Rusiyadan polis qırxıqbaşların əməllərinə göz yumur
Qonşu Rusiyada baş verən bəlli olaylardan sonra orada yaşayıb işləyən Azərbaycan vətəndaşları geri qayıtmaqda davam edirlər. Lənkəran Hava Limanında Moskva-Lənkəran reysi ilə vətənə qayıtmış soydaşlarımızın söylədikləri demək olar ki, üst-üstə düşür: «Ruslar miqrantlara qarşı divan tutur, vurur, döyür, təhqir edirlər».
Moskvada miqrantların tək gəzməsi də müşkülə çevrilib. Bu, hətta onların həyatı bahasına başa gələ bilər. Bəzən onlarla qırxıqbaş bir nəfəri ya öldürür, ya da ölümcül hala salır. Qırxıqbaşları isə etdikləri cinayətə görə nə saxlayan, nə də məsuliyyətə cəlb edən var.
Azərbaycanlı miqrantların əsas problemlərindən biri də hava limanındaca xəbərdar edilmədən deportasiya olunmalarıdır. Rusiyadan, Azərbyacana uçan bütün aviareyslərdə deportasiya olunanlara rast gəlmək olur.
Lənkəran Beynəlxalq Hava Limanından APAya verilən məlumata görə, cənub bölgəsindən Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunduğu halda, Rusiyadan vətənə dönənlərin sayı çoxalıb.