Muəllif:

Ruslar və biz

Moskvada «Orxan Zeynalov əhvalatı» rusların və azərbaycanlıların arasında «obıvatel» səviyyəsini aşan, siyasətə, ticarətə, ölkələrin xalqları arasında münasibətlərə ciddiyyətlə sirayət edə bilən problemlərin hələ də yaşandığını, silinib getmək istəmədiyini və hələ çox qalacağını bütün çirkin çılpaqlığı ilə üzə çıxardı. Tək «bizimkilər» deyil, bu ölkəyə üz tutan, qismətini o ölkədə arayan bütün qeyri-ruslar az qala bütün sosial problemlərin baiskarı kimi göstərilir. Öfkə, hiddət, qəzəb, kütləvi dava-dalaşlar… Bir yandan da informasiya vasitələrinin qeyri-adekvat reaksiyası, hər iki tərəfdən rəsmilərin bəsit davranışları isə yanan ocağa yağ tökmək effekti verməkdə…
Quzeydən qonşumuz ruslar bir millət olaraq sayca bizdən qat-qat çox, biz az. Rusiya böyük və güclü, Azərbaycan ərazicə kiçik və zəif. O ölkənin vətəndaşı olan azı 2 milyona yaxın soydaşımız var, Günəş altında yer axtarmaq, xalq dilində deyilsə, «bir parça çörək» dalınca oraya yollanaraq, miqrasiya qeydiyyatından keçmiş vətəndaşlarımızın sayı isə son rəqəmlərə görə 630 min… Bizim ölkədə də on minlərlə etnik rus — öz doğma vətəndaşımız yaşamaqdadır. Belə bir vəziyyətdə bir şey mübahisəsizdir — bu baş verənlər normal münasibətlər məcrasına qaytarılmalıdır. Lakin necə? Nikolay Çernışevskinin məşhur «Nə etməli?», Aleksandr Gertsenin ondan az məşhur olmayan «Kimdir müqəssir?» kimi yaşarı sualları tək rus toplumu qarşısında deyil, bu məsələdə, bu gün bizim də qarşımızda bütün ciddiliyi ilə dayanmaqdadır.
Bakıdan baxıb orada baş verənləri izlədikdə istər-istəməz özümüzə sual veririk: ruslar bütün qeyri-ruslara, o cümlədən, biz azərbaycanlılara qarşı niyə bu qədər öfkəlidir? Doğrudanmı bizimkilər bu rəftara layiqdir? Rusların bütün klassikləri slavyan qəlbini anlamağın mürəkkəbliyindən yazıblar — bəlkə bundan qaynaqlanır? Hər halda rus şairi Fyodor Tütçev hələ 200 il öncə deyirdi ki, ağlın köməyi ilə Rusiyanı anlamağa çalışmaq, onu arşınla ölçmək mənasız işdir — Rusiyaya yalnız inanmaq olar.
Rusların indiki halını anlamaq üzərində dərindən düşünmək o yana, deyəsən heç yerli-dibli düşünmürük. Buna düşünmək hissini itirmək də deyə bilərik. Amma düşünməliyik. Çünki Rusiya bizim üçün çox baxımdan strateji ölkədir və qarşıdakı onilliklərdə bu statusda qalacaq. Hələliksə, söz deməyə çalışanların bildiyi, bacardığı odur ki, özümüzü haqlı, aşırı rus milliyyətçiliyini haqsız çıxarmaqdan ötrü o saat keçmişi qurtdalayır, İkinci Cahan hərbini, Rusiya üçün etdiklərimizi, aviasiya benzini və s. kimi mövzuları xatırlayırıq. Lakin biz onda axı dünya ilə bir sırada faşizmlə — XX yüzilin taunu ilə çarpışmaya girmişdik, bu bir bəşəri missiya idi, atalarımızın bu fədakarlığını niyə rusların başına qaxmalı, minnət qoymalıyıq bilmirəm. Yəni bu arqumentləri gəlin bir kənara qoyaq.
Bu günün insanlarının törətdiyi hadisələr, bu günün səbəblərindən qaynaqlanır — Rusiyanı, onun siyasi, iqtisadi, sosial problemlərini, səhərdən axşamadək rus TV-lərində gedən mübahisələri, müzakirələri, söyüşmələri izləsək, bunları görmək və nəticə çıxarmaq heç də çətin deyil. Mənə görə, bu saat rusları hiddətə boğan odur ki, onlar daha fövqəldövlət deyillər, Mixail Qorbaçov və Boris Yeltsinin bəsirətsiz siyasəti ucbatından bu şansı əldə veriblər. Rusiyanın ətrafında Stalinin böyük qanlar bahasına Avropadan Sakit okean sahillərinə qədər qurduğu təhlükəsizlik qurşağı dağılıb — o vaxtın əlaltı dövlətlərinin hamısı indi Rusiyaya kin və etimadsızlıqla baxır. Sovetlər Birliyinin az qala yarısı qopub ayrılıb, ondan qopub ayrılanlar indi onunla hesablaşmır və öz bağımsız siyasətlərini qurmağa çalışırlar. İş o yerə qalıb ki, indiyədək qayğıkeşliklə yemlədikləri Ermənistan, öz slavyan qardaşları Ukrayna rus layihələrinə qoşulmağı istəməyərək Avropa düşərgəsinə «qaçmaq» fikrinə düşüblər. İndi dünya siyasətində Moskva ilə açıq-açığına hesablaşmırlar. Jirinovski dünən axşam qızara-qızara deyirdi ki, indi Rusiyanın üzünə tüpürən belə yoxdur, bu bir yana, balaca dövlətlərdə rus diplomatları tutub döyürlər.
