir adam, adi qələm sahibi deyil. Uzun illər Azərbaycan kinosunun ağırlığını çiyinlərində daşımış, ədəbiyyat, teatr və kino sahəsində keçmiş SSRİ-nin, bu günsə dünyanın tanınmış simalarından biridir. Azərbaycan Kinematoqrafçıları İttifaqının sədri, Avropa Kino Akademiyası və Amerika Kinematoqrafik Elm və İncəsənət akademiyasının üzvü, nüfuzlu beynəlxalq kino festivallarının təşkilatçısı, Oskar mükafatçısı, 40-dan artıq bədii filmin, maraqlı roman və pyeslərin müəllifidir. Yəni bu adam nəyi və necə deməyi ona ağıl öyrətmək istəyənlərdən, ittihamçılardan və böhtançılardan, təhqirlə danışanlardan, həqiqətə göz yumub müsahibənin məğzini sifarişlə təhrif edənlərdən daha yaxşı bilir.
Nəsə, keçək əsas mətləbə. Dayaz adamların hamının onlar kimi düşünməməsindən rəncidə olması anlaşılandır, amma R. İbrahimbəyov kimi nəhəng bir şəxsiyyətə zorla «antiazərbaycan», «milli maraqlara qarşı çıxan», «sifariş yerinə yetirən» yarlıqları yapışdırmaq mümkünsüzdür. Onu «ölkəmizin ərazi bütövlüyünü şübhə altına almaqda» ittiham etmək də, yumşaq desək, səfehlikdir. Uzun illərdir ki, onun Qarabağ münaqişəsinə münasibəti dəyişməzdir. Hələ hadisələrin başladığı ilk illərdə görkəmli yazıçının Fransada Daşnaksütyun partiyasının rəhbərlərini tənqid etməsi, Şarl Aznavuru dialoqa çağırması, Rusiya elitasına ciddi etirazlar etməsi nə tez yaddan çıxdı?
R.İbrahimbəyov kəsərli söz, dərin fikir və konkret əməl adamıdır. Yüksək intellekti, geniş düşüncəsi və əla polemika aparmaq məharəti var, istənilən mövzuya mötəbər forma verməyi bacarır. Ssenari ustalığı ona ən adi faktı hadisəyə çevirmək imkanı verir. Onda sezdiyim ən parlaq keyfiyyətlərdən biri də bütöv bir institut qədər piar aparmaq qabiliyyətinin olmasıdır. Harada nəyi, nə vaxt və necə deməyi gözəl bilir. Ona görə də, bir sayt müsahibəsinə görə, az qala yerin altını-üstünə çevirmək istəyənlərə vaxtında mesaj verdi ki, nə özünüzü aldadın, nə də oxucuları çaşdırın. Böyük sənətçinin problemlə bağlı mövqeyi həmin mesajda bir daha aydın ifadə olunub. Yəni, R.İbrahimbəyova görə, «Ermənistanın Azərbaycanın dövlət sərhədləri daxilində ərazini işğal etməsi beynəlxalq birliyin qəti mühakiməsini tələb edən, ölkə vətəndaşlarının haqlı qəzəbinə və hiddətinə səbəb olan cinayətdir». Daha sonra «millətə xain çıxan» sənətkar bunları deyir:
» — əminəm ki, XX-XXI əsrlərdə ərazi münaqişələrinin həllinə istənilən cəhdlər kimi Ermənistanın təcavüzkar hərəkətləri bəşəriyyətə qarşı cinayətdir,
— Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə gətirib çıxaran əsl səbəblər olduqca mürəkkəb və çox dərindir və onların açıq müzakirəsi məsələnin dinc yolla həllinə xidmət edərdi;
— torpaqlar əhali ilə birlikdə qayıdır. Hansı millətdən olursa-olsun, Qarabağ sakinləri de-yure Azərbaycan vətəndaşlarıdır;
— erməni xalqı Ermənistan rəhbərliyi, onun millətçi dairələri tərəfindən başlanmış müharibənin qurbanıdır».
Qəzet köşkünün satıcısı demişkən, axı burda nə var ki? Hamının bildiyi və mətbuatda dəfələrlə yazılmış belə sadə şeyləri anlamaq üçün bəyəm böyük siyasətçi olmaq lazımdır? Deyəsən, bu suala cavabda məşhur filmdəki «sənin sifətin mənim heç xoşuma gəlmir» məşhur ifadəsini yada salmadan keçinmək olmayacaq.
Təbii ki, bütün bunlar adamda təəssüf doğurur, düşündürür və məyus edir. Onsuz da millətin ruhunu ifadə edən ziyalıları bir-bir vurub sıradan çıxardığımız bu günlərdə yaxın və uzaq çevrəmizdə məyusedici olaylar baş verir. O cümlədən Qarabağ məsələsi ilə bağlı bizə xoş olmayan xəbərlər eşidirik. Nə qədər ağır olsa da, yazını həmin xəbərlərdən biri ilə bitirmək zorundayam.
«ABŞ-ın Men ştatının Nümayəndələr Palatası və Senatı Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyan birgə qətnamə qəbul edib. Qətnamədə 1988-ci ildə bölgədə baş qaldıran separatçılıq milli azadlıq hərəkatı kimi qiymətləndirilir. Qətnamədə ABŞ prezidenti və Konqresinə «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanımağa çağırış yer alır».
Eeeyy!! Cənab deputatlar, uzaqgörən «siyasətçilər», «politoloqlar», «ekspetlər», köşə yazarları, hardasınız?
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 394