Rüstəm İbrahimbəyov: Seçkilərə bir neçə namizədlə gedək
Demokratik Qüvvələrin Milli Şurasından prezidentliyə namizəd Rüstəm İbrahimbəyov qurum üzvlərini seçkilərə bir neçə namizədlə getməyə çağırıb.
“Azərbaycanda prezident seçkiləri gününə iki aydan az vaxt qalıb. Rusiya vətəndaşlığından çıxmaqla bağlı qərarın alınması prosesinin sürətlənməsi üçün bütün səylərimi göstərirəm. Qeydiyyatıma mane olan əngəllərin aradan qaldırılmasının digər yolları da var. Bu məsələ ilə beynəlxalq hüquqşünaslar qrupu fəal şəkildə məşğuldur. Bununla belə, vahid namizədin qeydə alınmamaq təhlükəsini nəzərə alaraq, Milli Şuraya daxil olan siyasi partiyalar, hərəkat və təşəbbüs qruplarından seçki prosesində iştirak etməyə hazır olan daha bir neçə namizədin irəli sürülməsini doğru hesab edirəm.
Belə halda Milli Şura qərar verəcək: qeydiyyatdan keçənlərdən hansını demokratik qüvvələrin əsas namizədi kimi dəstəkləsin. Mənə elə gəlir ki, hadisələrin bu cür inkişafı demokratik müxalifətin uğruna imkan verəcək, ancaq bu zaman vahid namizədin irəli sürülməsi və qeydiyyatdan keçməsi məsələsində Milli Şura üzvlərinin monolitliyinin zəiflədilməməsi vacibdir. Yalnız bu halda beynəlxalq qüvvələrin dəstəyinə ümid etmək olar.
Öz tərəfimdən bu məsələnin müsbət həlli üçün sarsılmaz qətiyyətlə mübarizə aparmaq niyyətindəyəm”, — müraciətdə deyilir.
Turan-ın xəbərinə görə, artıq Təşəbbüs qrupu Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürüb. Bu gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi üzrə seçicilərin təşəbbüs qrupunun iclasında DQMŞ üzvləri və quruma daxil olan partiyaların nümayəndələri iştirak ediblər. Toplantıda 150-dən çox ictimaiyyət nümayəndəsi – siyasətçilər, hüquq müdafiəçiləri, ictimai xadimlər, mətbuat və mədəniyyət işçiləri iştirak ediblər.
Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə təşəbbüs qrupunun sədri seçilib. O həmçinin R.İbrahimbəyovun MSK-dakı səlahiyyətli nümayəndəsi seçilib. Təşəbbüs qrupu müvafiq sənədləri hazırlayaraq yaxın iki gündə MSK-ya təqdim edəcək.
DQMŞ-də hesab edirlər ki, R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq məsələsinin həll olunmaması onun namizədliyinin irəli sürülməsinə əngəl olmamalıdır. Müvafiq sənəd (vətəndaşlıqdan çıxmaq haqqında) R.İbrahimbəyovun xeyrinə 40 min seçici imzası olan imza vərəqələri ilə birlikdə təqdim oluna bilər.
“Demokartik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyovun prezident seçkilərinə bir neçə namizədin irəli sürülməsi ilə bağlı müraciətini müsbət dəyərləndirirəm”, — Müsavat Partiyasının başqanı İsa Qəmbər Turan-a bildirib.
Müsavat başqanı R.İbrahimbəyovun təklifini Milli Şuranın seçkilərdən kənar qala bilməsindən doğan narahatlıq kimi dəyərləndirib.
O qeyd edib ki, bu məsələdə ilkin olaraq heç bir partiyada təmsil olunmayan ziyalılardan birinin vahid namizəd kimi müəyyən olunmasına səy göstəriləcək. “Bu alınmadığı halda özünü seçkiyə hazır hesab edən qüvvələrin öz namizədlərini irəli sürməsi, sonrakı mərhələdə
seçkiyə 10 gün qalmış onların arasından əsas namizədin müəyyən olunması variantı üzərində düşünəcəyik”, — İ.Qəmbər bildirib.
AXCP sədri Əli Kərimli isə bu məsələ ilə bağlı MŞ-ya təkliflər hazırlayıb. O, MŞ-nin vahid namizədi R.İbrahimbəyova sona qədər dəstək verilməsini təklif edir. İmzaların toplanması üçün nəzərdə tutulan müddətin sonuna 5-6 gün qalmış belə R.İbrahimbəyovun Rusiya vətəndaşlığı problemi həll olunduğu halda belə namizədliyinin reallaşacağına ümid edilir.
R.İbrahimbəyovun Rusiya vətəndaşlığı probleminin həlli gecikdiyi halda MŞ-nin daha bir vahid namizədinin müəyyən olunması təklif edilir. Amma bu namizədə R. İbrahimbəyovun namizəd olmaq şansı yaranan kimi vahid namizədlikdən imtina etməsi şərti qoyulur. Yenidən vahid namizədi müəyyən etmək üçün hamının güzəştlərə hazır olması təklif olunur.