Heç bilirikmi, Rusiyada alkoqolizm, narkomaniya, psixi xəstəliklər, dölsüzlük kimi fəsadların pəncəsində neçə milyon adam qıvrılmaqdadır? Hələ bu böyük ölkənin işsizlik, normal təhsil, demoqrafik problemini demirəm. Bilirikmi yüz minlərlə ağıllı rus Qərbə köçüb gedib və «beyin axını» davam edir. Rus üçün çox ağrılıdır ki, Ural dağlarından tutmuş Yapon dənizinədək şəhərləri və kəndləri — bizim tarixi Türk arealı kimi bildiyimiz bölgələri bir ucdan Çin mühacirləri doldurmaqdadır və rus buna qarşı heç nə edə bilmir. Ürcah edildiyi ümidsizlik öfkə doğurur. Bunun fəsadı özünə ziyan vurur. Necə deyərlər, rusun işi ruscadır.
Bu gün bütün Rusiya qafqazlı deyib, qafqazlı eşidir. Gündəm — qafqazlıdır. Dağların bu tərəfində — Gürcüstanda və Azərbaycanda ruslar kefdədir, dinclik içərisində öz həyatlarını yaşayırlar (Ermənistanda onlar qalmadı). Dağların o tərəfində — Dərbənddən tutmuş Rostova qədər isə rus əhalinin çoxu köçüb şimala gedib, qalanlar — tikan üstündə oturmuş kimidir. Rus çeçeni məğlub etdiyinə inanır, lakin orada rus yoxdur. Bunlar rus qüruruna toxunan şeylərdir. Quzey Qafqazda hər gün rus əsgərlər gülləyə tuş gəlir, ya da minaya düşür. Moskva və digər böyük şəhərləri isə qafqazlılar doldurub. Onların yaxşı və pis davranışları, yaxşı və pis əməlləri, sosial problemləri də özləri ilə oralara köçüb…
Bir vaxt ermənilərə inanan rus Qarabağ məsələsində onlara dəstək olmaqla, özü üçün bu sadaladıqlarımız problemləri qazanıb. Baiskar qismində isə — öz dövlət başçılarının yürütdüyü primitiv və zərərli siyasəti (məsələn, Qafqazda) deyil, daxili və xarici miqrantları görür.
Bütün bu uzundərə söhbətləri onlara izah etməyi bacaran səhnədə yoxdur… Başqa millətlər barədə bir söz deyə bilmərik, rus-azərbaycanlı münasibətlərinin sağlam zəmin üzərində oturdulması üçün bizim toplumdan da bir tərpəniş yoxdur. Bizim isteblişmentdə bu vacib məsələyə bəsit yanaşma isə heç danışılası deyil.
Geniş Avrasiya məkanında ruslarla biz türkləri və qeyri-türkləri birləşdirən, yaxınlaşmağa sövq edən çox şeylər var. Bir dəfə Heydər Əliyev iki xalq arasında münasibətlərə toxunarkən arada 20 min millətlərarası nikahın olduğunu — yəni 20 min «müqavilənin» olduğunu xatırlatmışdı — yəni biz rusları özümüzə əqrəba xalq saya bilərik. Əqrəbalıq başqa necə olur ki?
Məsələn, elə o Slavyan-Türk dualizmi. İndi nəfəsini başqa yerindən alan Mixail Qorbaçov öz sarsaqlığı ucbatından dağılmağa məhkum etdiyi Sovetlər Birliyini xilas etməyə çalışarkən Slavyan-Türk dualizmini xatırlamışdı. Lakin gec idi, bunu deyəndə artıq boğazına bağlanmış kəndir ermənilərin əlində idi.
Rusları anlamaq… Kim anlayacaq, kim anladacaq? Kim onları inandıracaq ki, bu saat onun böyür-başındakı ölkələrdən ona münasibətdə ən əxlaqi siyasəti Bakı yürüdür. Özü də 20 Yanvara, Xocalıya, Qarabağın işğalında erməninin yanında yer aldıqlarına, bu gün də işğalçının sözünü dediklərinə rəğmən…
Rusiyanı ağıl işlədib anlamaq zor bir iş olsa da, bundan başqa yol yoxdur. Fəqət… Bu saat Rusiyada ictimai fikrə təsir edə bilən isimlərlə bizimkilər arasında, hər şey bir yana, sadəcə insani münasibətlər sıfır səviyyəsindədir. Bir vaxt onların ədəbi, mədəni, ictimai elitası ilə normal insani əlaqələr saxlayan kəslər artıq dünyadan köçüb, indiki mənəviyyatı şikəst olan məzlum «yazarlar» isə bu kimi məsələlər üçün yaramırlar: onlar yatıb şirin yuxularında prezident təqaüdü görürlər ki, qarınlarını doyura bilsinlər. Bu kimi mövzularda söz demək bu yazıqların işi deyil axı… Yəni burada da işlər ruscadır.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 361