Rusiyanın yeni qanunu bizdə də siqareti bahalaşdıracaq
Gələn ilin əvvəlindən Rusiyada siqaretin 50 faizədək bahalaşacağı gözlənilir. Buna səbəb odur ki, Rusiya vətəndaşların sağlamlığı, tütün tüstüsünü təsirindən və siqaret çəkmədən qorumaq məqsədilə qanun qəbul edib. Yeni qanunda siqaret çəkməyə icazə verən məkanlar müəyyənləşdirilib və siqaret istehsalına mənfi təsir edəcək maddələr yer alib. Məsələn, hər 1000 filtrli siqaret üçün aksiz vergisinin dəyəri 820 rubla qaldırılıb. Halbuki iyunun 1-dək qüvvədə olan qanunvericilikdə bu rəqəm 550 rubl təşkil edirdi. Qeyd edək ki, qanunun bəzi maddələri gələn ilin əvvəlindən qüvvəyə minəcək.
Bu, şimal qonşumuzun tütün və tütün məhsullarına qarşı dövlət səviyyəsində aparılan mübarizəsini göstərilir. Maliyyə Nazirliyi tütün məhsulları üçün nəzərdə tutulan aksiz vergisinin artırılmasını onunla əlaqələndirib ki, aksiz vergisinin dəyəri Avropa ölkələri səviyyəsinə və Ümumdünya Səhiyyə Təşkilatının standarlarına uyğunlaşmalıdır. Yerli mətbuatın yazdığına görə, Rusiyada məktəblilər arasında təxminən 30 faiz siqaret aludəçisidir. Bu isə gələcəkdə gənclərin narkotik vasitələrə meyllənməsinə şərait yaradır. Buna görə də Rusiyada siqaretlə mübarizə çərçivəsində nəzərdə tutulan qanun layihəsi müsbət dəyərləndirilib.
Hazırda tütündən istifadə etmə dünyada ən yayılmış pis vərdişlərdən hesab olunur. ÜST hesablamalarına görə, indi dünyada 1 milyarddan çox siqaret istifadəçisi yaşayır. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəlikləri yaradaraq onları öldürür. Hər il təxminən 5 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir.
Siqaret istifadəçilərinin sayına görə, dünya ölkələri arasında Azərbaycan da ön yerləri tutur. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə hər 10 nəfərdən 7-si siqaretdən istifadə edir. Ən açınacaqlısı isə odur ki, son illər orta məktəb şagirdləri arasında siqaretdən istifadə edənlərin sayı dürmadan artır. Bu pis vərdiş xüsusilə 12-14 yaşlı yeniyetmələr arasında geniş yayılıb.
Onu da qeyd edək ki, qonşu Rusiyada qəbul olunması gözlənilən yeni qanun Rusiya ilə yanaşı, Azərbaycan bazarına da ciddi təsir göstərəcək. Vergilər Məcəlləsinə əsasən, ölkəmizdə bütün növ tütün məmulatlarına 12,5 faiz aksiz vergisi tətbiq edilir. Ölkəyə idxal olunan 3 blok siqaret aksiz vergisi tətbiq olunmadan buraxılır. Əgər ölkəyə daxil edilən tütün məhsullarının həcmi sözügedən göstəricidən çox olarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiz vergisinə cəlb edilir.
Xatırladaq ki, ilin əvvəlində ABŞ-da siqaretin qiyməti 6 faiz bahalaşdı. Bu, həm siqaret istehsalı üçün istifadə olunan xammalın qiymətinin yüksəlməsi ilə, həm də digər məhsullarda olan qiymət artımlarına uyğun olaraq tənzimlənən qiymətlərlə əlaqədar oldu. Düzdür, Amerikadan Azərbaycana o qədər də böyük həcmdə tütün məhsulu ixrac olunmurdu. Lakin bu istər-istəməz Azərbaycan bazarına təsirsiz ötüşmədi. Nəzərə alsaq ki, Rusiya həm məsafə, həm də iqtisadi münasibətlər baxımından bizə daha yaxındır, o zaman qiymət artımını proqnozlaşdırmaq elə də çətin məsələ deyil.